"Bakının bu təmtərağı bizi bir xeyli ərköyünləşdirib. Hər getdiyimiz, gördüyümüz yeri bəyənə bilmirik".

Mən deyəsən mənəviyyata, estetikaya və buna oxşar bir çox şeylərə həddindən çox dəyər verən adamam. Əslində, belə olmasını heç vaxt istəməzdim, amma bir ara yaxşı təsəlli tapmışdım. Bir xeyli müşahidə aparıb belə qənaətə gəlmişdim ki, insan bacarmadığı hər hansı bir işlə heç vaxt qarşı-qarşıya qalmaz. Misal üçün, yemək bişirməyi bacarmayan xanımlar həmişə elə ailə qururlar ki, onlar üçün bu heç bir problemə çevrilmir. Və yaxud zavodda işləməyi bacarmayan adam çox nadir hallarda orada çalışmağa məcbur olur. Onu da bacarmadığı üçün acından ölüb gedir. Bir növ canını qurtarır.

Məni də bu fani dünyada dəhşətə gətirən bəzi mənzərələr var. Misal üçün, mən qara bazara gedəndə bir neçə gün özümə gələ bilmirəm. Orada gördüyüm insanlar, alverçilərin fərqli sifətləri, onların qışqırıqları, bir-biriləri ilə olan qəribə zarafatları mənim daxilimdə elə qəribə sükut yaradır ki, qulaqlarım tamam tutulur... İndi hərdən istər-istəməz Bakıda yaşamalı oluram. Başa düşürəm ki, hamıdan eyni səviyyəni tələb etmək olmur. Amma insan davranışının da necə deyərlər bir qırmızı xətti var. Etiraf edim ki, Bakının hər gün dəyişən vizual görüntüsünə öyrəşən gözlərimiz bəzi xarici ölkələrin mənzərəsinə baxanda nəsə çatışmazlıq hiss edir. Bəli, Bakının bu təmtərağı bizi bir xeyli ərköyünləşdirib. Hər getdiyimiz, gördüyümüz yeri bəyənə bilmirik. Amma başa düşmədiyim bir haqq-hesab var ki, bu qədər gözəl görüntülərin qabağında sağa-sola tüpürə-tüpürə müştəri gözləyən taksi sürücülərini, şalvarlarının ortasını oynada-oynada "dollar, rus pulu dəyişirəm" qışqıran qırmızıyanaq, qızıldiş işbazları, xanımların ayağında, yaxasında bir az açıq yer görən kimi gözlərini zilləyib yazıq-yazıq baxan köşk satıcılarını neyləyək? Onları hara aparaq? Necə dəyişdirək? Başa düşürəm ki, onlar da bizim cəmiyyətin övladlarıdır, amma bu qədər şikəst uşaq doğan cəmiyyət artıq ciddi düşünməlidir. Bu yaşdan sonra onları kim, harda və necə tərbiyələndirəcək?

Cəmi 15 dəqiqə 28 may metrosunun qabağında dayanmaq bəs edir ki, bütün dərdini-qəmini unudub onların halına ağlayasan. İndi bundan sonra o qədər insanı böyük-böyük zallara doldurub səhərdən axşama kimi moizə oxusan da xeyri yoxdur. Bəs onda bizi bu insanlarla qarşı-qarşıya gətirən bəxti-tale neyləmək istəyir? Biz qələt eləyib belə doğulmuşuq, yoxsa onlar əcəb eləyib belə yaşayırlar?

Raqif Raufoğlu