Bu gün Premyer Liqada 4-cü tura start veriləcək. Fanat.Az xəbər verir ki, əslində tur dünəndən başlamalı idi. Ancaq ÇL-dəki matça görə "Səbail" - "Qarabağ" görüşü təxirə salındığından bu tur azarkeşlər cəmi 3 oyun izləyəcəklər. Onlardan ikisi isə bu gün baş tutacaq.
Turun ilk oyunu "İnter Arena"da "İnter"lə "Kəpəz" arasında keçiriləcək. Premyer Liqada iki məğlubiyyət və bir heç-heçəsi olan "Kəpəz" üçün bu oyunun da çətin keçəcəyi bəllidi. Buna baxmayaraq azarkeşlərin də çıxışından ciddi narazılıq etdiyi gəncəlilər, nəhayət "şeytanın qıçın sındırmağ"a çalışacaq.
Tərəflər Azərbaycan çempionatlarında 26 dəfə üz-üzə gəliblər. Bunların 15-də "İnter", 5-də "Kəpəz" 3 xala sevinib. Qalan 6 görüş heç-heçə nəticələnib. Top fərqi də "İnter"in xeyrinədi - 47:23.
Komandalar arasında baş tutan son 8 oyunda qonaq tərəf qələbə qazana bilməyib. "İnter” son 13 matçda 1 dəfə uduzub.
Günün ikinci matçı isə "Qəbələ"də baş tutacaq. Roman Qriqorçukun komandası doğma azarkeşlər önündə "Zirə" ilə qarşılaşacaq. Turun mərkəzi görüşündə "Zirə" çempionatın startından bəri qazandığı qələbələri və hazırkı turnir cədvəlindəki liderliyini davam etdirməyə çalışacaq. Ancaq Qəbələdə bunun nə dərəcədə reallaşıb-reallaşmayacağını zaman göstərəcək.
Kollektivlər Azrbaycan çempionatlarında ümumilikdə 8 dəfə görüşüblər ki, bunun 3-də bölgə təmsilçisi, 2-də isə zirəlilər qələbəyə sevinib. Qalan 3 görüş heç-heçə nəticələnib. Top fərqi də "Qəbələ"nin xeyrinədi - 10:6.
Komandalar arasında bu il keçirilən hər iki oyunda qol vurulub. "Zirə” 5 oyundu qalib gələ bilmir. "Qəbələ” isə 6 matçdı meydanı qolsuz tərk etmir.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, IV tur
9 sentyabr
17.00 İnter - Kəpəz
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "İnter Arena”.
20.30 Qəbələ - Zirə
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
1. Zirə 3 3 0 0 8-2 9
2. Qarabağ 3 3 0 0 6-2 9
3. Qəbələ 3 2 0 1 4-3 6
4. İnter 3 1 0 2 2-3 3
5. Sumqayıt 3 1 0 2 3-5 3
6 Səbail 3 1 0 2 2-3 3
7. Neftçi 3 0 1 2 1-4 1
8. Kəpəz 3 0 1 2 1-5 1
Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.
Fanat.Az