Bakı. Trend:

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaradağa yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Masazır gölü ətrafında tədbir keçirilib. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”-dən biri hesab olunur. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.

Su mərasimi, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı, karate üzrə Dünya və Avropa Çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Neftçi İdman Klubu ictimai birliyinin Qaradağ İdman Təlim Bazasında daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə” - nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Bakı 2017 Oyunlarının ulduz səfiri Hacı Nuran da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Qaradağ rayonu, Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Aşıq Əli və Aşıq Samirə, Azərbaycan Ritmləri Mahnı və Rəqs ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qaradağ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov deyib: “Bu tədbir həm idman, həm də birlik, tolerantlıq dəyərlərini özündə daşıyan ictimai tədbirdir. Tədbirin bir hissəsi olduğuma görə qürur duyuram.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 5 may tarixində Sumqayıt şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.