Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qubaya yetişib

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qubaya yetişib
16:08 2 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qubaya yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Afurca şəlaləsi ətrafında tədbir keçirilib. Azərbaycanda çoxsaylı şəlalələr var və onların hər biri öz hündürlüyünə, axınına və ətraf mənzərəsinə görə unikaldır. Qubanın cənubunda ölkənin ən məşhur şəlalələrindən biri - Afurca şəlaləsi yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur.

Su mərasimi, şahmat və rəsm həvəskarı Günel Qonağova, ağırlıqqaldırma üzrə Respublika çempionu Famil Mikayılov və kikboksinq üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Fərid Həmzəyev tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Quba Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”-nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi. Eyni zamanda, ulduz səfirlərdən Hacı Nuran səfir kimi gördüyü işlər və gələcək planlar haqqında məlumat verib. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Mərkəzi Meydanda keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, “Şərq inciləri” rəqs qrupu, Sevil Rəcəbova və İbrahim Qubalının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Quba sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən ağırlıqqaldırma üzrə Respublika çempionu Famil Mikayılov deyib: “Biz, hamını paytaxt şəhərimizin ev sahibliyi edəcəyi möhtəşəm idman tədbirinə qatılmağa dəvət edirik. 190-dan artıq idman sessiyasını izləmək və milli komandalarımıza azarkeşlik etmək, onlara dəstək vermək kimi inanılmaz fürsəti qaçırmayın!”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 3 may tarixində Qaradağ rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR