Bu səhvə görə 600-dan çox bal toplayıb qəbul olmadılar

“Bu il qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, tələbə adını qazana bilməyənlər çox olub”.

Bunu Metbuat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib: “Universitetə qəbul olmayan abituriyentlər arasında 600-dən yuxarı bal toplayanlar da var. Belə ki, III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1 nəfər kəsilib”.

Təhsil eksperti əlavə edib ki, digər qruplar üzrə yüksək nəticə göstərməsinə baxmayaraq, kəsilənlər az deyil: “I ixtisas qrupu üzrə 300-dən yuxarı bal toplayan 134, 400-dən çox bal toplayan 4, 500-dən çox bal toplayan 2 nəfər, II ixtisas qrupu üzrə 300-dən yuxarı bal toplayan 45, 400-dən çox bal toplayan 16 nəfər, III ixtisas qrupu üzrə 300 baldan yuxarı toplayan 330, 400-dən çox bal toplayan 57, 500-dən yuxarı bal toplayan 14 nəfər , IV qrup üzrə 300 baldan yuxarı toplayan 88, 400-dən çox bal toplayan 51, 500 baldan yuxarı nəticə göstərən 17 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib”.

Kamran Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin “Abituriyent 2” jurnalından istifadə etmələri yəni, kodlaşdırma əsnasında keçən ilki balları əsas götürmələri olub. "Həmin jurnaldakı ballar nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az olub. Bu il isə iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib".

Təhsil eksperti qeyd edib ki, bu il qəbul imtahanlarının nəticələri keçən illə müqayisədə daha ürəkaçan olub. “I, III, IV qruplarda yüksək bal toplayanların sayı çoxdur. 15 nəfər maksimum bal , 2400-dən çox abituriyent isə 600-dən artıq bal toplayıb".

K.Əsədov əlavə edib ki, xoşagəlməz hallarla qarşılaşmamaq üçün abituriyentlər seçim edərkən mütləq şəkildə mütəxəssislərə müraciət etməli və daha diqqətli olmalıdırlar.

Aysel Yaqubqızı / Metbuat.az

Ali təhsil müəssisələrinin boş qalan plan yerləri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)