Azərbaycanda yaltaqlığın qadağan edilməsi ilə bağlı Milli Məclisdə müzakirələr olub.
Bununla bağlı Milli Məclisin ötən gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxışı edib. Özbəkistanda bu addımın atıldığını xatırladan deputat, Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb.
Milli Məclisdə gedən müzakirələrlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, kişi yaltaqlanmaz, kişinin bir sifəti olar:
“Hamısı boş-boş şeylərdir. Yaltaqlıq edən adamların yaşayış tərzinə baxın, sonra yaltaqlanmayan adamların yaşayış tərzinə. Bu insanlar çalışırlar ki, süni şəkildə müəyyən dairələr arasında xal qazansınlar. Bu cür süni məsələlərə nifrət edirəm. Süni sözlərə, boş-boş danışanlara qarşı mənim fikrim çox pis və neqativdir. Kişi yaltaqlanmaz, kişinin bir sifəti olar”.
Millət vəkili Fazil Mustafa bildirib ki, bununla bağlı qanunun olmaması daha xeyirlidir:
“Belə bir qanunun qəbul olunmasının əleyhinəyəm. Çünki indi hamını daha yaxşı seçmək olur. Qanun qadağa etsə, heç kimi tanımaq olmayacaq. Ona görə də, qanunun olmaması daha xeyirlidir”
Xəyalə Məmmədova / METBUAT.AZ