Azərbaycan silah alışına milyardlar xərcləyir

Azərbaycan silah alışına milyardlar xərcləyir
16:12 23 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bloomberg" agentliyinin məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Agentlik qeyd edir ki, Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

"Ermənistan "İskəndər" raket kompleksləri aldığı halda, Azərbaycan İsraildən "kamikadze" PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir", - deyə məlumatda qeyd olunub.

Milli.Az azvison.az-a istinadən xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib ki, Azərbaycanın aldığı silahlarla bağlı "Bloomberg"in açıqladığı rəqəmlər reallığı əks etdirir.

Millət vəkili bildirib ki, ötən dövr ərzində dövlət büdcəsinin ümumi strukturunda hərbi xərclər ilk yeri tutub. Deputatın sözlərinə görə, Azərbaycan silahlanmaya xərclədiyi vəsaitləri heç vaxt gizlətməyib. 

"Neftdən əldə olunan vəsaitlərin böyük hissəsinin hərbi sahəyə yönəldilməsi erməni işğalı ilə bağlıdır. 20 faiz ərazisi işğal edilmiş bir ölkənin sülhpərvər siyasət aparması təəccüblü olardı. Bu dövr ərzində ölkənin hərbi qüdrəti artmasaydı, təhlükəsizliklə bağlı real tədbirlər görülməsəydi, Qarabağ məsələsinin gələcəyini təsəvvür etmək o qədər də çətin olmazdı. 

Hərbiləşdirmə bizim arzu etdiyimiz gələcək deyil. Amma bölgədə hərbiləşdirmə prosesi işğal reallığına bağlıdır. Aprel döyüşlərindən sonra daha əminliklə demək olur ki, bizim bu illər ərzində hərbi siyasətimiz düzgün aparılıb. Ordumuzun gücünə böyük inam var. Bu inam cəmiyyətə güclü təsir edir".

Deputatın sözlərinə görə, "Bloomberg" agentliyinin açıqladığı statistikaya diqqət etdikdə görürük ki, 10 il ərzində Azərbaycan hərbi sahəyə 22 milyard, Ermənistan isə 5 milyard ayırıb: "Qarşı tərəfin rəqəmlərinə şübhə etmək olar. Çünki bir çox hallarda onlar vəsaitləri ödəməyiblər. Ermənistanın büdcə ayırmalarında ordunun xərci 300 milyon dolları keçməyib. Bu vəsait isə 3 milyarddan artıq olmalı deyil. Rəqəmin 5 milyard olması şübhə doğurur. Hər gün atəşkəsin pozulduğu şəraitdə atılan güllələrin yerini doldurmaq üçün Ermənistan mütləq xalqın boğazından kəsməlidir. Çünki onların təbii resusları yoxdur. Hər ötən il Azərbaycan hərbi imkanlarını genişləndirdikcə, qarşı tərəfin iqtisadi problemləri bir qədər də dərinləşəcək. Bu konteksdə ermənilərin yeni silah almaq şansı sıfıra bərabərdir". 

Azərbaycanın növbəti il üçün dövlət büdcəsindən hərbiyə ayrılan xərcinlərə gəlincə, millət vəkili bildirib ki, bu rəqəm 2.6 milyarda yaxındır: 
"Düşünürəm ki, hərbi sfera ilə beynəlxalq əlaqələrimiz, Pakistan və İsraildən hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı xərclər davam edəcək. Belə ki, ermənilər cəbhə xəttində döyüşü uda bilməyəcəklərini görüb, Bakıya və Mingəçevirə, strateji kommunikasiya sistemlərinə yönəlmiş hərbi siyasətlə çıxış etmək düşüncəsindədirlər. İşğlçılar "İsgəndər-M" və digər bu tipli raketləri "hansısa hədəfləri vuracağıq" - deyə təhdidedici mövqedədir. Bu baxımdan gələn ilin hərbi büdcəsində əsasən xaricdən mühüm strateji müdafiə sistemlərinin alınması ilə bağlı xərclər əsas yer alacaq. Həmçinin ordunun modernləşməsi və Azərbaycan Silahlı Qüvvələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində büdcə xərcləri nəzərdə tutulub. Düşünürəm ki, 2017-ci ildə Azərbaycanda müxtəlif büdcə vəsaitlərində ixtisarlar baş versə də, bu Azərbaycan Silahlı Qüvvələrinə aid edilməyəcək".

Politoloq Elxan Şahinoğlu xatırladıb ki, "Bloomberg" agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib.

"Ermənistana anlamalıdır ki, bu qədər silah və sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Faktiki Azərbaycan gələcək hərbi toqquşmaya hazırlaşır. İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı. Əksinə, ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin "paket həll" variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək". 

Onun sözlərinə görə, hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil: "Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan da Rusiyanın "Sputnik" agentliyinə verdiyi son müsahibədə etiraf edib. Sarkisyanın ən böyük etirafı o idi ki, Ermənistanın silah almağa pulu yoxdur. Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR