Rəşid Behbudovun anım günüdür

SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anım günüdür.

Metbuat.az xəbər verir ki, görkəmli Azərbaycan müğənnisi 1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993- cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradıb. Cəbhədə konsertlər verib.

1943-cü ildə“Bakıkinostudiyası” “Arşın mal alan” filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib. Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1949-cu ildə Budapeştdə Gənclərin və Tələbələrin Ümumdünya festivalında çıxış edib. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və başqa mahnılar yer alır. O, Fikrət Əmirovun romans və mahnılarını da ifa edib.

“Gözəlim sənsən”, “Ana”, “Sevgilim”, “Gecələr”, “İlk Görüş”, “Bakının ulduzları”, “Evləri var”, “Küçələrə su səpmişəm” Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Onun ifasında daha çox sevilən və hələdə yaddaşlardan silinməyən mahnılarına “Ayrılıq”, “Alagöz”, “Sənə də qalmaz”, “Halvaçı” və s.aiddir.

Rəşid Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «1001-ci qastrol», «Doğma xalqımıza» (1954), «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə və kinojurnallarda çəkilib.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun “Sevil” operasında əsas qəhrəman – Balaş rolu Rəşid Behbudova tapşırılıb. Bu obraz onun opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunur və respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb. Və həyatının sonunadək bu teatrın bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzib. Hazırda həmin teatr Rəşid Behbudovun adını daşıyır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında Moskva şəhərində vəfat edib. Müğənninin məzarı Bakı şəhərində, birinci Fəxri Xiyabanda yerləşir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR