Rəşad Sadıqov bir müddət əvvəl milli komandadakı karyerasını başa vurdu. Amma təcrübəli müdafiəçi “Qarabağ”ın kapitanı və aparıcı futbolçusu olaraq klub karyerasını hələ də davam etdirir.
Publika.az xəbər verir ki, Sadıqov “sport24.az” saytına geniş müsahibə verib. Rəşad müsahibəsində demək olar ki, oxucular üçün maraqlı olan bütün məqamlara toxunub. Həmin müsahibəni təqdim edirik:
"Düşünürəm ki, futboldan gedəndə vida matçı təşkil edim və beynimdən keçən bir-iki variant var"
- Rəşad Sadıqov milli karyerasını başa vurması böyük
ajiotaj doğurdu. Vida matçından sonra yaşananları necə
dəyərləndirirsən?
- Sözün düzü, insanlar tərəfindən bu qədər qayğı, məhəbbət
olacağını, bu qədər xoş söz eşidəcəyimi gözləmirdim.
- Millidə vida matçın sakit keçdi. Səbəb nə
idi?
- Özüm elə olmasını istəyirdim. Çünki həmişə belə hesab etmişəm ki,
elə bir karyeraya sahib deyiləm ki, mənə təntənəli şəkildə vida
oyunu keçirilsin. Buna rəğmən, vida oyunu keçirildikdən sonra
azarkeşlərimiz, mətbuatımız, AFFA, məşqçilərimiz, futbolçularımız
tərəfindən ünvanıma yalnız xoş sözlər, fikirlər eşitdim. Bu, çox
sevindirici haldı. Bir çoxları bu addımı zamanında atdığımı
düşünürlər. Qərar verdikdən sonra hamı bu haqda düşünür. Milliylə
vidalaşmağım bir çoxu üçün də gözlənilməz oldu. Ancaq sonra hamı
deyir ki, sadaladığın səbəblərim hamısı doğrudu, düz fikirləşdin,
düzgün addım atdın.Tarixə həmişə nəticəylə düşməyə çalışmışam. Bunu
qazanıb tarixə düşməyə cəhd etmişəm, reklam xarakterli bir şeylərlə
deyil. Həm də axı, futboldan getməmişəm, milli karyeramı başa
vurdum. Düşünürəm ki, futboldan gedəndə vida matçı təşkil edim.
Ancaq indidən həmin matç ətrafında plan qurmuram. Beynimdən keçən
bir-iki variant var. Məsələn, futbolçu karyeramın bağlı olduğu
“Neftçi” ilə “Qarabağ” arasında matç. Bunu son oyun olduqda
düşünərik. Dünya çempionatının final mərhələsinə düşsəydik və ya
daha yaxşı nəticə qazansaydıq, bəlkə də elə bir şey etmək olardı.
Ancaq qrupda şansımızı itirdiyimizə görə onsuz da çox üzgün idim.
Elə də təntənəli bir şeyin baş verməsinə səbəb görmürdüm.
- PRO kurslarında media ilə münasibətin vacibliyinə dair
dərs var. Maraqlıdı ki, sən karyeran boyu bu dərsdən “əla” qiymət
almısan...
- Gəncliyimdən mətbuatla münasibəti buna görə qurmamışam ki, nə
vaxtsa PRO-da belə olacaq. O vaxt ümumiyyətcə, dərk eləmirdim ki,
“çəngəl-bıçaq” münasibəti olsa, məni nə gözləyir. İnsanları heç
vaxt kateqoriyaya bölməmişəm: mətbuatdı, futbolçudu, rəhbərlikdi –
hamıya çalışmışam ki, eyni münasibəti göstərim. Təbii ki,
qarşımdakı insan o hörmətə layiqdirsə. Kim olur-olsun, o hörmətə
layiq deyilsə, hər biriylə “çəngəl-bıçaq” olmağa hazıram. Yalandan
da süni şəkildə münasibət qurmayacağam. O insan ki zəhmətkeşdir,
işinə peşəkar səviyyədə yanaşır, insanlığı yüksək səviyyədədi, o
insanla həmişə yaxşı münasibətdə olmuşam. Heç vaxt insanları
imkanlı-kasıb kateqoriyasına bölməmişəm. Ancaq PRO kateqoriyasında
həqiqədən mediayla münasibət qurmağı öyrədirlər, başa salırlar.
Sözün düzü, bu hissələrinə o qədər də önəm verməmişəm, mənə maraqlı
olmayıb. Çünki o şeylə mən razılaşmıram, sanki söhbət süni şəkildə
qurulan münasibətlərdən gedir. Mənim üçün səmimi münasibətlər hər
şeydən öndədi.
"AFFA o vaxt məni məcbur edirdi ki, özünün yaratdığı "Şəfa"
klubunda oynayım, mən isə..."
- Ümumiyyətlə, insan həyatı kitabdı. İlk səhifəyə qayıdanda
nəyi xatırlayırsan? Futbola gəlişin və sonrakı
addımlar...
- Peşəkar futboldan danışırıqsa, karyeramın ilk səhifələri Tovuz
“Turan”ında oldu. Çox çalışırdım, çox istəyirdim ki, yüksək liqada
möhkəmlənim, daim oynayım, seçilim, milli komandaya düşüm. Təbii
ki, asan deyildi, rəqabət böyük idi. Mən də gənc, 18 yaşlı
futbolçu, çox kasıbçılıq idi. Bilirdim ki, vəziyyətdən çıxmaq üçün
bütün diqqətimi futbola yönəltməliyəm. Çünki başqa bir şey
bacarmırdım. İlk səhifəmdə çox çətin günlərim oldu. Tovuzda
qalırdım, gənc yaşımda ailədən uzaq, təcrübəli, yaşlı insanların
içində çətin günlər keçirdim. Bir tərəfdən də AFFA oynamağa icazə
vermirdi. O vaxt məni məcbur edirdilər ki, assosiasiyanın özünün
yaratdığı “Şəfa” klubunda oynayım. Mən isə ilk növbədə Turan”a söz
verdiyim üçün getmirdim. Hətta hədə-qorxular oldu ki, milliyə
çağırılmayacaqsan: “Millinin maykasını geyinmək istəyirsənsə,
mütləq “Şəfa”da oynamalısan”. Lakin söz vermişdim, vədimə xilaf
çıxa bilməzdim. Nə qədər çətin olsa da, Tovuzda qaldım. Tədricən
problem çözüldü, mənə “Turan”da oynamağa icazə verdilər. 7-8 tur
kənarda qalsam da, Tovuz klubunu tərk etmədim. Ardından milliyə də
dəvət aldım, problem yadddan çıxdı. Bax, peşəkar karyerama belə bir
çətinliklərlə başlamışam. “Turan” rəhbərliyi də, futbolçular da
cəmi 18 yaşım olmasına baxmayaraq, sözümü tutduğumun şahidi
oldular. Bu hərəkətim insanlar arasında rəğbət qazanmağıma təkan
verdi. İnsanlar prinsipiallığımı həmin vaxtdan görməyə
başlamışdılar.
- Səni “Turan”a Kazbek Tuayev aparmışdı. Harda gözaltı
etmişdi? Uzaq Tovuza getməkdə tərəddüd etmədin ki?
- Biz Vaqif Paşayevin rəhbərliyi altında I liqada “Real”da çıxış
edirdik. Vaqif Sadıqovun baş məşqçisi olduğu “ANS Pivani”ylə
oynayırdıq. O vaxt bu komandanın ulduz heyəti vardı. Əslində, mən
“Turan”a Tuayevin dövründə getməmişəm. Bəli, Kazbek Əliyeviç klubda
idi, ancaq baş məşqçi deyildi. Baş məqşçi kimi ilk olaraq Böyükağa
Ağayevin rəhbərliyi altında olmuşam. Bir gün “Turan”ın rəsmisi
Namiq Məstanov oyunuma baxmağa gəldi. İkicni oyuna artıq Böyükağa
müəllimi gətirmişdi. Elə oldu ki, biz dalbadal yüksək liqa
təmsilçiləriylə 3 yoxlama matçı keçirdik: rəqiblərimiz “Ümid”,
“Dinamo” və “ANS Pivani” idi. “Turan”ın nümayəndələri ikinci
oyundan sonra mənimlə görüşdülər, dəvət etdilər. Sonra elə oldu ki,
“Ümid”lə oynadıq. Bu matçdan sonra onlar da mənə təklif göndərdi.
Sadəcə, bundan 2-3 gün əvvəl artıq “Turan”la razılaşmışdım. Sonra
“Şəfa” məni çağırmağa başladı. Bir ayın içərisində diqqət mərkəzinə
düşdüm. Təkliflər başladı, maraq dairəsinə düşdüm. Lakin artıq
“Turan”a söz vermişdim. Düzdü, bir neçə turdan sonra Böyükağa
müəllim ardıcıl böyükhesablı məğlubiyyətlər səbəbindən komandadan
ayrıldı və baş məşqçi Kazbek Tuayev oldu. Mən də “Turan”da məhz
onun rəhbərliyi altında oynamağa başladım. O da ikinci oyununda
məni birbaşa əsas heyətə qoydu. “Şəmkir”lə çətin səfər matçı idi.
Hətta sonradan münasibətlərimiz yaranan bəzi azarkeşlər deyirdilər
ki, biz tribunada şoka düşmüşdük, 18 yaşlı uşağı belə rəqiblə matça
hara qoyursan? “Şəmkir” onda çempionluğa oynayırdı, çempion da
oldu. Həmin matç çox yaxşı keçdi, 100-cü dəqiqədə qapımıza
penaltidən qol vurdular. “Məşhur” penalti idi. Orda oyunum yaxşı
alınmışdı və demək olar həmin vaxtdan heyətdə möhkəmlənməyə
başladım.
- Hüseynqulu Quliyevlə ilə birgə müdafiədə
oynayırdın...
- Bəli, o sağ, mən mərkəz müdafiəçisi mövqeyində oynayırıdm. O vaxt
3 müdafiəçi ilə oynayırdıq, mən tək libero idim. Onda müdafiədə
Eltay Aslanov, Ruslan Abbasov, Sakit Alıyev oynayırdı. Yaxşı
heyətimiz vardı. Gilasoniya qardaşları heyətimizdə idilər – Georgi
və Varlam.
- Gənc Rəşad Sadıqovun Tovuzdakı günlərə psixoloji
yanaşması maraqlıdı. Deyirsən ki, kasıbçılıq idi. Bu tərəfdən 7-8
tur oynamağa qoymadılar. Sənin də cəmi 18 yaşın var. Bu təzyiqin
altında necə dözdün, necə tab gətirə bildin?
- Ən böyük üstünlüyüm işimi həddindən artıq sevməyim olub.
Azərbaycan səviyyəsində nələrə nail olmuşamsa, düünürəm ki, Allah
işimə olan sevgimə görə verib. O dövrdə məni ən çox narahat edən o
idi ki, geri addım atmaq istəmirdim. Həmin hiss məni boğub, sıxıb
saxlayırdı ki, geri addım atmaq olmaz. Hansısa bir işi yarımçıq
qoymağı xoşlamıram. Uğursuzluq olsa belə sona çatdırmağı
xoşlayıram. İdmanda şanssız şəkildə məğlub olanda da xoşlayıram ki,
final fiti olsun, oyunu sona çatdırım. Və ya komanda 0:6 hesabı ilə
uduzur, mən əvəz edilərək meydandan çıxım, bu, mənə ağır gələn bir
şeylər olur. O anlarda ən çox onu düşünürdüm ki, geri addım atmış
olacağam. Oynamağıma icazə vermirlər. Söz vermişəm, sözümün üstündə
durmuram. Həmin dövrdə bu tip problemlər yaşadım. Ancaq
prinsipiallığı qorudum, səhər çıxıb fərdi məşqimi edirdim, axşam
komanda ilə hazırlaşırdım. O vaxt mobil telefonlar yeni çıxmışdı,
məndə yox idi, evlə əlaqə çox nadir hallarda yarada bilirdim. İmkan
düşdükcə gedib poçtdan əlaqə saxlayırdım. Qışda havalar çox soyuq
olurdu. “Turan”ın da o dövrdə vəziyyəti ideal deyildi. Bircə onu
fikirləşirdim ki, dözmək lazımdı. Elə oldu ki, həmin mövsümün
sonunda həqiqətən bunun bəhrəsini gördüm. Millidə möhkənləndim,
artıq “Neftçi”yə transfer oldum. Artıq mənim üçün başqa səhifə
açılmağa başaldı...

"Tuayev Qazzayevə məni demişdi, o möhkəm istəsəydi, məni
götürərdi"
- Kazbek Əliyeviç sənə nə verdi?
- Çox şey. Mənə böyüklük edirdi. Ondan məsləhətsiz demək olar heç
bir qərarlar qəbul eləmirdim. Hətta “Neftçi”yə keçdiyimdə də o
“Turan”da idi. Məni baş məşqçi Oqtay Abdullayev dəvət etmişdi. Yenə
də Tuayevlə məsləhətləşdim. Təklif “Neftçi”dəndi deyə dərhal atılıb
qaçmadım. Nə qədər ki, Tuayevin rəhbərliyi altında oynamışam, onsuz
heç bir qərar qəbul etməmişəm. Kazbek Əliyeviç mənim üçün həmişə
dəyərli insan olub.
- Bəs məşqçi olaraq nə verdi? Məhz mütəxəssis kimi,
psixoloq-pedaqoq kimi yox...
- Futbol olaraq mənə verdiyi ən böyük şey mənə inanmağı idi. Səhv
etsəm də, yaxşı-pis oynasam da, məni meydançada saxlaması idi. O,
mənə inanırdı ki, bu insana güvənmək, üzərində dayanmaq olar.
Bundan futbolçu çıxacaq. Təbii ki, məndə hər şey ideal deyildi,
çatışmayan cəhətlərim, zəif oyunlarım var idi. Ancaq ən vacib, ağır
oyunlarda həmişə əsas heyətin üzvü olmuşam. Elə olurdu ki, Tuayev
məşqdən sonra mənimlə fərdi çox işləyirdi. Topla oyun, uzun
ötürmələr, qapıya zərbələr üzərində çalışırdıq. Çox söhbətlərimiz
olurdu, çünki Tovuzda bir yerdə qalırdıq. O idi, futbolçulardan
mən, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev. Dörüdümüz bazada
qalırdıq və söhbət etməyə yetərincə vaxtımız olurdu. Demək olar hər
gün vaxtımızı birgə keçirirdik. Sovet futbolundan tutmuş müasir
futbola qədər, daim onu danışdırırdım, lazım olan məsləhətlərimi
alırdım.
- Tuayev hələ 2004-cü ildən bu yana bizə müsahibələrdə
dəfələrlə bildirmişdi ki, Moskva MOİK-inin ovaxtkı baş məşqçisi
Valeri Qazzayevə səni götürməyi təkid edib. O, səni mövqeyində
oynayan Sergey İqnaşeviçdən güclü sayırdı. Doğrudanmı, Qazzayev
səninlə hansısa formada maraqlanırdı, yoxsa bu, daha çox öz
təşəbbüsü ilə bağlı idi?
- Qazzayev mənimlə maraqlanmamışdı. Bəli, aralarında söhbət
olmuşdu. Onlar çox yaxındırlar. Qazzayev də bəyəndiyini, amma
oynamağımın daha önəmli olduğunu düşünürdü, nəinki gəlib
İqnaşveçinin əvəzləyicisi kimi ehtiyat oyunçular skamyasında
oturmağı. Lakin aydın məsələdir ki, Qazzayev möhkəm istəsəydi, məni
götürərdi. Hansısa bir futbolçunu çox istəyim, variant yoxdur ki,
komandama götürməyim. Əlbəttə, imkanım varsa. Ancaq MOİK-lə
Moskvada cavab matçı oynadıqda Rusiya Premyer Liqasından başqa
komanda otelimizə gəlmişdi. Tam yüzdə-yüz deyildi, ancaq görüşlər
olmuşdu. Deyilmişdi ki, oyundan sonra danışarıq. Söhbətlər də elə
qaldı. Moskvadakı qarşılaşmanı o qədər də yaxşı səviyyədə
keçirmədim. Ola bilsin, buna görə təkliflər o qədər də çox
olmadı.
"Kamal Quliyevin cəzalı olması da millidə yolumun açılmasında rol oynadı"
- Millidə ilk addımlarını mərkəz yox, ön müdafiəçi kimi
başladın...
- Ancaq ən yaxşı oyunlarımı libero kimi oynadım. İstər millidə
olsun, istər “Neftçi”də. Onda 3-lü müdafiə idi.
- Milli karyeran İqor Ponomaryovun rəhbərliyi altında
Stokholmda İsveş yığmasıyla rəsmi oyunla başladı. Həmin dövrü necə
xatırlayırsan?
- O vaxt U-21-də çıxış edirdim, 1-2 dəfə millidə yoldaşlıq
görüşlərində əsas heyətdə oynamışdım. Ancaq onda əsas yığmaya dəvət
almırdım. Oyunların bəzilərindən sonra Ponomaryov mənə
yaxınlaşırdı. Deyirdi ki, yaxşısan, özünə inan, bunun üzərində
işlə, hər şey qaydasında olacaq. Daim mənimlə belə müzakirələr
aparırdı. O vaxt U-21 əsas yığmadan 1 gün əvvəl oynayırdı. Son 3
oyunda əsas yığmaya cəlb olunmağa başladım. Ancaq oynamırdım, əsas
heyətə düşmürdüm. Sadəcə, gedib oteldə 1 gün qalırdım, “18-lik”də
ehtiyatda otururdum. Son oyun idi, millinin heç bir şansı yox idi.
Kamal Quliyev də cəzalı olduğundan oyunu buraxırdı. Elə oldu ki,
baş məşqçi məni dəvət etdi. Həmin matçda mənimlə Ramal Hüseynov
oynadı. İki gənc futbolçunu əsas heyətə qoydular. Bizə inandı.
Millidə uğurlu karyeramın başlanmasında Ponomaryovun da rolu oldu.
Pis oynamadım ki, bundan sonra mənə inanmağa başladılar.
- Debütün hansı mövqedə oldu?
- Kamalın oynadığı sağ cinah müdafiəçisi mövqeyində. Onda müdafiədə
5-li sistemlə oynayırdıq. Çox istəkli idim. Kamalın cəzalı olması
da millidə yolumun açılmasında rol oynadı.
"Torres" İsrailə 0:6-dan sonra məni milliyə dəvət etmək
istəmirdi"
- Bəs Karlo Alberto Torres sənə nə verdi?
- Millidə nə qədər baş məşqçilər olub, ən yaxşı münasibətdə
olduqlarımdan biri Torres olub. Biri də Robert Prosineçki ki,
həqiqətən iki böyük şəxsiyyətdən danışıram. Dərhal görünürdü ki,
onlar böyük futbolçular, böyük şəxsiyyətlər olub. Öz danışıqları,
nəsihətləri, bizi oyuna hazırlamaqları ilə çox fərqli insanlar
olublar. İkisindən də çox şey öyrənmişəm. İlk olaraq Torreslə
başladım 4-lü sistemdə oynamağa. Daim 3 müdafiəçi ilə oynamağa
öyrəşmişdim. Torres mənə öz məsləhətlərini verirdi. O, mənə
həddindən çox inanırdı.
- Torres bütün müsahibələrində bunu xüsusi
qabardıb...
- Bəli, Torres hamıdan tələb edir ki, hücumlar Rəşaddan
başlamalıdı, hücumları o qurmalıdı. Futbolçu kimi inkişafımda çox
faydası dəyib.
- Ancaq Torreslə startınız çox uğursuz olmuşdu. İsrail
yığması ilə səfər matçı yoldaşlıq görüşü olsa belə, 0:6 hesablı
darmadağın yaşadınız...
- Əslində, Torres 0:6-dan sonra məni dəvət etmək istəmirdi. O vaxt
zədəli idim, 2 ay idi oynamırdım. 10-15 gün idi məşqə başlamışdım
və getdik İsraillə oyuna. Təbii ki, ideal formadan uzaq idim. Ancaq
Torres bunu bilmirdi. Mən də həmin matçı çox zəif oynadım, fiziki
cəhətdən çatdırmırdım, topla istənilən səviyyədə işləmirdim. Bundan
sonra Torres milliyə 5-6 nəfəri dəvət etmək istəmirdi ki, bunlardan
da biri mən idim. Sadəcə, ona deyilmişdi ki, ən perspektivli
futbolçularımızdan biridi, zədəli idi, bir dəfə də şans ver.
Torresi fikrindən yayındırmışdılar və o, mənə Qazaxıstan yığmasıyla
səfər matçında da şans verdi. Elə oldu ki, hesab 2:2 idi, 10 nəfər
qalmışdıq və cərimə zərbəsindən qola imza atdım ki, nəticədə qələbə
qazandıq. Bu oyundan sonra Torresin mənə qarşı fikri 180 dərəcə
dəyişdi. Mən də oyuna çıxanda bilirdim ki, mənim üçün bir şansdı,
bundan istifadə etməsəm, sonuc pis olacaq.
- Braziliyalı İsrail yığmasıyla oyundan öncə verdiyi
müsahibədə bildirmişdi ki, bu rəqib kimdi ki biz onunla
ümumiyyətlə, hesablaşaq. Qayıdandan sonra 0:6 hesablı nəticəni
xatırlatdıqda dedi ki, günahı üzərimdən götürmürəm. Ancaq məsələ
burasındadır ki, uşaqlara total futbol oynamağı tapşırmışdım. Yəni
hamı müdafiəyə, hamı hücuma. Ancaq Azərbaycan millsinin
futbolçuları ancaq hücuma gedirdilər, geriyə qayıda bilmirdilər,
fiziki çatdırmırdılar. O vəziyyəti yaradan həqiqətən onun düşündüyü
taktika oldu?
- Xeyr, normal taktika idi. Torres tapşırıqlarını vermişdi. Sadəcə,
oyunu çox zəif keçirmişdik. Ümumiyyətlə, güclü yığmalara qarşı
yoldaşlıq görüşlərində oynamaq həmişə çətindi. Sərbəst, rahat
olurlar, üzərlərində təzyiq yoxdu, evdə öz azarkeşləri qarşısında
oynayırlar. Sizi inandırım ki, güclü yığmalarla seçmə mərhələ ilə
müqayisədə yoldaşlıq görüşləri daha çətindir. Ən böyük hesablı
məğlubiyyətlərimiz elə yoldaşlıq görüşlərində olub.
"Uelsə vurduğum qol bunun bəhrəsi idi, Allah mənə belə
gözəl qol vurmağı nəsib elədi"
- Qəribə bir tendensiya var. Torresin dönəmində həmin
0:6-dan sonra millimiz yoldaşlıq görüşlərində uğurlu çıxış etdi. Bu
komandaya inam yarandığı vaxtda isə seçmə mərhələdə qələbə olmadı.
Hərçənd, Şimali İrlandiyanı evdə məğlub edəcəyimiz
gözlənilirdi...
- Gözləməklə deyil, reallıq var. Problemlər elə ordan yaranır.
Gözləyirik, sonra məyus oluruq. Nə vaxt gözləmirik, onda da yaxşı
çıxış edirik, uğurlu nəticə olur. Baxıram ki, nə vaxt bizdən çox
uğurlu nəticə gözləyirlər, nəsə olur, alınmır. Demirəm ki, səbəb
budu, ümumiyyətlə, deyirəm.
- Vurduğun qollar arasında yaddqalanlar çox olub. Yəqin
ki, elə söz açdığımız seçmə mərhələdə Uelslə Bakıdakı matçda
fərqləndiyin qol da bu sıralamadadı. Uzaq məsafədən vurduğun
baxımlı qol nəyin nəticəsi idi?
- O vaxt həddindən artıq cərimə zərbələri üzərində işləyirdim. Hər
məşqdən sonra bunu edirdim. Qapıya 50-100 zərbə vururdum. Düşünürəm
ki, bunun bəhrəsi idi, Allah mənə belə gözəl qol vurmağı nəsib
elədi.
- Torresin gəlişindən sonra milli qapıya zərbə vurmağa
başladı. Ondan öncəki futbolu xatırlasaq, sanki topqarışıq qapıya
girmək istəyirdik. Ancaq Torresin vaxtında orta və uzaq məsafədən
cərimələr, zərbələr vurulmağa başladı...
- Məşqdə maketlər qoyaraq “canlı sədd”in üzərindən zərbələr
üzərində işləməyə başladıq. Bu, ilk dəfə Torresin vaxtında
oldu.
- Cərimə meydanı yaxınlığında dərd yarı, 40-45 metrəlik
məsafədən də cərimə zərbələri təyin olunan zaman azarkeşlərin
“Rəşad, Rəşad” deyə qışqırmaları artıq adət halını almışdı. Bu, bir
müddət də davam elədi. Hər halda, məsafə baxımdan 50 metrdən qol
vurmaq real görünmür. “Tribunaların “Rəşad, gəl vur” tələbini
eşidəndə necə hisslər keçirirdin?
- Çox xoş hisslər idi. Yaxınlaşırdım, vururdum. Təbii ki, lap
uzaqdan da yox. Hər şeyin etik qaydaları da var. Təəssüflər olsun
ki, o dövrdən sonra ciddi zədə aldım. 4 ay futbol oynamadım. Bu,
“Honka”yla cavab oyunundan sonra, Almaniyayla matçda idi. Bu üzdən
“Tvente”ylə qarşılaşmaları da oynamadım. Zədəni də məhz qapıya
zərbə vuran anda almışdım. Bu, Almaniyayla matçda isinmə
hərəkətləri edərkən olmuşdu. Zədədən sonra zərbələrimdə gücü
itirmişdim. Sonra bərpa olundum, çempionatda bəzi oyunlarda cərimə
zərbəsindən fərqləndim. Ardından dizimdəm əməliyyat keçirdim. Bu,
4-5 il öncə olub. Bundan sonra artıq cərimə zərbələri üzərində o
qədər də işləyə bilmirdim. İşləmədikcə də zərbələrin kəsəri itməyə
başladı.
“Neftçi”ni Gedeyə və ya İlqar Quluzadəyə görə sevməmişəm
ki, onlara görə də “Neftçi”yə nifrət edim"
- “Neftçi”də karyeranın güclü dönəmində Hans-Yurgen Gede
gəldi. Onunla aranızda hansı “qara pişik” keçdi? Yoxsa Gede deyildi
səbəbkar?
- Yox, əsas səbəbkarlardan biri Gede idi. Ancaq aydın məsələdi ki,
o, tək deyildi. Çünki Gede milliyə gələn kimi onu Azərbaycana
gətirən baş məşqçi Berti Foqtsla arasından “qara pişik” keçdi. Onun
məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi. Verdiyi
yükləmələr, taktika – insanın bu qədər futboldan uzaq anlayışda
olması mənim üçün çox qəribə idi.
- Futboldan uzaq adamı Foqts nəyə
gətirmişdi?
- Biri var köməkçi, biri də var baş məşqçi. Köməkçi olanda onun bir
çox mənfi cəhətləri üzə çıxmır. Əsl potensialını görmək üçün baş
məşqçi olması lazımdı və bu zaman hər şeyi üzə çıxır. Onda artıq
əsas söz sahibi, hər şeyi idarə edən sənsən. Oturmusan təcrübəli
insanın yanında, nə var ki? İsinmə hərəkətləri verirsən, vəssalam,
qurtardı getdi. Foqts özü şokda idi. Deyirdi ki, yığıram,
zənglərimə cavab vermir ki, soruşum, bu, nədir millinin üzvlərinə
başına oyun açırsan? Mənimlə yanaşı, Elnur Allahverdiyev, Rəşad
Sadiqov, Aleksandr Çertoqanov, Georgi Adamiyanı “Neftçi”dən
çıxardı. Ümumilikdə 10-a yaxın futbolçunu kənarlaşdırdı.
- Həmin olay konkret necə oldu?
- Gede ilk olaraq Rəşadla Elnurdan başladı, onları göndərdi.
Təsəvvür edin, millinin üzvləri Lixtenşteynlə oyundan gəlmişik.
Ankarada ikitərəfli oyundu, Sadiqov meydanın kənarında qaçır. Yəni
iki heyətdə ona yer yoxdu. Artıq ordan qopmalar başladı, Rəşadla
problemləri başladı. Elnuru heyətə qoymurdu. Onunla da problemi
oldu. Komanda yavaş-yavaş parçalanmağa başladı. Futbolçular bir-bir
əvəzedici heyətə göndərildi. Beləcə “bardak” başladı. “İnter”lə
oyundan sonra rəhbərlik məni çağıırb dedi ki, baş məqşçi səni
görmək istəmir. Gedeylə söhbət etmək istəsəm də, bu, baş tutmadı,
danışmaq istəmədi. Bilmədim ki, səbəbi nədi. Məğlub olmuşuq, başa
düşdüm. Ancaq səbəb nədi?.. O söhbətləri çox xatırlamaq istəmirəm.
Danışılaşacaq söhbətlər deyil. Onları görmək lazım idi. Mən
danışıram, insanlar elə bilir ki, mənə sərf edən formada danışıram.
Özünüz də gördünüz ki, sonda Gede azarkeş tərəfindən vuruldu və o
cür Azərbaycandan getdi. Allah qorusun, bir məşqçi üçün bundan ağır
bir şey ola bilməz. Öz maraqlarını güdür və insanları o həddə
çatdırmışdı ki, sonda da belə oldu. O vaxt “Neftçi”də çox hadisələr
baş verdi.
- Bu xoşagəlməz olaya görə “Neftçi”yə qarşı səndə nifrət
yarandımı?
- Qətiyyən! Mən “Neftçi”ni sevmişəm, həmişə də ürəyimdədi. Mən
Gedeyə və ya İlqar Quluzadəyə görə “Neftçi”ni sevməmişəm ki, onlara
görə də “Neftçi”yə nifrət edim. Onlar bu gün var, sabah yoxdur.
Özünüz də gördünüz ki, necə gəldilər, elə də getdilər. Ancaq
“Neftçi” mənim üçün həmişə “Neftçi”di!
“Rusenborq”a, “Honka”ya qol vuranda “Neftçi”dən gedişimə
səbəb olan həmin şəxslər məni ayaqüstə
alqışlayırdılar"
- Artıq üstündən neçə il keçib, müşahidə edirsən. Səbəb
nə ola bilər?
- Maraqlar var idi.
- Kimisə komandaya gətirim?
- 10 nəfər getdi, 10 nəfər gəldi. Sonradan məlum məsələlər var ki,
üstü açıldı. Kimlərsə eşitdi, kimlərsə yox. Çox adam eşitdi ki,
bəzi insanlar komandadan nə formada getdi. Ortadadı da söhbətlər.
Çox şükür Allaha ki, bizdə belə söhbətlər olmadı. Bəzi məsələlər
bizim dövrümüzdə olmayıb. Bizim alnımız ona görə açıqdı. Bizi ancaq
boş-boş şeylərlə ləkələdilər. Ay topu belə çıxarmadın, belə
çıxardın... Çox şükür ki, bizi ləkələmədilər.
- Gede səninlə görüşmək istəmədi, bəs “Neftçi”nin
rəhbərliyindən kiminləsə görüşməyə cəhd eləmədin?
- Görüşdüm. Hamı bir-birinin üstünə atırdı. Vitse-prezident İlqar
Quluzadəylə danışdım. Dedi ki, mənlik deyil.
- “Neftçi”nin prezidenti Əkbər Hacıyev
idi...
- O, prezident idi. İşi əsas aparan İlqar Quluzadə idi. Çox şeylər
var idi, o söhbətlərə qayıtmaq istəmirəm. Yaxşı ki, bəzi şeylər baş
verdi. Bu, güclü olmaq baxımından mənim üçün daha da stimul
oldu.
- “Neftçi”dən çıxarılanda stress yaşamağın qaçılmaz idi.
İnsan bu zaman deyir ki, “bəsdi, qurtardım”. Belə bir həvəsin
olmadı?
- Xeyr, heç vaxt! Tam tərsi idi, içimdən alovlanırdım ki, əksini
sübut edəcəyəm. Üstündən 5 ay keçdi, mən Avropa Liqasında
“Rusenborq”a, “Honka”ya qol vuranda “Neftçi”dən gedişimə səbəb olan
həmin şəxslər məni ayaqüstə alqışlayırdılar. Bunu məcburiyyətdən
edirdilər. Bilirdim ki, sevgiylə deyil.

"Qarabağ"a 2 oyunluq avrokuboklarda kömək niyyətilə
gəlmişdim, ancaq ilişdim qaldım..."
- “Qarabağ”a keçidin çox qısa zamanda baş tutdu.
“Neftçi”dən kənarlaşdırılan kimi söhbət oldu?
- Bəli. Kənarlaşdırılan kimi Tahir Gözəl və Qurban Qurbanovla
üçlükdə görüşüm oldu. İlk olaraq Qurban müəllim mənimlə görüşmüşdü.
Məni komandada görmək istəyirdi. Mən də cavab verdim ki, gəlmək
istəmirəm. Karyeramı xaricdə yaşamaq, bəzi şeyləri sübut etmək
istəyirəm. O, məni başa düşdü. Ancaq Tahir bəy Qurbanova bildirdi
ki, sən Rəşadı mənimlə də görüşə gətir, mən onu razı salacağam. Elə
oldu ki, sonra Tahir bəylə görüşdüm. O da məni komandaya gətirmək
üçün çox inad etdi. Ancaq dedim ki, çox xahiş edirəm, məni başa
düşün, getməliyəm. Ən düzgün addım bu idi.
- Və üz tutdun “Kocaelispor”a...
- “Kocaelispor” söhbəti yox idi, ancaq ölkədən kənara getmək
istəyirdim. Sonra elə oldu ki, variantlar arasında “Kocaelispor”u
seçdim. Müqaviləyə çağırmışdılar, ancaq sonra bildim ki,
baxışdayam. Dedim, problem yoxdu, olsun, oynadım. Sonra elə oldu
ki, dedilər pul yoxdu bizdə. Dedim ki, yenə problem yoxdu, mənə
meydan, səhnə lazımdı, oynamaq istəyirəm. Özümü özümə isbatlamaq
istəyirəm. Elə oldu ki, orada karyeram uğurlu alındı. “Qarabağ”a da
2 oyunluq avrokuboklarda kömək niyyətilə gəlmişdim. Ancaq ilişdim
qaldım və buna peşman deyiləm.
- “Bütün yollar Romaya aparır”. Hara fırlatsaq,
karyeranın zirvə nöqtəsi “Qarabağ”dı. Yəqin, razılaşarsan ki, orda
qızıl dövrünü yaşamısan. Bəli, sən hörmət bəslənilən, sevilən
futbolçu idin. Ancaq ajiotaj, gurultulu alqışlar “Rusenborq”la
Bakıdakı matçda oldu. Həmin anı nəql elə ki, hansı hissləri
keçirirdin? Üstəlik, Norveçdə ağır oyun keçirmişdiniz və cavab
matçı iyulun 23-ü Ağdamın işğalı gününə təsadüf
etmişdi...
- Mən “Qarabağ”a təlim-məşq toplanışına gəlmişdim. Təbii ki, onda
komanda gənc idi. Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev,
Qara Qarayev – hamısı gənc futbolçular idi. Onlar üçün Avropa
Liqasında iştirak etmək artıq uğur idi. Amma mən gəldikdə
ambisiyalı idim. Qurban müəllimin də xasiyyəti elədi ki, heç vaxt
lokal nəticəylə kifayətlənən insan deyil. “Rusenborq”la ilk oyunu
səfərdə keçirdik və qolsuz bərabərlik oldu. Paltardəyişmə otağında
dəhşət bayram var idi. Bütün rəhbərlik, məşqçilər, futbolçular
sevinc içərisində idi. Futbolçulara dedim ki, qarşıda cavab
oyunumuz var.
- Yəni mərhələni hələ keçməmişik...
- Keçməyə görə deyil. Onlar üçün “Rusenborq”la bir matçda heç-heçə
belə, uğur idi. O məqamı görürdüm. Qurban müəllim Tahir bəylə
danışdı ki, çox bayram etməyək, qarşıda cavab oyunumuz var. Çalışıb
mərhələni keçməliyik. Mən də futbolçulara dedim ki, indidən
sevinməyin, hər şey qabaqdadı, cavab oyunu var, mərhələni keçmək
lazımdı. Komandanın içində daim belə söhbətlər gedirdi. Elə oldu
ki, cavab matçı çox ağır keçdi. Bugünə qədər yadımdadır, 45-ci
dəqiqədə cərimə zərbəsindən vurduğum qolla qalib gəldik.
- Həmin epizodu yada salaq...
- Bu, Allahdan mənə verilən hədiyyə idi. Deyim ki, mən belə vurdum,
qol oldu, yox. Özünüz də gördünüz ki, topun trayektoriyasına görə
elə qol ola bilməz. Bu, Allahın mənim üçün möcuzəsi idi.
- Topun yanında Vaqif Cavadov da vardı. Belə fikir var
idimi ki, bəlkə hava ötürməsi edək? Axı, ordan cərimə zərbəsi
vurmazlar...
- Nə bilim...Vaqifə dedim ki, çıxart vurum. Sözün düzü, oyundan
qabaq qol vurmağa çox köklənmişdim. Fərqlənməyi dəhşətli dərəcədə
istəyirdim. Hətta oyundan əvvəl Rəşad Sadiqov və Georgi Adamiya ilə
bir otaqda olan zamanı onlara dedim ki, qol vursam, sevinməyəcəyəm.
Səbəbini məndən soruşdular. Dedim ki, burdan pis getmişəm, bəzi
insanalardan küskünəm. Elə oldu ki, qol oldu və komanda yoldaşlarım
qələbəni bayram etdikdə mən birbaşa soyunub-geyinmə otağına
yollandım. Hətta sonra mətbuat bununla bağlı mənə sual da vermişdi.
Demişdim ki, mənə 5-6 ay öncə baş verən hadisələri unutmaq asan
deyil. Bunlar çox ağır olaylar idi və 3-5 ay içində unuda
bilmərəm.
- “Neftçi”də bir dönəm də oldu ki, transfer vərəqənin
gecə gəldiyinə görə səni sifariş etməyə icazə vermədilər və 6 ay
futbolsuz qaldın, basketbola getdin. Bu, onun qədər ağır zərbə
deyildi?
- Xeyr, o, bunun kimi deyildi. Çünki onda mən zərbəni federasiyadan
almışdım, ancaq burda sevdiyim klubdan. Bu, mənim üçün iki fərqli
məsələ idi. AFFA rəhbərliyin etdiyi məni o qədər üzmürdü. Ancaq
“Neftçi”də baş verənlər sarsıdıcı idi. Bilirsiniz ki, mənə vaxtilə
bir çox təkliflər olmuşdu. Ancaq heç birini qəbul eləməmişdim.
Sonucda da bu şəkildə yola salınmağım... Hətta ən azından 1-2 ay da
gözləmək, qış transfer dövründə normal şəkildə ayrılmaq da olardı.
Deyə bilərdilər ki, baş məşqçi səni istəmir, biz bir yerdə işləyə
bilmirik. Baş məşqçi bunu eləmirdi, ancaq orda oturan insanlar bunu
edə bilərdilər. Siz təsəvvür edin ki, çox qeyri-peşəkar bir dövr
idi. Gündə bir oyunçu gedirdi komandadan, transfer dönəmi isə
deyildi. İndi futbolda elə bir şeylə rastlaşırıq? Heç o vaxt da yox
idi. Bircə bizdə “bardak”, bazar idi. Hər turda komandadan bir
nəfər gedirdi. Yox, sən bu gün gözümə pis dəydin, getməlisən.
Maraqlı hegemonluq yaranmışdı. Komanda istənilən şəkildə idarə
olunurdu. Hamı quzu kimi idi ki, birdən nəsə pis şey edərəm, məni
də çıxararlar. Səninlə salamlaşmağa, danışmağa qorxurdular. Qəribə
bir atmosfer yaranmışdı. Mən özüm bunun bitməsini gözləyirdim.
Onlar məni göndərməsəydilər, özüm gedəcəkdim. Ancaq elə oldu ki,
özləri göndərdilər.
"Ən böyük təklifi bu günə kimi mənə edən məhz o dövrdə
“Xəzər Lənkəran” olmuşdu"
- Təkliflərdən söz düşmükən, 2005-ci ildə “Xəzər
Lənkəran”a qalib gələrək çempion olduğunuz “qızıl oyun”dan sonra bu
klubun prezidenti Mübariz Mənsimovun səninlə Zaur Tağızadəyə boş
müqavilə göndərərək transferin qarşılığında istənilən məbləği
yazmaq haqda söz-söhbətlər gəzirdi. Hətta deyirdilər ki, 1 milyon
civarında pul təklif olunub. Bunlar nə dərəcədə
həqiqətəuyğundu?
- Onu deyə bilərəm ki, o vaxt aldığım təklifi heç vaxt futbolda
almadım. Ən böyük təklifi bu günə kimi mənə edən məhz o dövrdə
“Xəzər Lənkəran” olmuşdu. Ancaq nə qədər olmağı deməyim düzgün
çıxmaz. Bəli, o vaxt görüş də oldu, danışıq da. Ancaq boş müqavilə
söhbəti yox idi. Sadəcə, mən “Neftçi”yə çox bağlı insan idim. Bu
klubdan məhz “Xəzər Lənkəran”a getməyim yanlış olardı. Hətta
görüşdə də demişdim ki, “Xəzər Lənkəran”da oynasaydım, bu dəqiqə
“Neftçi” mənə təklif etsəydi, ora getməyəcəkdim. Başqa komandaya
keçməyimi hardasa başa düşmək olardı. Ancaq “Neftçi”ylə “Xəzər
Lənkəran”ın azarkeşləri arasında çox böyük prinsipiallıq var idi.
Mən də “Neftçi”nin azarkeşləri tərəfindən həmişə böyük qayğı və
dəstək görmüşdüm. Buna görə də o addımı atmağım düzgün olmazdı.
- Ancaq “Neftçi”də komanda yoldaşların Emin Quliyevlə
Mahmud Qurbanov məhz həmin “Qızıl oyun”dan sonra “Xəzər Lənkəran”a
getdilər. Onları buna görə qınamadın?
- Yox, heç kimi qınamadım. Bu, peşəkar bir karyeradı. Eminlə
Mahmduda qarşı azarkeşlər tərəfindən göstərilən diqqət mənə qarşı
olandan fərqli idi. Mən bunu bir eləməzdim. Çünki mən böyük
futbolda tam olaraq “Neftçi”də başlamışdım. Mənə çox dəstək
olunmuşdu. O səviyyəyə “Neftçi”ylə gəlmişdim və bu kluba çox borlcu
idim. Buna görə “Xəzər Lənkəran”a getməyi mənəvi cəhətdən düzgün
hesab etmirdim.
"Hüseyn Məhəmmədov məni ruhlandırmaq üçün bunu edib, o da
kadra başqa cür yansıyıb"
- Futbolun yazılmamış qanunudur ki, müdafiəçi arxaya
baxanda, müəyyən qapıçılar olanda özünü daha arxayın hiss edir. Sən
də xeyli qapıçı ilə oynamısan. Rəşad üçün arxaya baxanda özünü daha
rahat hiss etdiyi qapıçı kim olub?
- Milli səviyyəsində Kamran Ağayevi, Dmitri Kramarenkonu qeyd
edərdim. Bu ikisi ilə oynadıqda həmişə insan özünü inamlı hiss
edirdi. Cahangir Həsənzadəni qeyd edərdim, onun millidə yaxşı
matçları olmuşdu. Klub səviyyəsində isə Hüseyn Məhəmmədovu
xatırlayıram. Onunla bir-birimizi çox yaxşı başa düşürdük. İbrahim
Şehiçi də qeyd edərdim ki, bu iki qapıçıyla da karyeralarımız
uğurlu alınıb. Bir-birimizi çox yaxşı başa düşürük. Bizi yaxşı
sığortalayardılar. Xüsusilə də müdafiənin arxasına atılan
toplarda.
- Maraqlıdı ki, Rusiya mətbuatında MOİK-lə “Dinamo”
stadionundakı oyunda sənin Hüseynlə aqressiv şəkildə mübahisə
etdiyin zaman kadr hələ də internetdə var. Orda nə baş
vermişdi?
- O sözü kimsə mənə deyib. Əslində isə Məhəmmədovla heç vaxt
mübahisəm olmayıb. Ola bilsin, mən nəsə “podkat” eləmişəm, o da
gəlib deyib ki, “bravo, Rəşad”. Məni ruhlandırmaq üçün olub. Bu da
kadra başqa cür yansıyıb. Çünki Hüseynlə neçə il birgə oynamışıqsa,
heç vaxt aramızda problem olmayıb. O, elə bir insan idi ki,
problemi ancaq rəqiblərlə idi. Öz komanda yoldaşlarının isə daim
qulluğunda idi. Bu da rəqibləri udmaq, rəqabətdə olmaq, nəticə
vermək üçün idi. O da “manyak” idi. Mən həmişə belə futbolçuları
xoşlamışam. Hüseyn də nəticə qazanmaq üçün hər şeyə hazır idi.
- Sənin üçün bir müdafiəçi kimi ən problemli yerin
cərimə meydanında sürüşmə fəndləri etməyin idi. Bu riski
ümumiyyətlə, sənə kim aşıladı? Çünki əvvəllər sən bunu eləmirdin,
sonradan başladın və bu, penalti baxımından riskli
idi...
- Diqqətlə oyunlarımı izləsəniz, həmişə sürüşmə fəndləri eləmişəm.
Ən yaxşı keyfiyyyətlərimdən biri bunu uğurlu eləməyim idi. Ancaq
bəzən olur ki, uğursuz edirsən. Elə rəqib olur ki, ona sürüşmə
fəndi etmək asandı. Elə rəqib də olur ki, keçmir. Oyundan-oyuna
fərqlər olur. Mənə heç kim deməyib ki, bunu elə və ya yox. Cərimə
meydanının daxilində də daim eləmişəm. Hətta Türkiyə Super
Liqasında məşhur Anelka epizodları var və baş məşqçimiz Ertoğrul
Sağlam da mənə irad tutmuşdu ki, bunu cərimə meydanının içində
eləmə. Bilirsiniz, necədi, mən eləmərəm, mənim üçün problem deyil.
Bu addımı hansısa təhlükənin qarşısını almaq üçün edirəm. Özünüz
fikirləşin, cərimə meydanının içindəsən, orda hücumçuya ani imkan
versən, istədiyini eləyəcək. Etdiyim həmişə yaxşı niyyətdən irəli
gəlirdi.
- Oynadığın matçların disklərinə baxırsan?
- Əvvəl hər oyunuma baxırdım. İndisə epizodlara baxıram. İnstat
var, hər oyundan sonra epizodlara baxıram.
- Yox, o rakursdan deyirəm ki, “yada düşər xatirələr”.
Bir neçə ildən sonra qoyub hansısa oyuna baxırsan?
- Xeyr, elə bir həvəsim yoxdu.
"Millidə 2 oyunumu əskik sayıldı, axıradək də
saymadılar"
- Millidə 100-cü oyununla bağlı qarışıqlıq yaranmışdı.
Düşünürdün ki, 100-cü oyunu artıq oynamısan. Ancaq sonda məlum oldu
ki, bu, İtaliya yığmaısyla Bakı Olimpiya Stadionundakı
matçdı...
- Orda 2 oyun nəsə əksik sayıldı.
- Bəlkə UEFA-nın Rəşad Sadiqovla səni səhv salmağının
nəticəsində yanlışlıq yaranmışdı?
- Yox-yox. İki oyun var idi, onu saymırdılar. Axıradək də
saymadılar.
- Söhbət konkret hansı matçlardan gedir?
- Yoldaşlıq görüşləri idi. FİFA bayrağı altında keçirilməyən kimi
nəzərdə tutmuşdular. Dubayda, ya harda idisə, belə şey olmuşdu.
Sadiqov məsələsinə gəlincə, bir ara Əbülfəz oğlu, Fərhad oğlu
deyirdilər bizə, bir ara “6 nömrə”, “14 nömrə” deyirdilər. Cürbəcür
dövrlər oldu.
"Türkiyə Super Liqasında əlimə düşən şanslardan çox pis
istifadə elədim"
- Legioner karyeran Türkiyə Super Liqasıyla bağlı oldu. 3
müxtəlif dövrdə 3 müxtəlif klubun şərəfini qorudun. Qardaş ölkədə
çıxışından nə dərəcədə razı qaldın? Bu legioner həyatı sənə nə
qazandırdı?
- Fikrimcə, əlimə düşən şanslardan çox pis istifadə elədim.
Xüsusilə “Kayserispor”la “Əskişəhirspor”da. “Kayserispor” deyiləsi
deyil. Mənə orda o cür məhəbbət, qayğı, sevgi, inam var idi. Öz
çılğınlığımın, gəncliyimin səhvi ucbatından “Kayserispor”
karyeramın üstündən xətt çəkdim. Bununla da bəlkə uğurlu olacaq
legioner karyeramın üstündən xətt çəkdim. “Əskişəhirspor”da da bir
müddət hər şey yaxşı idi. Sonra zədələndim, nə bilim... Düzü, belə
şeyləri xatırlamağı xoşlamıram. Çünki həyatdır, yaşamışıq. Nəyisə
düz eləmişik, nəyisə səhv. Xətasız bir şeylər olmur. Amma şükür
Allaha, karyeramdan da, həyatımdan da çox razıyam.
- "Kayserispor”da sağ cinah müdafiəçisi mövqeyində
oynamaq istəmədiyinə görə sonda ayrılası oldun. Doğrudanmı, baş
məşqçi Ərtoğrul Sağlamın bu qərarı qabardılacaq bir mövzu
idi?
- Bəli, aramızda mövzu idi. Geniş mövzudu, ancaq yekunda götürsək,
mənim səhvim idi.
- Həmin vaxt komandadakı mərkəz müdafiəçiləri doğrudanmı
belə güclü idilər ki, Sağlam səni müdafiənin sağ cinahına qoymalı
olurdu?
- O mövqedə də oyunçu yox idi. Mən də zədələnib 5 ay öncə
“Neftçi”yə icarəyə qayıtmışdım. Məqsəd bərpa olunaraq sonra
qayıtmaq idi. Qayıtdıqda iki stopper həqiqətən inamlı çıxış edirdi.
Elə oldu ki, məni 1, 2, 3 oyun sağda oynatdı. Beləcə, söhbət uzandı
getdi, 8-9 oyuna gedib çatdı. Transfer dövrünün sonu idi və elə
oldu ki, 2 oyunda əsas heyətə düşə bilmədim. Bundan sonra baş
məşqçinin yanına girib dedim ki, bu mövqedə oynaya bilmirəm. Ola
bilər ki, səhv etmişəm, narazı qalmısınız, sağ cinah müdafiəçisi
oynamaq mənlik deyil. Həqiqətən də bilirdim ki, bu mövqe mənim
mövqem deyil. Lazım olar 12 matç oynayarsan. Amma daima yox. Mən
heç bu mövqedə oynamaqdan zövq də almırdım. Mənimki o vaxtlardan
vuruşmaq, təkbətək mübarizə aparmaq, hücumları arxadan başlamaq
idi. Amma səhv eləmişəm. Gərək başımı aşağı salıb işimi görəydim,
vəziyyətə öyrəşərdim. Yavaş-yavaş da mərkəz müdafiəçisi yerimi
qaytarardım.
"Avtoqola görə tənqid olunmağı heç vaxt qəbul
eləməmişəm"
- Deyə bilərsən ki, uğurlu oynların çox olub. Ancaq zirvə
nöqtəsi kimi hansını qeyd edərdin?
- Sırf hansısa oyunu fərqləndirməzdim. Hesab edirəm ki, “Slovan”la,
“Rusenborq”la, Türkiyə yığmasıyla Bakıdakı oyunu yaxşı keçirdim.
Karyeramda bir neçə belə yaxşı oyunlar olub. Ancaq demək olmur ki,
hansı daha yaxşıdı. Biri 30, biri 25, biri 23 yaşımda olub. Ancaq
özümü ən diri hiss elədiyim vaxt MOİK, İngiltərə yığmasıyla oyunlar
idi. Əməliyyatlara girmədiyim vaxtlar idi. Onda özümü çox diri hiss
edirim. Kimlə qalırdımsa mübarizəyə, hiss edirdim ki, heç kim
məndən qaça, məni aldada bilməz. Top məndə olanda çox driblinq
edirdim, hücumlara qoşulurdum. Ancaq 23 yaşımda birdən-birə 2
dizimdən əməliyyat olduqdan sonra artıq görürdüm ki, nə qədər
çalışsam da, əvvəlki fiziki formamı bərpa edə bilmirdim. Sonra
belimdən neçə-neçə əməliyyat keçirdim. Bu şeylər hamısı peşəkar
futbolun, idmanın içindədi. Ancaq onlar da təsirsiz ötüşmür.
- Bir oyunu xatırlatmaq istəyirəm. Bu yaxında Bakıda
San-Marino yığmasyla rəsmi matçı. Sənin texnikaya hesablanmış
cərimə zərbəni heç vaxt görməmişdik. Açığı, o zərbədə öncəki oyunun
qəzəbini görürdüm. Bu da Norveç yığmasıyla səfər matçında məlum
avtoqolun idi. Sanki onun əvəzini çıxmaq üçün alışıb yanırdın. Özü
də hiss olunurdu ki, əvəvlki oyunlardan daha çox hücuma qoşulurdun.
Bu da qol vurmaq üçün idi. Var idi elə bir hiss?
- Bəli. Tək qol vurmaq deyil idi, yaxşı oyun oynamaq idi. Həqiqətən
hərdən haqsızlıqlarla qarşılaşırsan. Ümumiyyətlə, avtoqola görə
tənqid olunmağı heç vaxt qəbul etməmişəm. Mənə çatmayıb ki,
oyunçunu avtoqola görə necə tənqid etmək olar? Məəslən, iki dəfə
hücumçu məndən topu atıb qaçsa, o mənim üçün daha ağır səhvdi,
nəinki avtoqol. O gün futbolçum avtoqol etdi, onun tərəfə heç
baxmadım da. Yəni futboldu, texniki səhvdi, “podkat” elədi,
ayağının orasına yox, burasına dəydi, getdi girdi qapıya. Neçə
gündü bu sözləri təkrar edirəm, avtoqola, texniki səhvə görə tənqid
etmək, elmsizlikdən, savadsızlıqdan irəli gəlir. İçim dolurdu. Əsas
da ona görə heyfsilənmişdim ki, Şimali İrlandiya yığmasıyla oyundan
sonra milli karyeramı bitirmək istəyirdim. İçimdə çox peşmançılıq
var idi ki, məni o fikrimdən daşındırdılar. Peşman idim ki, mən
niyə razılaşdım, çıxdım meydançaya, başıma o avtoqol gəldi, elə
söz-söhbətlər oldu. Ancaq sonra elə oldu ki, Allahın köməyilə
San-Marinoyla oyun yaxşı keçdi. Bizdə bir pis şey var, Riçar
Almeyda pis oynadı, formada deyil. Niyə formada deyil?
“Samtredia”yla oyunda mən zədələndim, neçə matç buraxdım. Bir 90
dəqiqəni yalnız “Şerif”lə matçda oynadım, 10-15 dəqiqə də
“Kopenhagen”lə səfər matçında. Birdən-birə çıxırsan Norveçdə Kinqə,
El-Yunussiyə, səviyyəli hücumçulara qarşı oynayırsan, hardasa
çatmamısan, texniki səhv etmisən. Heç kəs onu düşünmür ki, bu gün
Rəşad ideal formada deyildi. Bunu başa düşmək, normal qarşılamaq
lazımdı. Ancaq bizdə bir büdrəmə gözləyirlər, başlayırlar
“döşəməyə”. Bu fikirlərdən, tənqidlərdən yorulub, bezirsən.
- San-Marinonun futbolçusu avtoqol edərkən, komanda
yoldaşların bunun sevincini yaşayır, sən isə ehtiyat oyunçular
skamyasına tərəf gedərək su içdin. Bunun əsl səbəbi rəqib
futbolçunu başa düşməyinlə bağlı idi?
- Həm rəqibi başa düşürdüm, həm də ona görə çox sevinmirdim ki, çox
sevinəcək bir rəqib deyil. San-Marino üzərində qələbə mənim üçün
böyük bir uğur deyil. Sözün düzü, vurulan qollar zamanı çox vaxt
buna görə sevinmirdim.
- Bizi isə əsas maraqlandıran o qoldu. Sən texnikaya
hesablanan elə cərimə zərbəsi vurmamısan, məncə, üzərində də
işləməmisən. O nə idi?
- Bilmirəm, topu qoydum, vurdum. Komanda yoldaşlarım başıma
toplaşmışdı, zərbəni vurmaq istəyirdirlər.
- Gördük, zərbə vurmaq uğrunda əməllicənə mübarizə
gedirdi...
- Dedim ki, xahiş edirəm, qoyun vurum. Cərimə zərbəsini özüm vurmaq
istəyirəm, uşaqlar da razılaşdılar.
- Arxayın idin ki, istədiyin nöqtəyə
düşəcəksən?
- Sözün düzü, arxayın deyildim. Vurdum, Allaha şükür ki, qol
oldu.
"Millinin baş məşqçisi olmağım söhbəti yoxdu, klub
finskioneri olmaq barədə isə düşünürəm"
- İstəsən də, istəməsən də həyat davam edir. Millidən gedən
futbolçunun qalıb “Qarabağ”da uzun müddət oynayacağının real
olmadığı bəllidi. Artıq U-19-da məşqçiliyə başlamısan. Bəzi mətbu
orqanları yazır ki, Rəşad Sadıqov millinin baş məşqçisi olmalıdı.
Sənin özünün məşqçiliyə münasibətin necədi?
- Hələ ki oynayırıq, oxuyuruq. Nə qədər oynayacağıq, nə vaxt məşqçi
karyeramıma başlayacağıq, bunu zaman göstərəcək. İndidən nəsə deyə
bilmərəm. Milliyə gəlincə, elə bir mövzu yoxdu. Nə mənə təklif
olunub, nə mənlə bu haqda danışılıb. ikirləşirəm ki, Robert
Prosineçki Azərbaycanda karyerasını davam etdirəcək. Düşünürəm ki,
yığma son seçmə mərhələdə uğurlu çıxış etdi. Tək xal baxımından
demirəm, oyun baxımından da. Bütün oyunlarda olmasa da, bir çoxunda
komanda yaxşı oyun nümayiş etdirdi. Məğlub olsa belə, futbol
oynadı.
- Bir istiqamət də budu ki, Rəşad Sadıqov, xarizmatik,
qətiyyətli insan bizdə klub funksioneri kimi lazımdı ki, bir çox
problemli məsələlər həllini tapsın. Bir çox sahələrdə nəhayət,
ədalət zəfər çalsın. Bu, sənə hardasa stimul verirmi?
- Klub finskioneri olmaq barədə də düşünürəm. Sadəcə, fikirləşirəm
ki, öndə gedən, başda olan insanlar necə məsləhət biləcəklərsə, elə
də edəcəyik. Görək də, necə məsləhət olacaq, nə təkliflər olacaq.
İndidən nə desəm, düz olmaz. Hərdən beynimə belə fikirlər düşür ki,
ümumiyyətlə, futboldan uzaqlaşım, tam başqa bir işlə məşğul olum.
Xasiyyətimi bilirəm, bir işi götürdümsə, yüzdəyüz uğurlu olacaq
deyə bir şey yoxdu. Amma çalışıram ki, o işə özümü verəm. Bu, həm
məşqçilikdə, həm də idarəçilikdə böyük güc, məsuliyyət, diqqət
tələb edir. Mən hər hansı işi götürüm, orda nəsə əyriliklər və ya
başqa şeylər olsun, iki gün sonra ordan uzaqlaşım gedim....Ona görə
yaxşı götür-qoy eləmək lazımdı.
"Qurban Qurbanov mənə oynayan köməkçi məşqçi vəzifəsini
təklif etmişdi, onda razılaşmadım"
- Bəs, karyeranı bitirəndən sonra Zaur Tağızadəylə birgə,
əsas komandada Qurban Qurbanovun köməkçilərindən biri olmaq fikri
beynindən keçir?
- Bəli-bəli, əsas odu! Ümumiyyətcə, bu, bağlı bir mövzu idi. Bu
söhbət ötən ilin yayında Avstriyada təlim-məşq toplanışımız zamanı
olub. Qurban müəllim mənə oynayan köməkçi məşqçi vəzifəsini təklif
etmişdi. Onda razılaşmadım. Çünki millinin kapitanıyam, bu, düzgün
olmaz. Bundan sonra Qurbanov mənə dedi ki, bəlkə aşağı yaş
qruplarına baxasan, yavaş-yavaş məşqçi kimi fəaliyyətə başlayasan,
sənin üçün praktika olar. Beləcə, “Qarabağ”ın U-19 komandasında baş
məşqçi kimi ilk addımlarımı atdım. Qurban müəlimin rəhbərliyi
altında köməkçi məşçqi kimi həmişə böyük fəxrlə işləyərəm. Çünki
məşqçilik sirlərinin demək olar hamısını ondan öyrənmişəm. Günü bu
gün də öyrənirəm, daim maraqlanıram. Qurban müəllimin yanında
işləyərəm, ancaq bəlkə də başqa adamın yanında çalışmaq mənə ağır
olar. Onsuz da planımda da odur ki, karyeramı başa vurduqda
“Qarabağ”da Qurban müəllimin yanında bir müddət köməkçi məşqçi
işləmək, sonrasına isə artıq baxarıq.
- Zamanı hələ müəyyənləşdirməmisən?
- Xeyr.
- Futbolçu karyeranı bitirmək cari mövsümün gedişində
ola bilərmi?
- Bəli. Millidə də zaman təyin eləməmişdim. Ona görə də Şimali
İrlandiyayla Bakıdakı oyundan sonra bitirmək istəyirdim. Prosineçki
icazə vermədi. Bir az orda çox üstümə gəldi ki, xeyr, qalacaqsan.
Bəlkə də ən gözəl vaxt mənə görə onda idi.
"8-ci sinfə qədər qiymətlərimdə cəmi iki dənə “4” olub,
qalan hamısı “5” idi
- Valideynlərinin ürəyindən keçən elə bir sənət var idi ki,
səni orda görmək istəyirdilər?
- Ooo, futbolçu olmağa qarşı idilər, mənimlə futbola qarşı mübarizə
aparırdılar. Oxumaq, oxumaq, oxumaq. Dirənədək mübarizə apardılar,
sonra gördülər ki, xeyri yoxdu, başını buraxdılar. Mən də əslində,
çox yaxşı oxuyurdum. 8 yaşa qədər Bülbülə qəsəbəsində yaşamışam,
1-ci sinfi orda oxumuşam. Bundan sonra köçmüşük, indi “İrŞad” otel
var, onun həyətində böyüyüb boya-başa çatmışam, 34 saylı məktəbdə
oxumuşam.
- Hansı fənləri yaxşı oxuyurdun?
- Bütün fənləri. Cəmi 2-dən boşluğum var idi - kimya və fizika.
8-ci sinfə qədər qiymətlərimdə cəmi iki dənə “4” olub, qalan hamısı
“5” idi. O ki başladı təlim-məşq toplanışları, səfərlər, gördüm ki,
futbol alınır. Demək olar oxumağın başını yavaş-yavaş buraxdım.
- Sinif yoldaşlarınla əlaqən varmı? Sən məşhur olduqdan
sonra səninlə əlaqə saxlayanlar olubmu?
- Ünsiyyətdə olduğum insanlar var. İndi də elə sinif yoldaşlarım
var. Görəndə salamlaşırıq. Çünki bir zonada qalırıq. Orda tez-tez
rastlaşırıq.
- Futbolçu həyatına kitabla başladıq, yekun olaraq
kitabla da bitirək. Özün də dedin ki, təhsilə meylli insan olmusan.
Dinə meylliyini bilirik. Bundan savayı hansı xətt üzrə kitab
oxumağa meylli insansan, yoxsa oxumursan?
- Bu günədək ümumiyyətlə, heç bir kitab oxumamışam. Nə dinə aid, nə
də qeyri-hansısa bir sahə üzrə. Mənim kitab oxumaqla aram yoxdu.
İnternetdən xəbərlər, maraqlı hadisələr oxuyum, ancaq əlimə götürüm
kitab oxuyum, xeyr, belə şey olmayıb. Ha deyirəm ki, başlayacam,
artıq 15 ildir ki, başlayıram kitablar oxumağa. Çox tərifləyirlər,
maraqlıdı. Mən top xəstəsiyəm. Mənə top verin, tennis olsun,
voleybol olsun, basketbol olsun. Bilim ki, orda qol var, qapı var,
nəsə zərbə vurmaq, udmaq, uduzmaq var. Mən uşaqlıqdan bunun xəstəsi
olmuşam.
- Sözün düzü, bizi təəccübləndirdin...
- İnanırsınız, dərslərdə çox vaxt danışırlar, gedirik 90 dəqiqə
oyuna baxmağa, çox adam yazır-pozur, mən başımda saxlayıram. Sabah
da çıxıram lövhədə danışıram. Bir-iki qeyd aparıram, qurtardı
getdi. Hətta yazanda da görürsən ki, xəttimdə problem var, o qədər
də səviyyəli deyil.
Bax, belə, əziz oxucu. Qələmə aldığımız Rəşad hekayəsini burda bitiririk. Ancaq “Böyük kapitan” Azərbaycan futboluna hələ çox fayda verəcək, hələ çox kitablarını vərəqləyəcəyik...