Bakı küçələrinin "musiqi rəngsazları" - FOTO

Bakı küçələrinin "musiqi rəngsazları" - FOTO
13:05 11 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Zahid Oruc: "Həmin insanları sadəcə əl açıb sədəqə diləyənlərlə eyniləşdirməzdim"

Fazil Mustafa: "Nəticədə onlar da qazanırlar, biz də..."

Bəsti Səmədova: "Öz-özlüyümdə onlara minnətdarlıq edirəm"

...Yağışlı bir havada küçədə eşitdiyim musiqi səsinin ilkin təəssüratı çox qəribə idi. Bu hiss, sanki, səhrada azmış birinin öz yolunu tapması üçün qarşıdan gələn yad bir səsə boylanıb, həyəcanla ona doğru irəliləməsinə bənzəyir...

Paytaxtın "Tarqovu" kimi tanınan ərazisində küçə keçidini və onun ətrafını bürüyən həmin o səs Müslüm Moqamayevin repertuarından olan "More" mahnısının ifa edirdi. Mahnının sədası bəlkə də mənim kimi çoxlarını fikirlərinin "dəli yığıncağından" çıxara bilmişdi. Həmin an, sanki, təbiətlə insan öz bəzək-düzəksiz "musiqilərinin" bir-birinə qovuşma məqamını yaşayırdı.

O gənci "oxudan" səbəblərin nə olmasından asılı olmayaraq "musiqiçinin" yanından ötüb keçənlər oradan xoş bir enerji ilə ayrılırlar. Təbii ki, bu da insan düşüncəsinə bağlı olaraq dəyişir.

Küçədə çalıb-oxuyan bir qrup gənclə söhbətlərimin yekunu olaraq, gəldiyim nəticə belə oldu:  Kimlərsə onları qınayır, kimlərsə rəhm edir... kimlərsə də heç nəyin fərqinə varmadan, sadəcə təbəssümlə sorğu-sualsız ötüb keçirlər, kimlərsə də bir anlıq da olsa addımını saxlayıb, aldıqları xoş ovqatın cavabını yerdə açılan gitara qutusuna atdıqları kiçik pullarla qarşılayırlar. Kimlərsə bu gəncləri "Avropanın rəngi", kimlərsə də "mədəni dilənçi" adlandırır. Bəzən tanışları, bəzən valideynləri tərəfindən qınanan, lağa qoyulan, bəzən isə polislər tərəfindən incidilən bu gənclər bu münasibətsizlikdən utanırlar. Ona görə də danışmaq istəmir, "ictimai efirə" çıxmaq istəmirlər...

Axı kim deyir ki, musiqilər yalnız sponsorların böyük pullarına verilən sifarişlə oxunmalıdır? Kim deyir ki, musiqinin özü monopoliyasız, azad şəkildə ətrafdan sifariş ala bilməz?

"Bu, ictimai ənənələrimizdə özünə yer edənəcən zaman keçməlidir"

Millət vəkili Zahid Orucun fikrincə, mahnı oxumaq hər zaman ətrafda müsbət assosiasiya doğurur. "Oxu meydanları" onu mədəniyyət hadisəsi sayıb-saymamaqdan asılı deyil.

"Bu, məndə hər zaman xoş ovqat doğurub. Xarici ölkələrdə qarşıma çıxanda, ələlxüsus da şaman musiqisini andıran və qədim kollektiv ayinləri təlqin edən musiqilər çox xoşuma gəlir. Sanki, küçə böyük bir simfonik orkestrin tablosuna çevrilir. Tələsən adamlar, ora-bura şütüyən nizamsız uşaqlar, yorğun qocaların - hər rəngdə olan adamların timsalında maraqlı bir mozaika yaranır..."

Zahid Orucun düşüncəsinə görə, küçə musiqisini fundamental incəsənət nümunələri nöqteyi nəzərindən təhlil etmək doğru deyil.

"Ola bilər ki, kimsə bəyənməsin və başını bulayıb keçsin. Məgər ekranda sevmədiklərimizi görəndə "pult"la hökmümüzü vermirikmi? O üzdən həmin insanları, sadəcə, əl açıb sədəqə diləyənlərlə eyniləşdirməzdim. Axı kim deyir ki, musiqi mütləq Milan salonlarından səslənməlidir. Məgər hamımız uca dağ və uzun dərələrdə zümzümə etmirik? Musiqinin zamanı və məkanı yoxdur!..

Görünür ki, bu, ictimai ənənələrdə özünə yer edənəcən zaman keçməlidir"

"Mən bu gəncləri "daş-qalaq" etməyin tərəfdarı deyiləm"

Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı belə musiqiçilərin böyük şəhərlərdə, paytaxtlarda rast gəlinən hal olduğunu önə çəkdi. Onun sözlərinə görə bu, Bakıda o qədər də çox rastlanan hal sayılmasa da, bu gəncləri "daş-qalaq" etməyin tərəfdarı deyil. "Axı nəticədə onlar oğurluq etmirlər, adam soymurlar, zornan nəsə tələb etmirlər və s. Hamı son model kostyum geyinib, qalstuk taxıb oxusa, musiqi dünyası ən azı görkəmcə "monoton" olardı. Əgər zövqünü oxşayırsa, yaxud sənin rəhmdillilik damarını oyadırsa, sən xeyirxahlaşırsansa... o gənclərin "musiqili çağırış"larına qulaq verir və gücün çatan dəstəyi göstərirsən...

Bəlkə "küçə uşaqları" gözü ilə baxılan o gənclərdən hansınınsa qeyri-adi istedadı var, lakin bu istedadını nümayiş etdirməkçün meydan problemi var... Bəlkə kimlərdənsə, nələrdənsə küskünlüyü, qırğınlığı var... Bəlkə doğrudan-doğruya maddi ehtiyac içindədir və kirayə haqqına, hansısa zəruri ödənişlərə taqəti qalmayıb... Bunlar öz yerində... Yenə özümə borc bilirəm, əgər o kateqoriya gənclərdən kimlərsə bu sorğu ilə tanış olacaqsa, istərdim deyəm: "Əziz gənc, musiqi üzrə, ümumən incəsənət, mədəniyyət üzrə yetərincə qurum-quruluşlar var, onlara üz tutun, biri sizi eşitməsə də, o biri eşidəcək. Əgər istedadınız varsa, o, qaynar bulaq kimidir, illah da "torpaq üstü"nə çıxacaq: istedad özü bir dayaq, istinadgahdır! İstedadına güvənən, gələcəkdən ümidsiz olmamalıdır. Yetkili mədəniyyət müəssisələri mənsublarına isə belə gənclərlə ilgilənməyi, onlar arasında ümidverici gənclər varsa, biganə qalmamağı önərərdim... Bütün hallarda, su axıb öz çuxurunu tapacaqdır. Onlar da toplumun bir parçasıdır, fərdləridir. Onların ovqatını, durumunu nə toplumdan, nə də ümumən dünya gedişatından ayrı şəkildə yorumlamağı düzgün saymazdım".

"Bunu dilənçiliklə eyniləşdirmək olmaz"

Millət vəkili Fazil Mustafa gənclərin belə bir təqdimatına pis baxmır. Deyir ki, gənclər bu yolla çörək pulu qazanırlarsa, bunu dilənçiliklə eyniləşdirmək olmaz. "İnsan öz qabiliyyətini təqdim edir, başqalarının zövqünü oxşayır. Nəticədə onlar da qazanırlar, biz də qazanırıq".

"Həmin an aldığım zövq bambaşqadır"

40 ildən çoxdur paytaxtda yaşayan şəhər sakini Bəsti Səmədova Bakı küçələrində çalıb-oxuyan belə gənclərlə son 5-6 ildə rastlaşdığını söylədi. Bəsti xanım deyir ki, o, öz "ulduzları" ilə, əsasən, dəniz kənarında, yeraltı keçidlərdə qarşılaşır. Hər dəfə bir neçə dəqiqə ayaq saxlayıb dinləyir. Bəsti xanım deyir ki, gənclərin səslərinin yaxşı, yaxud zəif olmasının fərqi yoxdur. Çünki heç nədən asılı olmayaraq bu mənzərə insanda gözəl əhval-ruhiyyə yaradır və düşündürür. İstəmədən ürəyindən bir acı hiss keçdiyini deyən bu nurani xanım hər şeydən çox belə gənclərə öz işlərini rahat şəkildə  görmələri üçün şəraitin yaradılmasını arzu etdi.

"Hər gün onlarla keçiddə qarşılaşıram və öz özlüyümdə onlara minnətdarlıq edirəm. Çünki bir anlıq da olsa onlardan pozitiv alıram, mənə sevinc bəxş edirlər. İnsan bədbin fikirlərdən ayrılır, gözəl düşünür. Həmin an aldığım zövq bambaşqadır..."

P:S. Biz də onlarla xatirə şəkili çəkdirmək istədik. Amma gənclər "başımz ağrıyar" deyib, fotogörüntülərinin hər hansı bir media vasitəsində getməsini istəmədilər. O cümlədən dayandıqları məkanın və adlarının çəkilməsini də...

Tahirə Qafarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR