Narkomanları cinayət məsuliyyətindən azad edən maddənin qanunvericiliyə əlavə ediləcəyi gözlənilir.
Hüquqşunas Asif Abdullayev Metbuat.az-a açıqlaması zamanı bildirir ki, narkomanlar artıq cinayət məsuliyyətinə cəlb olunmaq əvəzinə, məcburi müalicə olunacaqlar:
“Dəyişiklik yalnız 234.1.-ci maddəyə aid olacaq (narkotik maddənin satış məqsədi olmadan qanunsuz əldə etmə və ya saxlama). Təklif olunan yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir”.
Xəyalə Məmmədova / METBUAT.AZ