“İkinci həyat yoldaşım məndən 12 yaş kiçik olub” - Ruhəngiz Musəvi

“İkinci həyat yoldaşım məndən 12 yaş kiçik olub” - Ruhəngiz Musəvi
15:21 9 Noyabr 2016
613 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar artisti, müğənni-aktrisa Ruhəngiz Musəvi Femida.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Çoxları sizin Azərbaycan gözəli seçildiyinizi bilmir. Neçənci illərə təsadüf edir?

- 1976-cı ildə isə 5 aylıq “Azərbaycan" gəmisi ilə Aralıq dənizinə çıxmaq barədə göstəriş verildi. Mədəniyyət Nazirliyindən boynuma qoydular ki, bu səfərə çıxımalıyam. Natavan Şeyxovanın həyat yoldaşı Rafiq Seyidov dedi ki, səyahətə məhz sənin adını yazıblar. Təbii ki, getmək istəmirdim, gənc qız idim. Anam isə bu səfərə heç cür razı olmurdu. Uzaq səfərə çıxmağımın əleyhinə idi, çox nigaran qalırdı. Birtəhər razılığa gətirdim. İndi keçmişə baxanda deyirəm ki, nə yaxşı ki, mən bu səfərlərə qoşulmuşam. Biz estrada musiqimizi, mədəniyyətimizi, bu gəmidə təqdim edib göstərirdik. Onu da deyim ki, o vaxtlar hər müğənnini də xaricə göndərmirdilər. Beş aylıq səyahət zamanı gəmidə "Miss Kruiz" keçirildi. Orada Azərbaycan gözəli, yəni "Miss Kruiz - Miss Azərbaycan" seçildim. Məndən başqa Odessadan bir nəfər qızı seçmişdilər. Bu festivala da elə-belə sənətçilər qatılmırdılar. Hər ölkədən tanınmış müğənnilər dəvət olunmuşdu. Dünyanın bütün yerlərindən, Türkiyədən, İtaliyadan, İspaniyadan, İtaliya Afrika, ərəb ölkələrindən gəlmişdilər,

- İlk dəfə Türkiyədən olan bir insanı o gəmidə gördünüz. Nə hisslər keçirdiniz?

- Təbii ki, çox sevincli idim. O zamanlar Türkiyə bizə əlçatmaz görünürdü, onlarla ünsiyyətimiz olmamışdı, sadəcə eyni kökdən olduğumuzu duymuşduq. Amma ilk dəfə idi ki, bir Türkiyə türkü olan sənətçi gördüm.

- O gəmidə türkiyəli müğənnilərdən kimlər vardı?

- Nilufər, Nurhan Damcıoğlu, Neco və başqaları. Daha sonra Neconun "Kurtlar Vadisi" serialında Ahmet Kudret Hazarbeyoğlu rolunda çəkildiyini öyrəndim. O zamanlar Nilufər cavan qız idi. Nişanlısı skripkaçı Rza ilə gəlmişdi. Onlar “Yox, yox” mahnımı çox bəyənmişdilər, məndən tez-tez oxumağımı istəyirdilər. Hətta Nurhan Damcıoğlu ifamı xoşladığı üçün səsimi yazdı. Hər biri çox mehriban idi. Neco “Yar saçların lülə-lülə” mahnısını mənim üçün ifa edirdi . O qədər biri-birimizə bağlanmışdıq ki, ayrılanda hamının gözündə yaş var idi.

- İllər sonra qarşıladınız ?

- 1978-ci ildə Bakıda konsert verməyə gəlmişdilər, onlar arasında Nilufər yox idi, sevgilisindən də ayrılmışdı. Görüşə getməyi utansam da, getdim. Onlar deyirdilər ki, nəhayət səni tapdıq. Səhnədə də mənim haqqımda gözəl sözlər dedilər.

- Ruhəngiz xanım, həm aktrisa oldunuz, həm də müğənni. "Nəsimi" filminə dəvət almısınız. Bu barədə danışmağınızı istəyərdim.

- Tofiq Quliyevin yaradıcılıq gecəsi keçirilirdi, Rafiq Hüseynov o gecənin diktoru idi. Mənə yaxınlaşıb dedi ki, "Ruhəngiz, İsa Hüseynov istəyir ki, səni "Nəsimi" filmində Şəms roluna çəksinlər. Mən Şəmsimi tapmışam". Gözlərimə inanmadım, uşaqlıqdan çox arzu etmişdim ki, filmə çəkilim. İsa Hüseynov və filmin rejissoru Həsən Seyidbəyli ilə görüşdüm. Rasim Balayev, Şeyx Əbdül, Muxtar Maniyev hamısı şahid idi Məşqlərə getdim, fotosınaqlar da etdik, sadəcə, dedilər ki, bircə Rəşid Behbudovun icazəsini almaq qalır. Bir Allah şahid idi ki onlar mənim çəkilməyimi istəyirdilər. Çünki mənə deyirdilər ki, sənin üz cizgilərində şərq xanımı surəti var.

“Rəşid Behbudov hərdən söz atırdı, mən dillənmirdim”

- Rəşid Behbudovun bu təklifə münasibəti necə oldu?

- Razılıq vermədi. Sərt şəkildə dedi ki, bura sizin üçün kinostudiya deyil, ya get kinoya çəkil, ya da müğənniliyini et. Mən pərt oldum. Şəms rolu mənə çox yaraşırdı. Qismət olmadı, o ssenari məndə qaldı. Həsən Seyidbəyli deyirdi ki, o bir az kaprizli adamdır, razı olacağına inanmıram. Müğənnilik mənim işim idi, təbii ki, buna görə filmdə çəkilməkdən imtina etməli oldum. Düzünü desək, Rəşid Behbudovda bir az qısqanclıq vardı, Hərdən söz atırdı, mən dillənmirdim. O istəyirdi ki, ancaq onun oxuyanı olasan. Rəşid Behbudov öz solistini başqa yerdə görmək istəmirdi. Ancaq Rəşid Behbudov kimi böyük sənətkarla işlədiyimə görə çox xoşbəxtəm. Onunla bütün dünyanı gəzmişəm.

- “Baladadaşın ilk məhəbbəti” filminə necə oldu çəkildiniz?

- Rəşid Behbudov haqqında “Min bir qastrol səfəri” adlı film çəkilirdi, ona görə də bizi teatrdan azad etdilər. Həmin vaxt Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı, baletmeyster Xumar Zülfüqarova da Rəşid Behbudov teatrında da işləyidi. O, məni Dövlət Rəqs Ansamblında çalışmağa dəvət etdi. İki ay onlarla işlədim. Baxmayaraq ki, uşaqlıqdan rəqsə getmişdim, ancaq qızların bəzi hərəkətləri mənə ağır gəlirdi. Oradan ayrılıb, müğənni kimi fəaliyyətimi Azərbaycan Dövlət Flarmoniyasında davam etdirdim. O vaxt "Baladadaşın ilk məhəbbəti" filminə rejissor Fikrət Əliyev tərəfindən dəvət aldım. Məndən öncə artıq bir neçə nəfəri sınaqdan keçirmişdilər. Məni fotosınağa Telman Adıgözəlovla, Şamil Süleymanlını isə başqa bir qızla çəkdilər. Operatordan xahiş etdim ki, çəkildiyim hissəyə baxım. Özümü ekranda görəndə vuludum, həvəsim oyandı. Qızlardan məni, oğlanlardan isə Şamil Süleymanlını seçdilər,

Qayınatam açıq-saçıq səhnələri görməsin deyə tez yatmağını Allahdan istəyirdim”

- Filmdəki dəniz səhnəsinə ailənizin münasibəti necə oldu?

- Anam kinostudiya işçilərinə çox hirslənmişdi. Onlara dedi ki, qızımı dənizdə çəkib gətirmisiniz. Bəlkə də xarici səfərlərə çox çıxmışam, bu səhnələrə ötəri yanaşırdım. Anama deyirdim ki, burada nə var ki?! Hətta o səhnəni bir oğlan görüb mənə dedi ki, rejissorun qabağında diz çökərdim ki, məni sizinlə çəksin. Ailə quranda isə bu filmin çimərlik görüntüsünü görərlər deyə utanırdım Qayınatam açıq-saçıq səhnələri görməsin deyə tez yatmağını Allahdan istəyirdim. Yaxşı ki, saat 10-da yuxuya gedirdi.

- O zaman artıq tanınmış müğənni idiniz. Filmin “soundtrack”-ni niyə siz ifa etmədiniz?

- Yalçın Rzazadə o mahnıya möhürünü vurub. Mahnı yalnız film üçün oxunmuşdu. Məncə, ondan sonra heç kim o mahnını elə möhtəşəm ifa etməyib. 90-cı illərdə Yalçınla o mahnıya duet yazdırdıq. Mahnı indi də sevilir, dinlənilir.

- Daha sonra filmlərə dəvət aldınız?

- Çoxları məni “Baladadaşın ilk məhəbbəti” filmindən tanıyır, amma ilk dəfə 1972-ci ildə “Həyat bizi sınayır” filmində çəkilmişdim. Bu filmə çəkilməyimin tarixçəsi çox maraqlıdır. Onda hələ yenicə müğənniliyə başlayırdım, çox da tanınmırdım. Sumqayıtda bazar gedirdim, orada hansısa filmin çəkilişlərinin aparıldığını gördüm. Filmin rejissoru Şamil Mahmudbəyov məni görüb, dedi ki, qızım gəl səni filmə çəkim. Epizodik rola çəkildim. O vaxtlar çox gənc idim, saçımı iki hörük hörmüşdüm. Sonradan filmlərə dəvət etdilər yoldaşım icazə vermədi. Evdə həmişə qırğın gedirdi.

- Sevib ailə qurmusunuz?

- Bəli, ancaq tək sevgi rol oynamır. Hər kəs bilir ki, mənim ilk həyat yoldaşım idmançı Çingiz Eyvazov olub. O, pis insan deyildi, yaxşı insan idi. Hətta onu yoldaşı ilə evimə də qəbul etdim. Kim bunu edərdi ki? Məni tanıyanlar deyir ki, uşaq qəlblisən, çox uşağam, kövrəyəm. Onunla 10 il yaşadıq. İnsana elə gəlir ki, sevirsən, ancaq getdikcə görürsən ki, o hisslər ölür.

- Hissləriniz nə zaman öldü?

- Qızım dünyaya gələndən sonra, istəyim övladıma keçdi.

- Tək səbəb bu idi?

- Doğrudur, bəzi şeylər vardı…. Qadına hər zaman diqqət lazımdır.

- Bəlkə kimə isə diqqət göstərirdi, sizə isə yox.

- Qətiyyən. Mən onu qınamırdım, əsgərlikdən yeni gəlmişdi. Ailə məsələsində təcrübəsi yox idi, amma mən ailəcanlı olmuşam. Dost kimi ayrıldıq.

“Həyat yoldaşım müğənni Sevda Əliqızı ilə 10 il yaşayıb”

- Həyat yoldaşınız daha sonra ailə qurdu?

- Uzun müddət buna çox çalışdı. İstəyirdi ki, biz barışaq.

- Şans verdiniz?

- Övladıma görə, amma gördüm ki, alınmır. İstək varsa yaşamaq olur, yoxdursa, özünü zorlamamalısan. Yoldaşım məndən sonra qohumu ilə ailə qurdu. Onunla cəmi iki gün yaşadı. Gördü ki, ayrı qala bilmir, zəng vururdu. Ona ürəyim ağrıyırdı, çox pis vəziyyətdə idi. Mən onu qoyub getmişdim. Hətta ayrılandan sonra mənə uşağımızı görmək bəhanəsi ilə görüş təşkil edirdi. İnsanı itirədən sonra qədrini bilirlər. Daha sonra müğənni Sevda Əliqızı ilə 10 il yaşayıb. Bəziləri məni Sevda ilə bir yerdə görəndə təəcüblənir. Onlara deyirəm ki, mən özüm boşanmışam. Sevda ilə bacı kimiyik. Bu, qismətdir. Mənim qızım onlara gedib-gəlirdi. Qayınanam bütün şad günlərimdə iştrak edirdi. İndiyə qədər də o münasibət qalır.

“İkinci yoldaşım məndən 12 yaş kiçik olub”

- Amma bir ildən sonra həyatınıza bir nəfər də daxil oldu.

- Doğrudur, ikinci həyat yoldaşım məndən 12 yaş kiçik idi. Boşandığımı bildiyi üçün əvvəlcə mənə toy adı ilə mənə zəng etdi. Daha sonra bu zənglərin ardı kəsilmirdi. O, məni həqiqətən də çox sevirdi. Deyirdim ki, qəytiyyən olmaz, sən subay oğlansan, öz yaşıdın olan bir xanımla evlən. Bir ildən sonra ailə qurduq.

- Özünüzdən yaşca kiçik bir şəxslə ailə qurdunuz. Onun yaxınlarının bu nikaha münasibəti necə oldu?

- Mənə qədər heç vaxt evlənməmişdi. O insanın ilk sevgisi olmuşam. Təbii ki, ailələrində narazılq oldu. O vaxt çox çətinlik çəkdim. Onları da başa düşürdüm. Ancaq mən onların oğluna sevgidən başqa heç nə verə bilməzdim. Yaxınlarına deyirdim ki, mən oğlunuzu özümdən uzaqlaşdırıram, əl çəkmir. Evlərinə geri döndüsə də, yenə mənə qayıtdı, bu dəfə isə birdəfəlik… 10 il birgə yaşadıq. O, mənim qayğımı çəkirdi, dayaq olurdu. Sənətimi sevirdi, hara gedirdimsə mənimlə birlikdə gedirdi. Anam xəstə olanda onun qayğısına qalırdı.

- Bəs niyə ayrıldınız?

- O, iş adamı idi. Burada işləri düz gətirmədi. Ölkədən çıxıb getməyə məcbur oldu.

- İki sevgini də yaşamısınız. Hansı daha yadda qalıb?

- İkinci sevgim. Onunla yaşamaq mənim üçün çox maraqlı idi. İnanmıram ki, qarşıma bir daha belə insan çıxsın. Sona qədər o şəxsi sevdim.

- Nikahınız rəsmi idi?

- Vətəndaş nikahı ilə yaşadıq.

- Bu evlilikdən övladınız olmasını istəmədiniz?

- Ailələri övladımızın olmasını istəyirdi. Özüm istəmədim.

- Sənət aləmində belə sevgi münasibətlərinə şayiələr qoşurlar.

- Bəzi sənət yoldaşlarımdan gözü götürməyənlər olub. Onlar bu cür sevgi, diqqət görməyiblər.

- Göz yaşı ovcunda olan xanımlardansınız?

- Hər kəs məni gülərüz insan kimi tanıyır. Lakin daxilimdə başqa Ruhəngiz Musəvi də var.

- Sonuncu dəfə nə vaxt hönkürüb ağlamısınız?

- 2001-ci ilin mayın ayının 3-də, ikinci həyat yoldaşımla ayrılanda. O zaman böyük stress yaşadım. Hətta yaşamaq belə istəmirdim. Onun paltarlarını qucaqlayıb yatırdım.

- Gözəl xanımsınız, cavabsız sevgi yaşamısınız?

İlk dəfə “Həyat bizi sınayır” filmində baş rolda çəkilən Fikrət Quliyevi sevmişəm. O vaxt 18 yaşım vardı. Amma o mənə dost kimi yanaşıb. Ona zəng vururdum, səsini dinləyirdim, açıqcalar, məktublar göndərirdim, Onsuz dayana bilmirdim, çox pak siması var idi. Fikrət mənə deyirdi ki, bu, keçicidir. Aradan 1-2 il keçdi, mənimlə görüşdü və etiraf etdi ki, həyatımın ən böyük səhvini səninlə evlənməməkdə etdim. Hətta o mənə evlilik təklifi də etdi. Artıq hər şey gec idi.

“Məni sevənlərin hamısı öldü”

- Sizi sevənlərin bəxti gətirib.

- Mənə pis təsir edən odur ki, məni kim sevibsə, ölüb. Toylarda bəzən mənə yaxınlaşıb deyirlər ki, Ruhəngiz xanım qardaşım sizi çox sevirdi, amma indi rəhmətə gedib. Bu yaxınlarda da bir neçə nəfər eyni sözləri dedi.

- Yenidən ailə qurmağı düşünmürsünüz?

- Təklik çox çətindir, gərək qarşına elə bir adam çıxsın ki, o insana arxalana biləsən. İndiki zamnda əsl sevgi azıdır. Təklif edənlər çoxdur. Təkliyə çox öyrəşmişəm. Qadın pişik kimi şeydir, sevəndə bağlanır. 10 ili sevgi ilə yaşadım, o istək mənə bəs edir. İndi məni yaşadan sənətimdir. Həyat yoldaşım da, sevgim də sənətimdir.

- Sevgiyə qul olmağa dəyər?

- İkinci həyat yoldaşımı sevmişəm. Necə istəyib, elə yaşamışam. O sevgiyə qul olmağa dəyərdi.

- Eşitdiyimə görə tanınmış bir sənətçinin ilk sevgisi olmusunuz?

- Cavanlıqda çoxlarının ilk sevgisi olmuşam. Mənə görə oxşarım olan qadınla evlənənlər olub. Mənim bunda günahım var?! Mənə elçi düşənlər çox olub. Hətta elçi gələndə eyvandan düşüb qaçmışam.

“Feysbuk"da sevgi etirafı edənlərin çoxu cavanlardı”

- Sosial şəbəkələrdə aktiv istifadəçilərdənsiniz. Paylaşımlarınızın altında sizin haqda yazılmış mənfi rəyləri silirsiniz?

Xoş sözlər yazırlar. Nadir hallarda yazırlar. Silməyə ehtiyac olmur.

- "Feysbuk"da sizə sevgi etirafı ediblər?

- Cavab vermirəm. Onlara deyirəm ki, məni müğənni kimi sevə bilərsiniz.

- Daha çox hansı yaş qrupudur?

- Əksəriyyəti məndən yaşca cavanlardı. Yaşlı adamlar hörmət edirlər.

- Parolunuzu sizdən başqa bilən varmı?

- Nəvəm bilir.

- Bəzi müğənnilər sosial yönümlü proqramlarda kimlərinsə ailə məsələlərini ekspert qismində müzakirə edir.

- Bu, düzgün deyil. İxtisaslaşmış insanlar ekspert kimi rəy bildirə bilər. Məni öz həyatımdan danışmağım üçün bu tipli proqramlara dəvət ediblər, ancaq oturub dinləmişəm. Bəzi müğənnilər var ki, öz ailəsinin probelmini həll edə bilmir qaldı ki, kiminsə həyatını müzakirə edə.

- Gənc müğənnilərdən bəyəndikləriniz var?

- Bəyəndiklərim var. Ad çəksəm, unutduqlarım ola bilər. Gənc müğənnilər istəyərdim ki, böyük-kiçik yeri bilsinlər Ümumiyyətlə, hər aşığın bir dövranı var, Brilliant Dadaşova, Zülfiyyə Xanabayeva və başqaları bir vaxt parladı, indi də Röya parlayır. Bu da keçicidir. Aygün Kazımovanı çox sevirəm, əsl sənət adamıdır. Azərbaycana şounu o gətirib. Aygün nə etsə qəbulumuzudur, o sənət üçün yaranıb, ürəkli qadındır.

“Floraya görə İlhaməni toya çağırmadım”

- Sağlığında İlhamə Quliyevanın bir neçə mahnısına müraciət etmisiniz. Sizə qarşı qadağa qoymuşdu?

- İlhamə Quliyeva ilə yaxın olmuşuq, bir zamanlar məni evinə qonaq dəvət edib. Öz əlləri ilə yemək də bişirib. Onun bir çox mahnılarını oxumuşam, heç vaxt qadağa qoymayıb. Həmişə efirdə deyirdi ki, səni çox istəyirəm. Sonuncu dəfə xəstəxanada yanına getdim, yanında əyləşdirib xoş sözlər dedi. Hətta Flora xanımla yaxın idim deyə, İlhamə Quliyevanı qızımın toyuna dəvət etmədim. Fikirləşdim ki, Flora xanımın xoşuna gəlməz. Amma İlhamə xanım mənə heç nə demədi. Ümumiyyətlə onu qınamırdım, o, bilirdi, kimə ilişir. İndikilər özlərində çox razılıq edəndə, onları yerində otuzudururdu. İlhamə Quliyevadan çəkinirdilər.

- Sənət aləmindən kimlərlə soyuq münasibətləriniz olub?

- Heç kimlə işim olmadığı kimi, elə bilirdim ki, kimin isə də mənlə işi olmaz. Sən demə, yanılmışam. Sənə yaxın olan insanların gözü səni götürmür.

- Dost xəyanəti ilə üzləşmisiniz?

- Dost demək olmazdı, ancaq telefonla əlaqə saxlamışam. Mən Allahımdan razıyam, insanlar tərəfindən sevilirəm, verilişlərə dəvət alıram, çağrılmayan yerə getmirəm. Özümə sığışdırmaram ki, hansısa verlişə zəng edib deyim ki, məni qonaq çağırsınlar.

- “Sənə olan eşqimi sənə də alçaltmaram”. Bu sözləri ünvanladığınız şəxs olub?

- İndi sevgi yoxdur, bağlanmaq var…


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR