Azərbaycanlı yazarlar milli serialları baykot etdi - "Baxmırıq!" - SORĞU

Bu yaxınlarda incəsənətlə qidalanaq deyib yollandıq kinoteatra. Dəvətnamə idi. Pul verib almamışdıq. Sanki, öncədən hiss edirdik ki, yenə bayağı yumorla qarnımızı doyuracağıq. Film bitdikdən sonra, arxadan səs gəldi: “nə qədər gülməli film çəkərlər axı, haçan bir ciddi film çəkiləcək, o günü nə vaxt görəcəyik?”

Bu gün demək olar ki, bir çox kanallarımızda ən azı 2 serial yayımlanır. İstər tragikomik olsun, istər dramatik. Amma izləyicilər yenə türk serialına qaçırlar. Onlar da daha çox ailə-məişət mövzusuna yer verir, biz də. Bəs tamaşaçılarımızı bizim seriallardan uzaqlaşdıran səbəb nədir? Problem qeyri-peşəkarlıqdırmı? Maddi vəsait azlığıdırmı? Aktyorların süni rol oynamasının səbəbi ssenaridəndirmi? Problem ssenaridədirsə, niyə ciddi ssenaristlərlə işləmirlər?
Bəzən maraqlı film çəkilir, amma sonda yenə hiss edirsən ki, bir şeylər çatışmır. Divarlar qırılmır.

Bütün bu suallara cavabı yazıçılarımız arasında apardıq. Görəsən onlar seriallarımız haqqında nə düşünür?

Mətbuat.az maraqlı sorğunu təqdim edir:

Şərif Ağayar

Doğrudur, seriallarımıza baxmıram, amma filmlərimizi neçə illərdi mütəmadi izləyirəm. Məncə, çox da ümidsiz olmamalıyıq. Bizi qonşu İran, Türkiyə, Rusiya, hətta Gürcüstanla müqayisə etmək, hələlik gülməli olsa da, kino sahəsində on il əvvələ nisbətən xeyli irəliləmişik. Serial industriyası isə indi-indi yaranır. Məncə, ləng inkişafa ən böyük səbəb kino, serial və teatr sahəsində azadlığın olmamasıdır. İdarə olunan sənət konyukturaya meyllənir və tərəqqidə axsayır.

Əsəd Cahangir

Ümumən seriala baxmıram, "Möhtəşəm yüz il" bir istisnadır. Azərbaycan seriallarını isə görən kimi kanalı çevirirəm. Bizim seriallar toyxana estetikası ilə hasilə gələn "bozbaş picture"lərdir, milli bayağılığın simvoludur. Yaxşısı budur ki, onları çəkməsinlər, ayıbdır.

Müasir filmlərimizin isə bir çoxuna baxmışam. Məncə, sovet dönəmi ilə müqayisədə milli kino sənənti böhran durumundadır. Amma az da olsa, uğurlu filmlər var. Elçin Əfəndiyevin ssenarisi əsasında rejissor Ramiz Fətəliyevin çəkdiyi "Hökmdarın taleyi" filmi müstəqillik dönəminin yəqin ki, ən yaxşı filmidir. Operator kimi Dilşad Fəthulinin işi təqdirəlayiqdir. 

Təəssüf ki belə işlərin sayı çox deyil. Əvəzində "Hacı Qara", "Arxada qalmış gələcək", "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Girov", "Tövbə", "İstanbul reysi", "Qala", "Kabusun gözüylə", "Qisas almadan ölmə", "Sahə", "Ondan yaxşı qardaş yox idi", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir"... Nə Qarabağ mövzusu, nə klassik əsər, nə klassikin özünün həyatı, nə də indi çox dəbdə olan mistik və kriminal mövzu filmin uğuru üçün təəssüf ki, kifayət deyil.
Görəsən, kino sənətimizdəki bu böhranın səbəbi nədir? Hətta, prezidentin 2007-ci ildə kino sənətinin inkişafı ilə bağlı verdiyi sərəncam, hər il dövlət xətti ilə neçə-neçə filmin araya-ərsəyə gəlməsi belə problemi çözmür.

Artıq "O olmasın bu olsun"u, "Ögey ana"nı, "Tütək səsi"ni, "Axırıncı aşırımı", "Yeddi oğul istərəmi" hasilə gətirən sovet kino məktəbi yoxdur, amma yenisi də hələ yaranmayıb. Kinodakı böhranın ən köklü səbəbini bunda görürəm. Azərbaycan kinosu kələfin ucunu itirib. O sovet kino məktəbi ənənəsindən birdən-birə Hollivud ənənəsinə sıçramaq istəyir. amma buna daxili potensialı çatmır. 

Qismət Rüstəmov

Müasir filmlərimizi bacardıqca izləyirəm, seriallara isə ancaq rastıma düşəndə nəzər yetirirəm. Səbəblər müxtəlifdi.Sözsüz ki, əsasən maddi səbəblərdi, özəl film sektoru kifayət iqtisadi baxımdan ayaq üstə dura bilmir, dövlət isə ancaq öz müəyyənləşdirdiyi kriteriyalara uyğun filmlərə dəstək olur. İncəsənətin bütün sahələrində müstəqil bazar formalaşmasa, heç bir inkişafdan, keyfiyyətdən söhbət gedə bilməz. Əlbəttə ki, səbəblərin arasında zövqsüzlük, savadsızlıq, qeyri-peşakarlıq da var, amma qınadığımız qədər də anlamağa çalışmaq lazımdır. Çünki istedadlı adam heç vaxt xalturaya ürəkdən getmir.

Qan Turalı

Seriallar əslində televiziya filmidir, onları adətən televiziyalarda göstərmək üçün televiziyaların sifarişi ilə istehsal olunur. Təəssüf ki, bizim seriallarımızın səviyyəsi kinematoqrafiyamızın səviyyəsi ilə düz mütənasib deyil. “Şərikli çörək” kimi bir serialımız yoxdur və bu yoxluğun da obyektiv səbəbləri var. Adətən bu işə peşəkarlar cəlb olunmur, lazımi büdcə ayrılmır, reklam verənlər isə çox məzmunsuz reklamlarla materialı korlayırlar. Bütün bu neqativ amillərlə birgə bizdə yaxşı seriallar da çəkilir, mən Siyavuş Hüseynlinin “Üç bacı”, “Miras”, Rövşən İsaxın “Pərvanələrin rəqsi”, “Vicdan haqqı”, İntiqam Hacılının “Qız yükü” seriallarını xüsusilə qeyd etmək istəyirəm. Artıq seriallarımızın tamaşaçı auditoriyası da yaranıb. Lakin sektorun inkişafı üçün televiziyaların üstünə böyük iş düşür, işə normal büdcə ayırmaqdan tutmuş peşəkar insanları prosesə cəlb etməyə qədər görüləsi çox iş var. Adını çəkdiyim rejissorların və ümumiyyətlə heyətin peşəkar olması da onlara bu uğuru gətirib.

Sahilə İbrahimova 

Heç bir seriala baxmıram. Seriala baxmaq üçün bəlli vaxtlarda boş olmaq lazımdır. Müasir filmləri izləyirəm amma komediya filmlərini izləməyə getmirəm. Çox nadir hallarda komediya filminə gedirəm. Bu məni artıq yormağa başlayıb. İki, üç nəfər birləşir, bir ssenari hazırlayır, komediya filmi çəkir. Hətta bu məni qıcıqlandırır. Demirəm ki, pisdi amma mən daha çox dram janrını sevirəm. O janrdan ötrü darıxıram. Ona görə də komediya filmlərinə getməyəcəm. Murad Dadaşovun filmi çıxıb. Novruz tematikasında. Yəgin ki, ona gedərəm. Sonuncu dəfə getdiyim film isə “Pərdə” filmidir. Hansı ki, çox bəyəndim.

Sevinc Elsevər

Son dövrlərdə çəkilən filmlərdən inetrnetdə nə varsa, ona baxa bilmişəm. Kinoteatra getmək imkanım olamayıb. Sadəcə zövqünə inandığım kinoşünasların resenziyalarını oxumuşam filmlər haqqında. Seriallara isə mütəmadi baxa bilmirəm. Amma son vaxtlar serial müəlliflərinin qoyduğu mövzular aktualdı. Xüsusən seriallarda qadın probleminin qabardılması sevindiricidir. Hazırda yayımlanan "Məryəm", "Vicdan haqqı", "Cehizsiz gəlinlər" adlı serialların adını çəkə bilərəm. Bu serialların əsas qəhrəmanları Azərbaycan qadınlarıdı. Hamımız bilirik ki, serial izləyiciləri əsasən o adamlardı ki, onlar kinoteatra, teatra getmir, kitab oxumurlar. Evdar qadınlar, yaşlı adamlar daha çox serial izləyirlər. Bu adamların arasında da maarifçi fikirləri yaymaq üçün serillar yaxşı seçimdir. Azərbaycanda serial çəkən adamlar bunu artıq başa düşüblər.

Əli Şirin Şükürlü

Ümumiyyətlə, serial movzusu məni ciddi məşğul edən məsələlərə aid deyil, lakin bu sualın məntiqi cavabı var. Kinemotoqrafiyaya aid bütün janrlar kimi serialın da yüksək səviyyədə olması üçün ssenari, rejissor işi, aktyor oyunu və digər başqa texniki məsələr lazımı tələblərə cavab verməlidir ki, keyfiyyətli nəticə əldə olunsun.

Ayxan Ayvaz

Azərbaycan seriallarına baxmıram. Ancaq səbəb səviyyəsiz olmaları deyil təkcə. Həm də vaxtım yoxdur. Bizim hələ ki, serial ənənəmiz yoxdur. Yavaş-yavaş bunu yaratmağa çalışırlar. Aktyor seriallarda yetişir, daha sonra onu ciddi filmlərdə görürük. Buna xeyli misallar çəkmək olar. Bizim kino industriyamız inkişaf etsə, gələcəkdə gözəl işlər görüləcəyinə inanıram. İndi isə baxmadığım seriallara sadəcə uğurlar arzu edə bilərəm.

Azad Qaradərəli

Bizdə hər şey saxtadır. Bir adamın üzündə bəlkə qırx qılaf var. Həyatımız saxta olduğu kimi, ədəbiyyatımız da, musiqimiz də, filmlərimiz də saxtadır. Hətta imitasiyanı da bacarmırıq. Heç nəyə ürək qoymuruq. Hə, hər şeyin başında ürək gəlir. Bizdə o da sünidir. Plastikdəndir. Onun da çəkdiyi film sintetik olacaq.

Varis Yolçuyev

Əslində, bu mövzunun kökü çox dərinlərdədir. Azərbaycan sovet kinosu var idi, kifayət qədər peşəkar kadrları, gözəl filmləri ilə. Amma müstəqilliyin ilk illərində kino sənayemiz dağıdıldı, yeganə dövlət kinostudiyasının işi tənəzzülə uğradı. İstedadlı rejissorlar ölkə xaricinə köç etdi, aktyorlar işsiz qalıb kinonu yadırğadı. İllər keçdi. Yeni kino industriyası həvəskarlıq və diletantlıq üzərində qurulmağa başladı. Və indi oxşar və bayağı ssenarilər əsasında çəkilən, təsadüfi aktyorların umuduna qalan teleseriallardan və incəsənətə əsla dəxli olmayan şit komedik filmlərindən ibarət bir kinoindustriyamız var. İstedadlı mütəxəssislərə güvənilməyən Azərbaycanda hazırki potensialla art filmlər çəkilməsi hələ inandırıcı görünmür.

Raqif Raufoğlu

Birinci onu deyim ki, sitkom janrının başqa yolu da yoxdur. Diqqətlə baxsaq, Amerika kinokomediyalarından tutmuş, dediyiniz türk filmlərinə qədər hamısında mövzu bayağıdır. Ona görə təsadüfi deyil ki, belə filmlərə daha çox yeniyetmələr baxır. Bu baxımdan bu günkü filmlərimizə çox tənqidi yanaşmaq istəmirəm. Mən baxmıramsa, yəqin ki, zövqüm dəyişib. Hər halda biz bu etapı keçməliyik. Türk filmlərinin də çox primitiv dövrü olub ki, biz baxıb gülmüşük. O ki qaldı çatmışmayan tərəflərimizi bəli ən birinci aktyor seçimi problemidir. Məsələn, məni görünüşünə görə ekrana bağlayan heç bir aktyor və ya aktrisamız yoxdur. Küçədə, metroda, avtobusda gördüyüm adamlar seriallardakı adamlardan daha cəlbedicidir. Xarakterlər yoxdur. Bəlkə də içində maraqlı elementlər var amma filmin adı artıq adamı iyrəndirir. “Oğlan evi”, nə bilim, “Qız adamı”, “Baldız”, kürəkən kimi sözlərdə hansı cazibə olacaq axı? Bunlar bütün günü eşitdiyimiz sözlərdir. Ssenariyə gəldikdə sizə bir fakt deyim özünüz təsəvvür edin. Mənə bir dəfə ssenari yazmaq təklif etdilər. Dedilər ki, filmin hər seriyasına 150 Manat verəcəyik.

Kənan Hacı

Serial industriyası bizdə hələ yenicə formalaşmağa başlayıb. Çox vaxt kino ilə serialı dəyişik salırlar. Serialın platforması kinodan tamamilə fərqlidir. Bu, kütləvi tamaşaçı üçün nəzərdə tutulan cari bir işdir. Azərbaycanda bu sahə yenidir və sözsüz ki, qüsurlar da bəs deyincədir. Mən sözün açığı, heç türk seriallarına da baxmıram. Serial vaxt bolluğunda darıxan və başqa bir məşğuliyyəti olmayan adamlar üçündür.

Və indiki durumda seriallara çəkilən peşəkar aktyorları da qınamaq lazım deyil. Bu, onların sənətidir, ciddi filmlərdə çəkildikləri kimi seriallarda da çəkilməlidirlər ki, dolanışıqlarını təmin edə bilsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR