Bu gün İspaniya La Liqasında baş tutacaq "Real" - "Barselona" matçında kimin qələbə qazanacağı qədər, Ronaldo ilə Messinin göstərəcəyi oyun da böyük maraqla gözlənilir.

Metbuat.az bildirir ki, "El-Klassiko" öncəsi küçələrdə Ronaldo ilə Messinin dodaq-dodağa öpüşdüyü bir foto diqqətləri cəlb edir. Sözügedən rəsm Kataloniyada "Aşiqlər Günü" sayılan "Diada de Sain Jordi" fəaliyyəti çərçivəsində "TV Boy" ləqəbli bir rəssam tərəfindən çəkilib.

Həmin şəkil Barselonanın məşhue "Paseo de Gracia" prospekti ilə "Plaça Katalunya" meydanı arasında bir "Bildboard"ın üzərində çəkilib.

Rəssam "Kor Məhəbbət" adlandırdığı bu əsərində ümumilikdə 9 dəfə "Qızıl top" mükafatını qazanan iki ulduz Messi ilə Ronaldo arasındakı rəqabəti ölümsüzləşdirmək istədiyini açıqlayıb. Bundan başqa o futbolçuları məhz dodaq-dodağa öpüşərkən çəkməsinin səbəbini oyunöncəsi yaşanan duyğusallıq çərçivəsində rəqabəti rəmzləşdirmək istədiyi ilə əlaqələndirib.

Şəkildə futbolçular sarılıb öpüşərkən Messinin əlindəki qırmızı gül də diqqət çəkib. Bu şəkil insanların marağına səbəb olub.

Bu gün Madriddə baş tutacaq "Real" - "Barselona" matçının start fiti Bakı vaxtilə saat 22:45-də səslənəcək.