Dekabrın 9 -da, saat 5:00 radələrində Ələt-Astara
magistralının rayonun Qumbaşı kəndi ərazisindən keçən hissəsində
dəhşətli yol qəzası olub. Lənkəran şəhər sakini Mirhüseyn Mirəziz
oğlu Ocaqovun idarə etdiyi “Opel-Astra” idarəetməni itirərək, yolun
sağ tərəfində dayanmış “Qazel” ilə toqquşub. Daha sonra yolda
hərəkətdə olan digər “Ford” markalı minik avtomobili qəzaya uğramış
“Opel-Astra”ya çırpılıb.
“Opel-Astra”nın müxtəlif dərəcəli bədən xəsarətləri almış
sərnişini, Lənkəran şəhər sakini, 32 yaşlı Anar Telman oğlu
Rəhmanov və sürücüsü Mirhüseyn Ocaqov avtomobildən çıxarılaraq,
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin Anar
Rəhmanov yarı yolda dünyasını dəyişib. Onun meyiti müayinə
olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil
verilib. Mirhüseyn Ocaqovun vəziyyəti isə orta-ağır
qiymətləndirilir. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması
səbəbindən baş verdiyi bildirilir.
Bu hadisə ilə bağlı AzVision.az -a qəribə məlumatlar daxil olub.
Bildirilir ki, qəza zamanı həyatını itirən mərhum Anar Rəhmanov
Lənkəranda çox tanınmış, nüfuzlu bir gənc olub. O, bir neçə il
həbsxanada məhkum həyatı yaşayıb. Bir müddət öncə isə azalığına
qovuşub. O da bildirilir ki, mərhum Anar Rəhmanov bir neçə ay öncə
İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən
Lənkəranskinin (Canıyev) yaxın “adamı” olub.
“Son vaxtlar Lənkəranda qəribə hadisələr baş verir.
Lənkəranskinin yaxın adamları bir-bir yoxa çıxır, həbs olunur,
bəziləri isə qəribə formada ölür. Bəlkə də Lənkəranskinin yaxın
ətrafına qarşı kimlərsə əməliyyat keçirir. Anar Rəhmanov da
tanınmış, hörməti olan bir gənc idi. Ona “Krıtı Anar” deyirdilər.
Onu hər kəs Rövşənin yaxın adamı kimi tanıyırdı. O, təxminən 7-8 il
həbdsə yatıb. Bu ilin iyun ayında isə azadlığa buraxılmışdı.
Kriminal aləmdə də hörməti vardı. Onun ölümü çox müəmmalı şəkildə
baş verdi. Bəlkə də bu, Rövşənin adamlarına qarşı hazırlanmış bir
hadisədir”.
Mərhum Anar Rəhmanovun yas məclisində də hadisə ilə bağlı qəribə
fikirlər səsləndirilib. Bildirilir ki, A.Rəhimovun olduğu
“Opel-Astra”nın sürücüsü hadisədən sonra yoxa çıxıb: “Televiziyada
sürücü Mirhüseyn Ocaqovun da ağır vəziyyətdə Lənkəran Şəhər Mərkəzi
Xəstəxanasına gətirildiyi qeyd olunur. Halbuki, o, xəstəxanaya
aparılmayıb. Hazırda heç kəs sürücünün yerini bilmir”.
Deyildiyinə görə, “Krıtı” Anarın üstündə olan pul, telefonları və
bəzi əşyaları yoxa çıxıb. Onu da Rövşənin məzarının yaxınlığında,
Kiçik Bazar qəbirstanlığına dəfn ediblər. Dəfndən bir neçə saat
sonra qəbrstanlığa yad, əvvələr heç kəsin görmədiyi insanlar gəlib,
ziyarət edib, gediblər. Onların “oğru aləmi”nin nümayəndələri
olduğu söylənilir.
Lənkəran Şəhər Mərkəzi Xəstəxanasından hadisənin baş verdiyini
təsdiqləyiblər: “Anar Rəhmanov xəstəxanaya gətirilən zaman artıq
keçinmişdi. Morqa göndərdik. Həmin tarixidə xəstəxanamıza, qəbul
şöbəsinə və yaxud reanimasiyaya heç kəs gətirilməyib”.
Lənkaran şəhər hüquq-mühafizə orqanları isə AzVision.az -a yalnız
qəza faktını təsdiqləməklə kifayətləndilər.
Amma məsələ təkcə bununla bitmir. Dekabrın 21-də axşam
saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən
keçən hissəsində dəhşətli qətl hadisəsi törədilib. Lənkəran rayon
sakini, 23 yaşlı Murad Əfqan oğlu Quluzadə 37 yaşlı Rusiya
Federasiyası vətəndaşı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü
avtomobilə avtomatla 10 dəfədən çox atəş açıb. Fariz İsmayılov
hadisə yerindəcə keçinib. Hadisədən sonra M.Quluzadə könüllü
şəkildə Lənkəran polis şöbəsinə gələrək, təslim olub və hadisəni
törədərkən istifadə etdiyi "UZİ" markalı silahı, 7 ədəd gülləni
təhvil verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış
zamanı oradan 25 ədəd giliz də aşkar edilərək,
götürülüb.
Daha sonra məlum olub ki, qətlə yetirilmiş Fariz İsmayılov
lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu ilin
iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter
Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı
killer Emil Hüseynov tərəfindən güllələnərək, qətlə yetirilib.
23 dekabrda gecə saat 3 radələrində isə Hollandiyada yerləşən
“Staay Food Group Holding” topdansatış tərəvəz bazarında insident
baş verib. Silahlı naməlum şəxslər topdansatış meyvə bazasına hücum
ediblər. Sözügedən tərəvəz bazasına çeçen əsilli "kriminal
avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət
Qastəmirov nəzarət edir. Onun Türkiyədə qətlə yetirilən ən
azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski)
ortağı olduğu bildirilir. Lənkəranskinin ölümündən sonra ona məxsus
bəzi obyeklərə rəhbərlik edir.
Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri
yaralanıb. Silahlı şəxslər də xəsarət alıblar. Hadisə yerinə gələn
Amsterdam polisi "kriminal avtoritet"ə silahlı hücum edən iki
nəfəri saxlayıb. Onların 30-35 yaşlarında olan azərbaycanlı və
çeçen olduqları bildirilir.
Bu ilin oktyabr ayının ikinci həftəsində Lənkəran
Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin
Muradovda “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 8 ədəd
patron aşkarlanaraq, götürülmüşdü. Mediada Seyfəddin Muradov
Lənkəranın “palajeniyasına baxan şəxs” kimi təqdim edilib. Onun da
Rövşən Lənkəranskinin (Canıyev) yaxın adamı olduğu
bildirilir.
Daha bir həbs xəbəri isə ölkə xaricindən - yəni Rusiyanın Tula
şəhərindən gəlib. Belə ki, şəhər polisinin keçirdiyi əməliyyat
zamanı 2 “qanuni oğru” saxlanılıb. Saxlanılan şəxslər Lyoşa Tulski
və Roman Barindir. Onlar da Rövşən Lənkəranskiyə yaxın şəxslər kimi
tanınıblar. L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına
nəzarətçi (“smotryaşiy”) təyin edilibmiş. Onların üzərində 2 ədəd
tapança və narkotik vasitə aşkar edilib.
Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru”
Hacıbaba Talıbxanlı isə bir neçə ay öncə Türkiyədə həbs edilib.
Rövşən Canıyevin “sağ əli” sayılan Hacı Beyləqanski Lənkəranskinin
qətlində şübhəli bilinərək, Türkiyənin hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb. Bir müddət öncə isə azadlığa buraxılıb.
“Rosbalt” agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə isə,
Rövşən Lənkəranskinin öldürülməsində məqsəd Moskvada güllələnən
“göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq olub. Mənbənin
məlumatına görə, Rövşən Canıyev İstanbulda öldürüldükdən sonra
Rusiya xəfiyyələri qətlin yaxından araşdırılmasına başlayıblar.
Məlum olub ki, “göyərti kralı”nın öldürülməsinə iki killer cəlb
olunub və həmin şəxslər Lənkaranskinin klanının üzvü olublar.
Bundan başqa, gizli agentlər onu da aydınlaşdırıblar ki, “göyərti
kralı” Canpoladın öldürüləməsini Lənkəranski şəxsən tapşırıbmış.
Canpolad Şamiloğlu qətlə yetirildikdən sonra onun qohumları və
tərəfdarları Rövşən Lənkəranskiyə qarşı “qan intiqamını” elan
edərək, barəsində ölüm hökmü çıxarıblar. Hökmün icrası deyəsən,
hələ də davam edir.