Səyyar “ASAN xidmət” oktyabrın 9–18-də Samux şəhərində, oktyabrın 9–23-də Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara xidmət göstərəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, oktyabrın 2–31-də isə Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.

Bundan başqa, səyyar avtobuslar oktyabrın 24-nə qədər Şirvan və Xırdalanda, oktyabrın 18-nə kimi Ucarda, oktyabrın 2–16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Eyni zamanda, vətəndaşlar daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar əldə edə, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da ala biləcəklər.

Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.