Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayını yaşamaqdayıq. Allahdan istəyimiz budur ki, bizlərə bu ayın içərisində olan böyük imkan və fürsətlərdən lazımınca bəhrələnməyi lütf etsin.

Rəcəb ayı - nurani bir aydır. Xoş olsun o kəslərin halına ki, bu ayın içərisində olan oruc, dualar, zikrlər kimi nemətlərdən istifadə etmək səadəti var.

İnsanın həyatında ən ciddi problemlərdən biri qəflətlə bağlıdır. İnsan qəflət edən zaman bütün faciələr baş verir. Ümumən həyatımızda hər mənada bizlərə zərər vura biləcək ən böyük mövzu - elə məhz qəflətdir. İnsan qəflət edərkən ətrafında nə baş verdiyinə, harada olduğuna, haradan gəldiyinə, haraya getdiyinə, nə etdiyinə fikir vermir. Bizim ən böyük müsibətlərimiz qəflətdən başlayır. Qəflətin nümunələrindən biri də əziz Zəmanə Sahibinin (ə.f) varlığı ilə bağlı olan qəflətimizdir.

Allaha mərifət - Zamanın İmamına (ə.f) mərifətdir

Həzrət İmam Hüseyndən (ə) Allahı tanımaq, Allaha mərifətlə, onun necəliyi ilə bağlı soruşduqda, İmam Hüseyn (ə) buyurdu: "Allahı tanımada qəsd budur ki, hər bir dövrdə yaşayan insanlar öz İmamlarını (ə) tanıyalar. O İmamı (ə) ki, ona itaət onlara vacibdir".

İmam Hüseyn (ə) Allahı tanımağın necəliyi ilə bağlı, Allaha mərifətin necə olması ilə bağlı sualın cavabında çox nurani və incə bir məqama toxunur. Bütün zamanlarda yaşayan insanların öz itaət etdikləri, itaət etməli olduqları İmamlarını (ə) tanıması - elə Allahı tanımadır. Çünki, Allahı tanımağın, Allaha mərifətin ən böyük təzahürü, ən böyük həqiqəti əslində Rəbbin Yer üzərində olan canişinini, xəlifəsini tanımaqdır və Allahı tanımağa aparan ən düzgün, ən gözəl yol əslində zamanın İmamını (ə) tanımaqdan keçir. Ona görə də, İmam Hüseyn (ə) Allaha mərifət və Allaha mərifətin necəliyi ilə bağlı sualın cavabında buyurur ki, hər zamanda yaşayan insanların öz itaət etməli olduqları İmamı (ə) tanıması, elə Allahı tanımasıdır.

Bu mənada, istər tövhid baxımından, Allahı tanımaq baxımında, istər ümumiyyətlə nə etmək baxımından Zəmanə Sahibini (ə) tanımaq fövqəl dərəcədə önəmli məsələdir. Biz unutmamalıyıq, bundan qəflət etməməliyik ki, bizim bir İmamımız (ə), hər mənada mənəvi böyüyümüz, Yerlə göyün vasitəçiliyini həyata keçirən bir İlahi höccət var. Təəssüflər olsun ki, bizlər bir çox məsələlərdə qəflət etdiyimiz kimi, bu mövzuda da qəflət edirik, sonra da faciələr yaşayırıq.

Zəmanə Sahibinin (ə.f) hüzurundan qəflətə səbəb olan ən ciddi amil - həvayi-nəfsdir

Əxlaq ustadları əziz Mövlanın (ə.f) varlığından qəflət etmənin səbəblərini açıqlayır. Bunlardan biri və çox önəmlisi - həvayi-nəfspərəstlikdir. Allah etməsin, əgər biz həvayi-nəfspərəst olsaq, əgər həvayi-nəfsimizin quluna çevrilsək, həvayi-nəfsimiz nə istəsə onun ardınca getsək, böyük ehtimalla biz Zəmanə Sahibindən (ə.f) qəflət edəcəyik. Əgər biz həvayi-nəfsimizə pərəstiş etsək, böyük ehtimalla qəflət xəstəliyinə tutulacağıq.

Hər bir insanın nəfsinin, instinktlərinin istəkləri var, daxili meyillərinin istəkləri var. Bundan daha təbii bir məsələ yoxdur. Amma, o zaman ki, biz bu istəkləri şüur, ağıl, dərk, seçim, iradə, düzgün qərar vermə, mənəvi filtrdən, rasionallıq işığından keçirmirik, bu istək sadəcə olduğuna görə onun təmininə tərəf gedirik, nəfsimizin istəyinə görə onu həyata keçiririk - bu halda biz həvayi-nəfsimizin xidmətçisinə çevrilirik. Bu davamlı olanda, həvayi-nəfsimizi pərəstişkarına çevrilirik. Bunu da Rəbbimiz Qurani-Kərimdə "Furqan" surəsinin 43-cü ayəsində gözəl bir şəkildə bəyan edir və əziz Rəsulallaha (ə) bu cür insanların hidayət potensialının çox aşağı olması bəyan olunur. Ayədə buyurulur: "Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!".

Rəbbimiz bir tərəfdən əziz Rəsulallaha (s) təsəlli verir, Onun çatdırışlarını eşitməyən insanlara görə Peyğəmbəri (s) narahat olmamağa çağırır. Bəyan edir ki, o insanlar öz həvayi-nəfslərini öz tanrısına çevirib, onların eşidəcək durumları yoxdur. Eyni zamanda Rəbbimiz çatdırır ki, onların hidayət imkanları yoxdur. Həvayi-nəfsə pərəstiş insanı qəflətə, imansızlığa, küfrə gətirən ən ciddi amillərdəndir. İnsan Allahdan başqa hər nəyə pərəstiş etsə, bu, həvayi-nəfsin məhsuludur.

Zəmanə Sahibinin (ə.f) mövcudiyyətindən qəflətə nələr səbəb olur?

Bizim Zəmanə Sahibinin (ə.f) varlığından qəflətə gəlib çıxmamıza səbəb olan ikinci amil - günah və məsiyətdir. Əgər günah etmək bizim üçün adiləşsə, bizim üçün təbii bir hala gəlib çatsa, günah bizim həyatımızın tərkib hissəsinə çevrilsə, Allaha itaətsizlik həyatımızın təbii mövzusuna çevrilsə - nəticədə biz qəflətdə olacağıq və Mövlanın (ə.f) varlığından, onun mövcudiyyətindən qəflət edəcəyik. Deməli, günah və büdrəmələr də insanı qəflətə aparar.

Qəflətin üçüncü ciddi səbəbi - dünyapərəstlikdir. Biz əgər dünyaya vurğun olsaq, dünyapərəst olsaq, dünyanı vasitə deyil, sınaq meydançası deyil, dünyanı aqibət üçün bir tarla deyil, özümüz üçün əsas hədəf bilsək - bu halda da böyük ehtimalla qəflətə gəlib çıxacayıq və Zəmanə Sahibinin (ə.f) varlığından qəflət edəcəyik.

Bizi qəflətə aparan dördüncü önəmli səbəb - əxlaqi fəsadlardır. Biz öz əxlaqımıza, davranışlarımıza, hərəkətlərimizə nisbətdə diqqətli olmalıyıq. Əxlaq - həyatımızın zəruri bir mövzusudur. Bir var vaciblər, bir var haramlar. Bir də var ki, insan Allahın bəyəndiyi kimi davrana, Allah bəyəndiyi fəzilətlərə sahib çıxa, Allah bəyənmədiyi rəzilətlərdən isə uzaq ola. Əxlaq ciddi mövzudur. Deməli əxlaqi fəsadlar - insanın yalan danışması, qeybət, sui-zənn, şər atmaq, məsxərə və s. də insanı Zəmanə Sahibinin (ə.f) mövcudluğundan qəflətə gətirib çıxarar.

Beşinci mühüm nöqtə - günahkarlarla oturub-durmaqdır. Biz gərək kimlərlə oturub-durduğumuza diqqət edək. Bu, mütləqdir ki, insan olduğu mühitdən təsirlənir. Mühitdə baş verənlər, oturub-durduğu insanların davranış və rəftarları insana təsir edir. Kiminlə oturub-durduğumuza diqqət edək. Günahkarlarla oturub-durmaq nəticə etibarilə bizi qəflətə gətirib çıxardar.

Diqqət olunmasa, insanı Zəmanə Sahibinin (ə.f) mövcudiyyətindən qəflətə aparan altıncı mühüm amil - insanın İlahi rəhbəri və nümunəsinin olmamasıdır. Həyat belədir ki, biz nəticə etibarilə özümüz üçün əxlaqi nümunələr, kamil insanlar axtarışındayıq. İnsanın nümunələri əgər İlahi olmasa, mənəvi nümunə və rəhbəri olmasa - qəflətə düşməsi çox ciddi bir reallıqdır. Biz diqqətli olmalıyıq ki, nümunələrimizi doğru seçə bilək.

Bizləri Zəmanə Sahibinin (ə.f) varlığından qəflətə aparıb çıxaran yeddinci amil - bəsirətsizlik və dardüşüncəlilikdir. Yəni, insanın anlaması, geniş baxması, məsələnin mahiyyətinə önəm verməsi olmasa, məğzini duymasa, düşüncələri çox dar olsa - bu da qəflətə düşməsinə səbəb olan amil olar.

Zəmanə Sahibinə (ə.f) qəflətin səbəb olduğu fərdi fəsadlar

Əziz Mövlanın (ə.f) hüzurundan qəflət insana həm fərdi, həm ictimai yüklü mənfi təsirlər yaradar. Birinci mənfi təsiri budur ki, ümidsizlik yaradar. Əgər insan qəflət etsə ki, onun Zəmanə Sahibi (ə.f), İmamı (ə) var, yerlə göyü birləşdirən bir höccət var - bu zaman ümidsizləşər. Ümidsizlik də bütün bəlaların, müsibətlər, depressiyaların başıdır. İnsanların əksər hallarda fərdi tənəzzülü həm də ümidsizliklə bağlı olur.

Zəmanə Sahibinin (ə.f) hüzurundan qəflətin səbəb olduğu ikinci fəsad budur ki, insanın həyatında məna itər və puçluq yaranar. Deməli, insan zamanının İmamının (ə) hüzurundan qəflət etsə, həyatı mənasızlaşar, puçlaşar, əbəsləşər.

Üçüncü mühüm məsələ budur ki, insan özünün islahı ilə, özünü düzəltməklə məşğul olmaz. İnsan özünü düzəltməni, özünüislahı həyatı əhəmiyyətli məsələ bilməz. Əgər adam Mövlanın (ə.f) hüzurundan qəflət etsə, nəticəsi ağır olar. İnsan özünü düzəltməyə tərəf getməz, bu məsələ onun diqqətindən yayınar və nəticədə özünüislahla məşğul olmaz.

Zəmanə Sahibinə (ə.f) qəflətin səbəb olduğu ictimai fəsadlar

Yuxarıda saydıqlarımız - Zəmanə Sahibinin (ə.f) mövcudluğundan qəflətin səbəb olduğu fərdi nəticələr idi. Bu qəflətin bir sıra ictimai mənfi təsirləri də var. O toplumlarda ki, Zəmanə Sahibinin (ə.f) mövcudiyyətindən qəflət edilər, bu ictimai fəsadlar meydana gələr. Toplumlarda fəsad artar, toplumlarda günah adiləşər, ictimada açıq-aşkar günahlar edilər. Digər tərəfdən, insanlar rahatlıqla zalımlara kömək edərlər, zalımlara kömək etmək adiləşər. Çox diqqət edilməli bir məsələdir.

İnsan yerlə göyün bağlantısının vasitəsi olan İlahi Höccətlə (ə) bağlı qəflət edərkən, bir tərəfdən toplumda günah adiləşir, digər tərəfdən insan rahatlıqla ədalətə tərəf deyil, zülmə tərəf yönəlir və zülmün köməkçilərinə çevrilir.

Bu qəflətin səbəb olduğu üçüncü ağrılı ictimai nəticə budur ki, insan rahatlıqla Həzrət Rəsulallahın (s) yaratdığı və qurduğu ideal, imanlı insan toplumundan uzaqlaşar. Həyatının standardı artıq həmin həyat tərzi olmaz.

Böyüklərin Rəcəb ayı ilə bağlı buyurduqları

Yekunda mübarək Rəcəb ayı ilə bağlı böyük alimlərin, ariflərin buyuruşlarına diqqət edək. Böyük ariflər (r.ə) buyururlar: "Bu dualar ki, mübarək aylarda, günlərində var, xüsusən Rəcəb, Şəban və mübarək Ramazan ayında olan dualar - insanı ruhi cəhətdən o qədər gücləndirir ki, əgər bir kəs əhli olsa, elə insan üçün yol açır və nur saçır ki, bəşəri bu qaranlıqdan çıxarmaq və nura daxil etmək üçün gəlib".

Yenə buyururlar: "Bu üç ayda - Rəcəb, Şəban və mübarək Ramazan aylarında o insanlar üçün ki, bu bərəkətlərdən istifadə edə bilərlər, etmək halları var - çoxlu bərəkətlər var ki, Allah onlara nəsib edər. Əlbəttə, bunların hamısının başlanğıcı Məbəsdir və onun ardınca hamısı. Rəcəb ayında böyük Məbəs və Mövla Əli ibni Əbutalibin (ə) mövlududur və başqa İmamların (ə). Şəban ayında Həzrət Seyyidi-Şühədanın (ə), Həzrət Sahibəz-zəmanın (ə.f) mövlududur. Mübarək Ramazan ayında Quranın Peyğəmbərin (s) qəlbinə nazil olması var. Bu üç ayın şərafətini dillər, bəyanlar, əqllər, fikirlər çatdırmağa acizdilər. Onun bərəkətlərindən ən böyüyü dualardır ki, bu üçaylıqda onların oxunması tövsiyə olunub". Alladan istəyimiz budur ki, bizlərə bütün bunlardan bəhrələnməyi nəsib etsin! Gözəl, ümid dolu aylardayıq. Bütün büdrəmələrimizdə Onun amanına sığınırıq. Bilirik ki, azın müqabilində çox əta edəndir, istəyənə də verəndir, istəməyənə də verəndir.

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, bizləri Zəmanə Sahibinin (ə.f) varlığından qəflətə düşməyə qoyma!

Allahım, bizlərə yalnız Sənə pərəstiş etməyi nəsib et!

Allahım, bizlərə həvayi-nəfsimizə pərəstişdən uzaq olmağı nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində