Azərbaycanda hərbi vəziyyət 48 saata elan edilə bilər

Azərbaycanda hərbi vəziyyət 48 saata elan edilə bilər
14:38 8 Noyabr 2016
521 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin bəzi detalları məlum olub.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, komitənin bu gün keçirilən iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Z. Oruc qeyd edib ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir: “2014-cü ilin avqustunda erməni silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində yaşanan gərginlik, verilən itkilər, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mətbuatın rolu əsas götürülməklə hərbi sirlərin qorunması və s. məsələlər qanun layihəsinin yenidən işlənməsini zəruri edib. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə köçməməsi və digər məsələlər də layihədə əksini tapıb”.

İclasda ikinci oxunuş üçün deputatların bəzi təkliləri olub. Z. Oruc qeyd edib ki, bu təkliflər hərbi vəziyyət zamanı sırf internet resursların fəaliyyətinin nizamlanması və hərbi birləşmələrlə bağlıdır: “Burada qanunsuz silahlı birləşmələrə dair məsələlər qaldırıldı. Biz təklif etdik ki, dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti tanınmasın. Bu, hazırkı qanunda yoxdur. Layihədə bu məqam da əks olunub”.

Z. Oruc bildirib ki, qanun layihəsi konseptual olaraq birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR