Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib.

S. Qurbanovun vəkili Azər Tağıyev APA-ya açıqlamasında deyib ki, iclas zərərçəkmiş şəxslərdən Şahin Məmmədovun ifadəsi ilə davam edib.

Ş. Məmmədov ifadəsində qızıl alveri ilə məşğul olduğunu, Ramin adlı şəriki ilə birlikdə xaricdən gələn qızılları götürməyə gedən zaman MTN əməkdaşları tərəfindən saxlanıldığını deyib: “İlqar adında tanışımız bizə Belçikadan qızıl göndərmişdi. Həmin qızılları gedib götürəndə bizi MTN əməkdaşları tutub saxladılar. Mən azad olunmağım üçün onlara 30 min dollar, həmin qızılları geri almaq üçün isə 15 min dollar verdim”.

İclasda S. Qurbanovun vəkilləri Azər Tağıyev, İlkin Mustafayev və Adil İsmayılov vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, zərərçəkmiş şəxslər məhkəmədə verdikləri ifadələrində qaçaqmalçılıq yolu ilə, lisenziyasız Azərbaycana qızıl gətirdiklərini, buna görə saxlanıldıqlarını deyiblər. Vəkillər bildiriblər ki, həmin faktlara görə məhkəmə prokurorluq orqanına müraciət etməlidir.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim deyib ki, məhkəmənin sonunda buna münasibət bildiriləcək.

Proses aprelin 4-də davam edəcək.