Təəssüf ki, ölkəmizdə zaman-zaman tükürpədən cinayətlərin, qətl hadisələrinin, xüsusi amansızlıqla törədilən cinayət əməllərinin baş verməsi xəbərlərini eşidirik. Mütəxəssislər buna müxtəlif istiqamətlərdə münasibət bildirərək, cinayət törədənin ilk növbədə normal halından uzaq olması ilə əlaqələndirir. Həmçinin ailə-məişət münaqişələri zamanı baş verən qətllər xüsusilə çoxluq təşkil edir.
Metbuat.az sizə son illər ərzində ölkədə baş verən ən ağır cinayət hadisələrini təqdim edir:
Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi...
Məlumata əsasən, kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib.
Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutur. Oğlanı qızın yanında gördükdə, möhkəm döyür və onu başından ağır yaralayır. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilir. Bakıda işləyən Tofiəddin kəndə qayıdaraq bu hadisəyə görə qızının da başını kəsir.
Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb.
Sabirabad rayonunun Ulacalı kəndinin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla qətlə yetirib.
Məhkumluqdan təzə qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.
Xaçmazda dəhşətli qətl hadisəsi...
Hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
17 yaşlı arvadını öldürüb rahatca yatdı.
İmişli rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
Gövhərli kəndində 1988-ci il təvəllüdlü Nəsirov Ağabba Albaba oğlu həyat yoldaşı, 1999-cu il təvəllüdlü Abdulxalıqova Aygün Altay qızını qısqanclıq zəminində öldürdüyünü bildirib.
İlkin araşdırma zamanı məlum olub ki, A.Nəsirov xanımını aldadaraq həyətə düşürüb və bu zaman balta ilə onun başına zərbələr endirib. 17 yaşlı Aygünü öldürən Ağabba meyiti həyətdə qoyub və daha sonra evə qalxaraq yatıb.
Hadisə vaxtı evdə gənc ər-arvaddan başqa kimsə olmayıb. Səhər saatlarında A.Nəsirov Bakıya getmiş ata-anasına zəng vuraraq təcili kəndə qayıtmalarını, özünü pis hiss etdiyini deyib. Onlar da oğullarının dediyi kimi ediblər və evə çatanda dəhşətli mənzərənin şahidi olublar. Nəhayət dünən günorta saat 13 radələrində A.Nəsirov törətdiyi cinayətlə bağlı polisə məlumat verib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
6 yaşlı qızı döyərək öldürdülər.
Azərbaycanda dəhşətli qətl törədilib.
Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
İki bacı yaşadığı evdə qətlə yetirilib...
Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.
Hadisə fevralın Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib.
Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının - 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.
Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.
İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədililib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.
Bir ailənin iki üzvünün başını kəsdi...
Hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.
Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə qoyub.