Bismilləhir-Rahmənir-Rahim!

Bəhsimiz Allahın insana olan məhəbbəti, sevgisi mövzusundadır. Neçə bəhsdir ki, bu mövzularda danışırıq. Bizə bir mühüm həqiqəti unutdurublar və biz qəflət etmişik ki, Allah öz bəndələrini sevir. Sevgisi fövqəl dərəcədədir. Hətta, büdrəyən, günah edən bəndələrə də sevgisi var. Onlara xəbər göndərir ki, ümidlərini Allahın rəhmətindən üzməsinlər.

Qurani-Kərimdə Allahın sevgisini bəyan etdiyi kəslər

Ötən bəhsimizdə Allahın səbir edənlərə olan sevgisindən danışdıq. Qeyd etdik ki, Allah Təala Qurani-Kərimdə səbir edənləri sevməsini bəyan edir. Bu bəhsimizdə Allah Təalanın sevgisi, xüsusi məhəbbəti olan növbəti qrup insanlar - təqvalılar barədə danışacağıq. Qurani-Kərimdə müxtəlif yerlərdə, müxtəlif buyuruşlarda Allah Təala təqvalılara, müttəqilərə öz sevgisini bəyan edir. Qurani-Kərimdə "Tövbə" surəsində bir neçə dəfə buyurulur: "Həqiqətən Allah Təala təqvalıları sevir". Eyni zamanda "Ali-İmran" surəsinin 76-cı ayəsində Rəbbimiz buyurur: "Şübhəsiz, Allah Təala təqvalıları sevir". Biz görürük ki, Rəbbimiz bu həqiqəti, bu mövzunu, təqvalıları, təqvalılığı sevməsini bəyan edir.

Təqva nədir?

Təqva - çox ciddi mövzulardan biridir. Təəssüflər olsun ki, Sovet dövründə gündəlik dilimizdə faktiki olaraq çox az istifadə olunmağa başlanmışdı. Hətta tərcümələrdə də təqvalı, müttəqi, təqva sözləri az çatdırılırdı. Amma, şükürlər olsun ki, bir neçə on ilə təqva sözü də artıq həm inanclı mühitinin dilində oturuşmağa başladı, həm toplum anlamağa başladı. Müttəqi, təqva sözləri artıq dilimizdə də Qurani-Kərim terminolojisi olaraq tam istifadə edilməyə başlayıb. Bu sözü "qorxanlar", "pəhriz edənlər" olaraq tərcümə edərkən, Qurani-Kərimdə olan bütün o mənəvi yükü çatdırmaq mümkün olmur, bu anlayışın bir hissəsi, bir çaları çatdırılır. Bəzən də sui-istifadələrə, kimlərinsə yanlış nəticələndirmələrinə gətirib çıxardır. Ona görə də ilk olaraq təqva sözününün özünün mənasına toxunmaq - mühüm və əhəmiyyətlidir.
Allah Təala Qurani-Kərimdə buyurur ki, müttəqiləri, təqvaya riayət edənləri sevir. Burada adı keçən təqva insanda olan xüsusi bir haldır. Əxlaq ustadları bu halla bağlı verdikləri izah və açılımda bildirirlər ki, bu, bir İlahi xofdur. Bu, bir ürkək qorxudur ki, "günahlar edərəm - Allahın hüzurunda itirərəm" və ya "itaət etmərəm - acı aqibətlərə tərəf gedib çıxaram" kimi bazisə əsaslanır. Bu cür bir nurani anlayışdır. İnsanda olan elə bir mənəvi halətdir ki, insan o mənəvi halətə malik olsa, İlahi itaətə tərəf hərəkət edər. İnsanda o mənəvi halət olmasa, insan heç bir nailiyyət əldə etməz. Belə halda insan etdiyinin fərqində olmur, qəflətdə olur, quru-quru dünya həyatını yaşamış olur. Amma o mənəvi haləti olsa, Allah bəyənən işlərə tərəf, Allaha itaətə tərəf can atar və səy edər, çalışar ki, günahdan uzaq olsun. Bunun bünövrəsində həmin o İlahi xof, Allahdan çəkinmə durur və bu, insanda onu Allaha bəndəliyə tərəf yönəldən halın olmasına tərəf gətirib çıxarır, bununla insan günahdan çəkinir.

Həzrət Əli (ə) təqvanın üç mühüm xüsusiyyətini çatdırır

Təqva ilə bağlı bir neçə önəmli xüsusiyyətə toxunmaq olduqca zəruridir. Təqva elə bir haldır ki, həm niyyətlə bağlantısı var, həm bizim hər mənada arzularımızla bağlıdır, həm də bizim əməllərimiz və yaranan fürsətlərimizlə bağlıdır. Həzrət Əmirəlmöminin (ə) bizlərə mühüm bir həqiqəti çatdırır. Təqvalılarda olması zəruri olan üç əlamətdən söz açır. "Təqvalı insanın üç mühüm əlaməti var. Təqvalı insanın:
əməllərində ixlas olar,
arzuları qısa olar,
fürsətlər qənimət bilinər".
Buyuruşdan da göründüyü kimi, təqvanın birinci şərti - əməllə bağlıdır. Əməldə ixlas - təqvanın birinci dərəcəli göstəricisidir. Təqvalı insanın həyata keçirdiyi bütün əməllər yalnız Allah üçün olar. Əgər əmələ qatqı olsa, insanların fikirləri, düşüncələri, insanlara görə olan səbəblər də qatılsa, bu əməl ixlaslı durumdan çıxmış olar və bununla da təqva halı aradan gedər. Təqvanın ən önəmli xüsusiyyəti budur ki, əməl ixlasla birgə olsun. Əməl xalis olsun, Allah üçün olsun. İnsanlar üçün olanda, əməl davamlı olmur. Çünki, insanlar özləri, onların baxışları, düşüncələri, yanaşmaları davamlı deyil. Allah üçün isə əməl davamlı olur və insanın aqibətinə də faydası olur. İxlaslı olan əməl bizimlə əbədi mövcud olur.

Arzular qısalmadan təqvaya çatılmaz

Təqvanın ikinci önəmli xüsusiyyəti - arzuların qısalığıdır. Bizim evimizi yıxan ən ciddi məsələ - arzuların uzunluğu ilə bağlıdır. Nə olacaq, sonra nə olacaq, daha sonra necə olacaq və s. Əxlaq mütəxəssisləri bəyan edirlər ki, insanların materialistik uzunmüddətli proqnozlaşdırmaları, yəni uzun arzular onları məhv edən mövzulardan biridir. Bəlkə heç həmin uzun arzuların həyata keçməsinin şəraiti, vəziyyəti yaranmayacaq, ərsəyə gəlib çıxmayacaq?! Amma o uzun arzular insanı bugünkü Allah bəndəsi kimi yaşamaqdan ayıran bir amildir. O insan ki, arzularını qısalda bilər, bu günün düşüncəsi ilə, bu gün Allaha necə bəndə ola bilməyin fikri ilə yaşasa, təqvaya yiyələnə bilər.
Bəzən insan on, iyirmi, əlli il sonra uşağının vəziyyətinin necə olacağını düşünür, amma düşünmür ki, mən nəinki on il, heç sabahı görməyə bilərəm. İnsan düşünməlidir ki, bu gün mən uşaq üçün nə edim. Bunu da dünya ilə bağlı düşünməməlidir, övladının Allah bəndəsi kimi, əxlaqlı, tərbiyəli, savadlı olması üçün nə edə biləri ilə bağlı düşünməlidir. On, iyirmi, otuz il sonraların xülyaları ilə insan bugünkü mənəvi vəzifələrini unudur, bu gün Allah hüzurunda olan vəzifələrindən yayınır. Təqvaya çatmaq istəyiriksə, təqvalılıq xüsusiyyətinin halımıza aid olmasını istəyiriksə, arzularımızı qısaltmalıyıq.

Fürsətlərimizi qənimət bilək ki, təqvaya da yiyələnək

Təqvalılığın üçüncü ən ciddi xüsusiyyəti - fürsətləri qənimət bilməkdir. Biz nə bilirik ki, hələ nə qədər fürsətlərimiz var?! Bundan sonra nə qədər yaşamaq fürsətimiz var? Bizim ümumiyyətlə tövbə etmək halımız olacaqmı? Bizim bu gün-sabaha təxirə saldığımız məsələləri qaydaya qoymaq, özümüzü düzəltmək üçün fürsətimiz olacaqmı? Amma bu gün o fürsətimiz var. Nə qədər ki, nəfəsimiz gəlib-gedir, ağlımız işləyir, mükəlləf olmaq halımız var, bütün bunları edə bilərik. Deyə bilərik ki, bu gün davamlı təxirə saldığımız həmin o gündür. Niyə də olmasın ki?!
Təqvalılığın əlamətlərindən biri budur ki, insan fürsətlərini qənimət bilər. Bugünkü fürsətlərimdən yararlanım, bugünkü fürsətlərimdən istifadə edim. Düzələrəm, edərəm, qaydasına salaram... Bunlar hamısı şeytanın (lən) vəsvəsə və tələlərindən başqa bir şey deyil. Sabahı gözləyib, beş gün, beş il sonranı gözləyib o günləri görməyən o qədər insanlar oldu ki! Bəlkə bir də belə bir fürsətimiz daha olmayacaq?!

Əməldən daha mühüm - onun qəbulu üçün çalışmaqdır

Əməl mühümdür, amma əməldən də mühüm - o əməlin qəbul olunması üçün çalışmaqdır. İnancımız, İslam dinimiz əməli önəmli bilir, amma yetərli bilmir. Əməl mühümdür, amma kifayət deyil. İslamın hədəflədiyi - qəbul olunan əməldir. Namaz mühümdür, vacibdir, amma İslamın hədəflədiyi, inancın hədəflədiyi, Rəbbin istədiyi - qəbul olunan namazdır. Digər bütün vacibatlar da belədir. Yəni, biz diqqətli olmalıyıq ki, etdiyimiz əməllərimiz qəbul olsun. Həzrət Əli (ə) buyurur: "Əməlin qəbulu üçün himmətiniz əməlin özündən çox olsun. Çünki, təqva ilə bir yerdə olan əməl heç vaxt az deyil və bir əməl ki, qəbul olunur, necə az ola bilər?".
Bizlər bəzən bunu unuduruq. Həzrət Əli (ə) buyurur ki, əməlin qəbulu üçün çox çalışın, himmət göstərin, səy edin və bu səy əməlin özündən kifayət qədər çox olsun. İnancımızın yanaşması budur ki, əməl kəmiyyəti dalınca getməyək. Əməlin keyfiyyətinin dalınca olaq. Kəmiyyət daxil olub həyatımıza. Hətta dini təzahürlərdə belə, həyatımıza kəmiyyət daxil olub. Bunun nəticəsində keyfiyyət unudulub, əməlin qəbul olmaqlığının əhəmiyyəti unudulub. Əməl etmək üçün yola çıxdıq, Allaha qovuşmaq üçün bu yola çıxdıq. Amma Allaha qovuşmaq, Allaha yaxınlaşmaq unuduldu, əməlin özü qaldı. Bununla da faciələrimiz başladı.

Hansı qəlbdə təqva halı yerləşməz?

Bir həqiqət və gerçəklik var və buna hər birimiz diqqət etməli, önəm verməliyik. Allah Təala təqvanın mərkəzini, təqvanın mövcudiyyətini qəlbdə qərar verib. O, qəlbdir ki, orada təqva halı mövcuddur. Həzrət Əmirəlmöminin (ə) bizləri xəbərdar edir, bizə mühüm bir həqiqəti çatdırır, hansı qəlbdə təqvalılıq halının mövcud olmasının haram olduğunu çatdırır: "Təqvanın dünyaya vurğun qəlbdə yerləşməsi haramdır".
Biz əgər dünyanı hədəf seçsək, dünya bizim üçün hədəfə çevrilsə, bu zaman qəlbimizdə təqva halı əsla yerləşə bilməz. Bir var ki, insan dünyanı Allaha bəndə ola bilmək üçün vasitə seçsin. Bu zaman dünya gözəl, nurani, İlahi olur. Amma, əgər dünya öz-özlüyündə bizim üçün bir dəyərə çevrilsə, dünyaya vurğunluğumuz olsa, o halda məhv olmuşuq.
Qəlb iki halı qəbul etmir - ya dünyaya vurğun olur, ya da Allahın vurğunu olur. Dünyaya vurğun olan qəlbə təqvalılığın daxil olması, yerləşməsi haramdır. Ona görə də, biz dünyanın bütün təzahürləri ilə bağlı diqqətli olmalıyıq. Dünya deyildikdə bizim öz eqomuzdan tutmuş, çeşidli maddi təzahürlərdən tutmuş, məqamdan, övladdan, ailədən, maddi imkanlardan, məqamlardan, addan, sandan tutmuş hər şey nəzərdə tutulur. Əgər dünya və bütün bu təzahürlər bizim üçün hədəfə çevrilsə və biz onun vurğunu olsaq - özümüzü həlak edərik. Çünki, o halda qəlbimiz bu dünyanın vurğunu olduğu üçün oraya İlahi eşq, orada təqva ruhiyyəsi daxil ola bilməz. Təbii olaraq bunun nəticəsində də bizlər özümüzü Allahın sevəcəyi bəndələr siyahısından çıxarmış oluruq. Əgər dünyanın vurğunu olsaq, qəlbimizdə təqva halı yerləşməyəcək və Allahın sevdiyi bəndə ola bilməyəcəyik. Amma, təqvalı olsaq, təqvaya riayət etsək - Allahın açıq şəkildə sevgisini bəyan etdiyi insanların zümrəsinə daxil olmuş olarıq. Çünki, Allah Təala Öz Kitabında bir neçə yerdə təqvaya riayət edənləri sevməsini bəyan edib.
Allahım, günahlarımızı bağışla!
Allahım, təqva halının qəlbimizdə yer tapmasını, bununla da sevdiyin bəndələrin zümrəsinə daxil olmamımızı nəsib et!
Allahım, qəlbimizi təqva halından uzaqlaşdıran bütün amillərdən bizi pak et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində