İki gündür nə danışdığımı bilirəm, nə yediyimi, hətta son günlərdə ən çox vaxt ayırıdığım ağlama krizlərinə belə vaxt ayrı bilmirəm. Bəs neynirəm, düşünürəm, həyatda ən ali duyğu dediyimiz, lazım gələrsə, onun üçün bütün dostlarımızı, ailəmizi, lap elə bütün dünyanı qarşımıza aldığımız səhərə kimi, ağladığımız, hamıya danışıb beynini apardığımız kimsə yanımızda çay içsə, "aa o da çay içərdi", kimsə televiziyaya baxsa, "aa o da televiziya baxardı" dediyimiz, şəklini kompüterin ekranına, telefonun ekranına, "Votsap"ın ekranına qoyduğumuz adama qarşı olan sevgimiz bitə bilərdi? Fərhadın uğrunda dağları parçaladığı, Məcnunun dəli olduğu sevgi bitə bilən bir şey idi ki?
Hə, bitə bilən bir şey idi. Çünki ürəkdir bu, qırıla bilir, içinə qapana bilir, bir də eyni həvəslə, eyni coşğu ilə döyünməyə bilir. Bir-birimizi incidir, təhqir edir, hətta arada söyürük də. "Nə də olsa o da məni sevir", "nə etsəm də getməyəcək" əminliyi var axı, bizim axırımıza da elə o əminlik çıxır. Bir gün görürük ki, sevgisindən öldüyümüz, sadəcə onunla bir yerdə 1 saniyə belə olmağı heç nəyə dəyişmədiyimiz o insan artıq bizə heç nə ifadə etmir, yəni, onu görəndə artıq əvvəlki kimi həyacanlanmır, sevinmir, mədəmizdə kəpənəklər "yallı getmir".
Bütün bu fikirlərin haradan çıxdığını soruşacaqsınız. İndi sizə əslində, elə də fövqaladə bir şey olmadı. Yolda ənənvi "Allahım mən bu ağrılardan necə qurtulacağam" gəzintilərimdən birini edirdim. 2-3 ildir görmədədiyim bir dostumla qarşılaşdım. Biraz o yan, bu yan söhbətdən sonra dedi ki, boşanmaq istəyir, amma boşana bilmir. Dedim, niyə boşanmaq istəyirsən? Deyir: “Arvadımı artıq sevmirəm”. Dedim, bəs niyə boşana bilmirsən? Nə desə yaxşıdır? "Məhkəməni arvadımı artıq sevmədiyimə inandıra bilmirəm". Hakim deyib ki, arvadını artıq sevmədiyini sübut et. Nə isə, dostumla sağollaşdıq. Amma ona "sağ ol" dediyim andan bəri mənim beynimdə suallar yaranmağa başladı. “Artıq həyat yoldaşımı sevmirəm”dən daha əsas boşanma səbəbi nə ola bilər axı? Nə etsin, qonşuları, məhəllə sakinlərini, marketdəki kassiri yığıb məhkəməyə şahid qismində gətirsin? Yoxsa notariusdan təsdiqli sənəd gətirsin? "Oturub səninlə səhərlər oyanmaq, artıq işgəncədən betərdir, sən evdəsən deyə, evə gəlmək istəmirəm, danışığından, yemək yemə tərzindən narahat oluram, nəfəs alıb-verməyin belə məni bezdirib. Çıx, get həyatımdan, varlığından boğuluram və artıq səni sevmirəm” deyə məktubmu yazsın?
Niyə insanlar sevmədikləri insanla sırf məhkəmə boşamır deyə 3 il sənəd üstdə evli qalmalıdır axı?
Bütün bunları gördükdən sonra insan subay olduğuna min şükür etmək istəyir vallah.
Çox şükr, çox şükr, bir daha şükr, bonus olaraq şükür.
P.S Şükür
Dilarə Zamanova