Özbək müğənni Azərbaycana velosipedlə gəlir - FOTO

Özbək müğənni Azərbaycana velosipedlə gəlir - FOTO
16:27 12 Oktyabr 2016
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Özbəkistan müğənnisi Xursənd Şerov Azərbaycanın və SSRİ-nin xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin şərəfinə Daşkənddən Azərbaycana velosipedlə səfərə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu münasibətlə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yolasalma mərasimi keçirilib.

Özbəkistanın mədəniyyət və incəsənət xadimlərinin, diasporumuzun üzvlərinin, jurnalistlərin iştirak etdikləri tədbirdə Mərkəzin direktoru Samir Abbasov Xursənd Şerovun zəmanəmizin tanınmış müğənnisi Müslüm Maqomayevin pərəstişkarı olduğunu bildirib, məhz onun şərəfinə bu gün Özbəkistandan Azərbaycana velosipedlə səfərə çıxacağını qeyd edib.

S.Abbasov deyib ki, Xursənd Şerov Azərbaycan mədəniyyətinin və musiqisinin təbliği sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Fərmanına və xüsusi mükafata layiq görülüb.

Xursənd Şerov deyib ki, arzusu Müslüm Maqomayevin ana vətəni Azərbaycana velosipedlə səfər etmək, oktyabrın 25-də Bakıda Müslüm Maqomayevin anma mərasiminə qatılmaq, korifey sənətkarın məzarını ziyarət etmək və onun ölməz mahnılarını oxumaqdır.

O, Azərbaycanın Özbəkistandakı səfirliyinə və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş velosiped turunun təşkili ilə bağlı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Tədbirdə Xursənd Şerovun dünya turuna çıxması, Azərbaycan musiqisinin təbliği ilə əlaqədar fəaliyyətinə dair videomaterial nümayiş olunub.

Sonra Özbəkistan müğənnisi dahi Müslüm Maqomayevin "Azərbaycan", "Sənsiz", "Əziz Anam" mahnılarını oxuyub, Mərkəzin "Azərbaycan qızları" rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.

Daha sonra Xursənd Şerov ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında şəkil çəkdirib və velosipedlə Azərbaycana səfərə yola düşüb.

Qeyd edək ki, müğənni Səmərqənd, Buxara, Xivə şəhərlərini keçərək Türkmənistana, oradan isə Bakıya getməyi planlaşdırır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR