Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş Qətərin “Əl-Cəzirə” telekanalının bağlanması tələbi ilə BMT-nın insan hüquqları üzrə ali komissarı Zeyd Rad əl-Hüsseyə müraciət göndərib.

Publika.az xəbər verir ki, bu haqda BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.

Müraciətdə deyilir ki, söz azadlığı hüququna milli təhlükəsizlik və ictimai asayişin müdafiəsi ilə əlaqədar məhdudiyyətlər var.

“Söz azadlığı ekstremizmin yayılmasının müdafiəsi üçün istifadə oluna bilməz”, - BƏƏ-nin xarici siyasət idarəsinin başçısı qeyd edib.

Ənvər Qarqaş “Əl-Qaidə”nin keçmiş lideri Üsamə Bin Laden, “Hizbullah” lideri Həsən Nəsrullah və digərlərinin çıxışlarının telekanal tərəfindən translyasiyasını yada salıb. Bundan başqa, Məhəmməd peyğəmbərin karikaturalarının nəşrinə görə qisas çağırışlarında “Əl-Cəzirə”nin rolu xatırlanır.

Daha əvvəl BMT-nın insan hüquqları üzrə ali komissarı “Əl-Cəzirə”nin bağlanması barədə tələbi “söz azadlığına qarşı yolverilməz hücum” kimi xarakterizə edib.

Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.

İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.

Ömər Dağlı