Azərbaycan və İtaliya arasında

Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Metbuat.az bildirir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, İtaliyaı isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elisabetta Belloni təmsil edib.

X.Xələfov Azərbaycan və İtaliya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq doğurduğunu bildirərək, siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi baxımından qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən X.Xələfov enerji sahəsi ilə paralel olaraq qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Bu xüsusda, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, sənaye, turizm sahələrində İtaliyanı təmsil edən şirkətlərin xidmətlərini təqdim etməsi və layihələrdə yaxından iştirak etməsinin qarşılıqlı faydalı olacağını əlavə edib.

X.Xələfov strateji xarakterə malik TAP layihəsinin tamamlanıb istifadəyə verilməsinin həmçinin ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və səylərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

E.Belloni bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və keçən müddət ərzində əməkdaşlığın müxtəlif sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyən E.Belloni İtaliyanın kənd təsərrüfatı, nəqliyyat, xüsusilə də dəmiryol nəqliyyatı, həmçinin turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. İqtisadiyyat sahəsində hökumətlərarası komissiya və biznes forumların keçirilməsi ənənəsinin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

E.Belloni humanitar sahədə əlaqələrə toxunaraq, bu xüsusda Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyada mədəni irsin qorunması sahəsində xidmətlərini xüsusi qeyd edib.

Sonda X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi barəsində qonağı məlumatlandıraraq, 2016-cı ilin aprel döyüşlərinin, həmçinin Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəsin pozulmasının Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini, yeni ərazilərin işğalına, əlavə qaçqın və məcburi köçkün axınının yaranmasına cəhd göstərdiyini bir daha sübut etdiyini vurğulayıb. Azərbaycan üçün qəbulolunmaz sayılan hazırki “nə hərb, nə sülh” vəziyyətinin mövcudluğunun regional təhlükəsizlik və inkişafa ciddi təhdid olduğunu qeyd edib. Həmçinin, münaqışənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə alternativin olmadığını əlavə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb. // Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR