Dihaj qrupu Yaşıl Teatrda “The End Of Sunrise” adlı ilk konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, Diana Hacıyeva konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, açıqlamasında bildirib ki, bu, böyük səhnədə ilk konsertidir:
"Yaşıl Teatrda ilk dəfə çıxış edəcəm. Böyük səhnədə çıxış etmək risk deyil. Belə bir söz var: "Risk etməyən şampan içmir". Mənim konsertdə çıxış etməyim sürprizdir. Yaşıl Teatrı seçməyimiz təsadüfi deyil. Romantik yay havası var, konsert üçün əla məkandır”.
Diana jurnalistlərə açıqlamasında həmkarı Nigar Camalın onun soyuqanlı olması ilə bağlı dediyi fikirlərə də münasibət bildirib:
"Deyir lap yaxşı, bu, onun şəxsi fikridir. Sevinirəm ki, onun başı mənimlə məşğuldur".
Daha sonra isə Diana Hacıyeva Nigar Camal ilə münasibətinin yaxşı olduğunu da qeyd edib: "Münasibətimiz əladır. Məni qızışdırmayın. Bu, düzgün deyil".
“Eurovision 2017” təmsilçimiz klublarda çıxış etməsinə də münasibət bildirib: "Ən istiqanli publika klubdadır. Ümumiyyətlə, musiqiçinin klubda ifa etməsi ayıb hesab olunmur. Çünki insanlar kluba məhz səni dinləməyə gəlir".
Qeyd edək ki, Diana konsertdə "TEOS" adlı debüt albomunun təqdim edib. Diana Hacıyeva konsertdə Elnur Hüseynovla duet ifa edib. İfaçıları dünya şöhrətli azərbaycanlı pianoçu İsfar Sarabski müşayiət edib. “O Səs Türkiyə” musiqi yarışmasının qalibi Elnur dünənki konsertdə yeni mahnısını da həmkarının konsertində təqdim edib.
Konserti izləməyə gələn tamaşaçılar arasında “YARAT”ın rəhbəri Aidə Mahmudova, aparıcılar Zümrüd Qasımova, Hacı Nuran Hüseynov da olub.
Xatırladaq ki, Diana Hacıyeva ölkəmizi "Eurovision 2017"- də təmsil edib.
Aytən