2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümumilli seçki olacaq.

Bəs partiyalar seçkilərə necə hazırlaşır? Onların namizədləri bəllidirmi?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Seçkilərdə iştirak edəcəm. Hazırda qərar vermişik, o barədə ciddi hazırlıqlarımız gedir. Biz bu gündən yox, 3 ay bundan əvvəl başlamışıq seçkilərə. Mən həmişə verdiyim vədləri verəcəm bu dəfə də. Seçilsəm, əlbəttə ki, ölkənin müstəqilliyini qoruyub saxlamaq, bu günki kursun davam etdirilməsi və Azərbaycan xalqını gələcəkdə kommunal xərclərin bir hissəsindən azad edəcəm. Azərbaycan torpaqlarını işğalçılardan azad edəcəm. Xankəndini alıb, paytaxtı Xankəndinə köçürəcəm. Bunlar gələcəyin məsələsidir. Xxalq mənə səs versin, sonra bu məsələləri həll eləmək asan olacaq. Böyük ümidlərim var, ümidim olmasa seçkilərə qatılmaram”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Növbəti ilin may, iyun və ya avqust aylarında qurultayımız keçiriləcək. Bunu qurultay müəyyən edəcək. Namizədliyin irəli sürülməsi ictimai-siyasi vəziyyətə, partiyanın maraqlarına və qurultayın verdiyi qərara bağlı olan bir məsələdir. Əgər prezident seçkilərində iştirak etsəm, gərək seçkiyə start veriləndən sonra qurultay keçirilə ki, qurultayın qərarı da Mərkəzi Seçki Komissiyasına təqdim oluna və namizəd kimi əlavə bir də təzədən qurultay çağırıla”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyat Əliyev:

"2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hələ ki, partiyada hər hansı bir müzakirə aparılmayıb. Keçiriləcək prezident seçkilərində də hələ müxalifət düşərgəsində konkret kimlərin namizədliklərinin irəli sürülməsi ilə bağlı tərpənişlər yoxdur. Bunun bir sıra səbəbləri var. Yəqin ki, bu ilin sonunda, növbəti ilin əvvəlində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Konkret bir qərar veriləcək. Müzakirə yoxdursa, namizəd də yoxdur. Ola bilsin ki, Demokrat Partiyası seçkilərdə öz namizədilə iştirak etsin, ola bilər ki, başqa bir namizədi müdafiə etsin, ola bilər ki, ümumiyyətlə bu seçkidə iştirak etməsin. Qəti fikir söyləmək çətindir”.

Millət vəkili Zahid Oruc:

“Prezident seçkilərində iştirak etmək həmin dövrün ümumi siyasi mühiti, vəzifələri, ümumi şəraiti əsasında verilir. Biz 2013-cü ildə namizədliyimiz əsasında ekrandan, efir vasitəsilə ideyamızı izah eləməyə çalışmışdıq. Söyləmişdik ki, uzun illərdir yunan filosoflarının sözü danışılır, fikirləri deyilir, ideyalarından bəhs olunur. Yəni, hər bir seçkidə, hər bir prosesdə önəmli o deyil ki, qalib kim olacaq. Əsas məsələ həm də odur ki, cəmiyyətin həyatına, ölkənin, dövlətin gələcək vəzifələrinə, işlərinə, görüləcək tədbirlərə təsir göstərə biləsən. Hər hansı bir təkliflərə orta rol oynayasan. Ən vacib məsələlərdən biri budur. Ona görə də, 2018-ci ilin seçki dönəmində bu məsələləri qiymətləndirəcəyik. O zaman da biz vurğulamışdıq ki, prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı kimi ötən dövr ərzində ölkənin daxili və xarici həyatında ən önəmli işləri gerçəkləşdirməklə, bu dövlətin təhülkəsizliyini qoruyub. Azərbaycanda sabitliyi təmin edib. Eyni zamanda böyük bir inkişaf yolu keçilibdir. İlham Əliyevin əslində alternativi yoxdur. Namizədlik hökmən birinciliyə iddiada nə qədər şansının olub-olmadığı anlamına gəlməz. Bəzən sadəcə ideyalarını təbliğ etmək istəyərsən, bəzən sadəcə fikirlərini cəmiyyətə təqdim etmək istəyərsən. Ona görə 2018-ci ildə namizəd olub-olmaması məsələsi qarşımızda durmur. Prezident İlham Əliyevin alternative yoxdur. Və bizim üçün ən önəmli məsələ 2015-ci ildən ölkənin həyatında olan bir sıra problemlər və çətinliklərin yoluna qoyulmasıdır. Hər bir dövlət başçısı üçün çağırışlar qarşıdadır. Yəni, əhalinin banklara borcu varsa, iqtisadi təşəbbüskarlığı artırmaq gərəksə, xarici əlaqələrin gücləndirilməsi lazımdırsa, ölkənin idxaldan asılılığını aradan qaldırmaq vacibdirsə, bu hansı şəxsin prezident olmasından asılı olmayaraq, qarşıda dayanacaq. Lakin bütün bunları həyata keçirə bilən şəxs məhz İlham Əliyevdir. Zahid Oruc olaraq, mənimçün ən başlıca məsələ namizədlik deyil. İdeyalarımızın, fikirlərimizin cəmiyyətə çıxmağıdır”.

Aytən Novruzova / Metbuat.az