Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin irəli sürdüyü 13 maddəlik tələblər siyahısına rədd cavabı verib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qahirədə 4 xarici işlər nazirinin iclasının nəticələrinə görə qəbul edilmiş birgə bəyanatda deyilir.
“Qətərdən daxil olmuş mənfi cavabla əlaqədar təəssüfümüzü ifadə edirik. Bu, Qətərin problemə məhəl qoymadığını və qeyri-ciddi yanaşdığını göstərir”, - sənəddə deyilir.
Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.
İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.
Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.
Ömər Dağlı