Əməkdar artist Röya Ayxan dünən mətbuat konfransı keçirib.

Konfransda media nümayəndələrilə yanaşı, müğənninin mətbuat katibi Türkan Məmmədli və bəstəkar Aytən İsmixanova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan T.Məmmədli görüşün əsas məqsədini açıqlayıb:

"Bildiyiniz kimi, bugünkü mətbuat konfransı 29 sentyabr tarixində "Gənclik Mall" alış-veriş və əyləncə mərkəzində baş tutacaq, Röya xanımın geyimlərindən ibarət sərgisinə həsr olunub. Röya və Səbinə Hüseynin 15 illik işbirliyi var. İkilinin bu birliyindən Röya Ayxanın müxtəlif illərdə konsertlərdə geyindiyi səhnə libasları əmələ gəlib. 29-u təşkil olunmuş sərgidə Röya xanımın 2005-ci ildən indiyədək konsertlərdə geyindiyi libaslarını görə biləcəksiniz".

Daha sonra R.Ayxan gələcək planlarını açıqlayıb:

"Çoxdandır görüşmürdük. Artıq konsertimin tarixləri bəllidir. 2018-ci ilin ilk ayına planlaşdırılıb. İnşallah, 12, 13, 14 yanvarda Heydər Əliyev Sarayında solo konsertlə çıxış edəcəyəm. Çox düşündük ki, bu dəfə konserti hansı tərzdə edək. Rəşad Haşımovla olan konsertim bəlkə də həyatımda ilk konsert idi ki, əsəbləşmədim. Qarşıdan gələn konserti isə Teymur Göyçəyevin simfonik orkestri ilə birlikdə ərsəyə gətirəcəyik. Amma bu sizi çaşdırmasın ki, köhnə mahnılar səslənəcək. Repertuar mənim olacaq. Həmin səhnədə simfonik orkestrlə birlikdə bizim musiqiçilər də olacaq. Başqa fərqli bir şeylər etməyi düşünmürəm. İnşallah, sizə yaxşı iş təqdim edəcəyəm. Yayda isə açıq hava konserti ilə Yaşıl Teatrda səhnəyə çıxacağam. Bunu Rəşad Haşımov çox istəyir. Mən də onun bu arzusunu yerinə yetirəcəyəm”.

Daha sonra ifaçı yeni açılan moda evi "First Fashion Lab"ın onun üçün laborotoriya olduğunu bildirib:

“İndi isə bir az moda evi barədə danışım. "First Fashion Lab" əslində bir laboratoriyadır. Ora təkcə moda evi deyil ki, kimsə gəlib şalvarının balağını kəsdirsin və ya ətək tikdirsin. Ora daha çətin işlər görmək üçündür. Çox istərdim ki, filmlər çəkiləndə biz də iştirak edək. Təbii ki, tək əldən səs çıxmaz. Bu işdə mənə dəstək olan Səbinə Hüseynin adını çəkə bilərəm. Güvəndiyim biri olduğu üçün onunla birlikdə "First Fashion Lab"ı açdıq. Bu gün onun adından sizdən üzr istəyirəm. Xəstə olduğu üçün burada iştirak edə bilmir. Mən bahalı geyinməyi xoşlayıram. Sənət dostlarım üçün isə qiymət söhbəti ola bilməz. Amma çəkilən əziyyətin haqqını da yemək olmaz. Biz brend geyimləri parçasına görə bəyənirik. Bax, həmin parçaları alıb gətirdik. Bir də ki, Səbinə ola bilməz ki, o parçaları sadəcə tikib kənara qoysun. Mütləq onun üzərinə əl işləri əlavə etməlidir.

"First Fashin Lab" təkcə mənim üçün deyil. Qapılar hamının üzünə açıqdır. Bəlkə də mənim adım var deyə, burada geyinmək istəmirlər. Ona görə də gözəllik salonu açmaq istəmirəm. Bilirəm ki, gəlməyəcəklər. Bizdə paxıllıq çoxdur. Bu, günü-gündən artır və məni əsəbiləşdirir. Ona görə də ancaq gənclərə kömək edə bilərəm".

İndiki geyimlərisə hələ satmaq fikrimiz yoxdur. Amma gələcəkdə əlbəttə ki, belə olacaq. Libas artıq geyinilib. Ona xərclənən pul da xərclənib. Səhnə geyimi var ki, 30 min manata hazırlanıb. Onu mən həmin məbləğə sata bilmərəm axı. Düzdür, çox böyük məbləğə satılmalıdır, amma biz hələ buna hazır deyilik. Çünki bizdə pafos çox böyükdür. Deyirlər ki, mən o paltarı geyinə bilmərəm. Eyni libası iki nəfər geyinəndə də belə davalar başlayır. Amma geyimlərimin satılması üçün sərgi təşkil olunsa, oradan əldə olunan vəsait ehtiyacı olan yerlərə köçürüləcək”.

R.Ayxan onu da söyləyib ki, iki gün sonra Türkiyəyə yola düşəcək:

"Hazırda bir mahnımız aranjimandadır. İnşallah, bu dəfə gecikməsək, Yıldız Tilbə üçün hazırlanan diskdə mənim də ifam olacaq. Həmin layihədə bir çox türk ulduzların adı var".

Röya Konsert Geyim Moda