Azərbaycan Futbol Federasiyaları Assosisasiyası (AFFA) Qurban Qurbanovu futbol üzrə milli komandamızın baş məşqçisi postuna təyin edib. Onun “Qarabağ”dakı uğurlarından sonra milli komandamızın baş məşqçisi vəzifəsinə gətirilməsi bütün futbol ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Bu qərar eyni zamanda “Qarabağ” klubunun gələcək taleyi ilə bağlı müəyyən suallar və iddialar ortaya çıxarıb. Bir çox futbolsevəri “Qarabağ”ın gələcək oyunlarında axsaqlıqların ola biləcəyi narahat edir.

Publika.az bu yeni təyinatın millimizin və “Qarabağ”ın gələcək çıxışlarına necə təsir edəcəyi ilə bağlı futbol mütəxəssislərinin fikirlərini öyrənib.

“CBC Sport” telekanalının idman şərhçisi Emin Abbasov bu qərarı Azərbaycan futbolunun ən uğurlu addımı adlandırdı:

“Bunun zərəri milliyə dəyəcək” - Qurban Qurbanov təyinatı idman cameəsini İKİYƏ BÖLDÜ

“Qurban Qurbanovu milli komandaya baş məşqçi təyin etmək çox uğurlu seçimdir. Hətta bir qədər də dərinə getsək, gecikmiş addımdır. Ancaq hər vəziyyətdə zərərin yarısından geri qaytımaqda da bir xeyir var. Nəhayət, AFFA rəhbərliyi başa düşdü ki, Azərbaycan futbolunun bu günü də, sabahı da Qurban Qurbanovdur.

Mənə elə gəlir, iki komandada işləmək Qurban Qurbanov üçün çətin olmayacaq. Çünki “Qarabağ” milli komandanın bazasıdır. Yəni onsuz da, millidə oynayan ona yaxın futbolçu “Qarabağ”da çıxış edir və il boyu Qurbaovun sərəncamındadırlar. Ona görə də Qurbanovun hər iki komanadaya başçılıq etməsi daha yaxşı olacaq. Bunu da zamanla hamı görəcək. Qərara görə çox sevinirəm, çünki biz illərdir Qurban Qurbanovun milliyə gəlməsini istəyirdik və bunu dəfələrlə qeyd etmişik. Milli komandamıza əcnəbilərin gəlməsindənsə, elə yerli məşqçinin rəhbərlik etməsi bizim üçün daha faydalı olacaq.

O ki, qaldı hər iki komandanı idarə etməyin məsuliyyətinə, Qurbanov çox peşəkar məşçi və məsuliyyətdən qaçmayan insandır. Bununla yanaşı, fikrimcə, qərar “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına da heç bir təsir göstərməyəcək. Çünki Qurbanov Robert Prosineçki vəzifəsini başa vurduqdan sonra (onun müqaviləsi cari ilin dekabrında bitir – red.) milliyə gedəcək. Buna görə də “Qarabağ” liqada diqqətdən kənar qalmayacaq. Həm də bu, bir günün içində qəbul edilmiş qərar deyil. Yəqin ki, Qurbanov “Atletiko” ilə səfər oyunundan öncə bu haqda məlumatlı idi. Nəticədən də göründüyü kimi, bunun “Qarabağ”a nəinki pis, əksinə yaxşı mənada təsir oldu. Mənə elə gəlir bu gündən etibarən də eyni prinsip davam edəcək.

Eyni zamanda, milli komandanın demək olar ki, hər xəttində “Qarabağ”ın oyunçuları var - Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Bədavi Hüseynov, Mahir Mədətov, Riçard Almeyda, Elvin Yunuszadə bu sıradandır. Faktiki olaraq milli komandanın ora-burasını düzəltsək, ortaya “Qarabağ” çıxacaq. Bu səbəbdən nəinki, hər hansı çətinlik və ya çatışmazlıq olacaq, hətta bu Qurban Qurbanov üçün çox asan, komandalar üçün isə faydalı olacaq. Həm də milli komandada iş yükü əmsalı klubdakı kimi deyil. Bunu əvvəlki baş məşqçinin də təcrübələrindən görə bilirik. Klubda baş məşqçinin fəaliyyəti daha çox tələb edilir. Qurban Qurbanov da bütün futbol proseslərinin içində olan adamdır. Ona görə bu qərar milli komandaya daha çox fayda gətirəcək.

Futbolda ən böyük üstünlük hər ölkənin özünə uyğun sistem qurmasıdır. Bu sistem bizdə də formalaşmağa başlayır. “Qarabağ” oyunçularının milli komandada çıxışı, əlavə olaraq, baş məşqçinin də oraya getməsi bu sistemi qurmağa daha çox yardımçı olacaq”.

Milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev Q.Qurbanovun bu vəzifəyə ən layiqli namizəd olduğunu dedi:

“Bunun zərəri milliyə dəyəcək” - Qurban Qurbanov təyinatı idman cameəsini İKİYƏ BÖLDÜ

“O, bunu son vaxtlarda göstərdiyi fəaliyyətlə sübut etdi. Eyni zamanda, hesab edirəm ki, bundan sonra hər iki komandada problemlər yaşanacaq. Bu qaçılmazdır. Ancaq bunun zərəri kluba deyil, milliyə dəyəcək. Çünki millidə komanda oyundan 2-3 gün əvvəl yığılır və daha çox diqqət, zaman tələb edir. Milli komandanın 60%-nin həm də “Qarabağ”da oynayan futbolçulardan təşkil olunması işi bir qədər yüngülləşdirir. Lakin geridə qalan faizin təmin edilməsi üçün başqa futbolçuları da izləmək vaxt alacaq, eyni zamanda, “Qarabağ” komandasını tənzimləmək çox çətin olacaq”.

Milli komandanın keçmiş baş məşqçisi Vaqif Sadıxov hər iki komandanın qərardan məmnun qalacağını bildirdi:

“Bunun zərəri milliyə dəyəcək” - Qurban Qurbanov təyinatı idman cameəsini İKİYƏ BÖLDÜ

“AFFA İcraiyyə komitəsinin iclasında mən də iştirak etdim. Qurban Qurbanov özü brifinqdə bildirdi ki, hər iki komandanın eyni tərkibdə olması ona idarəetmədə köməklik göstərəcək və heç bir problem yaratmayacaq. Hər iki komanda eyni oyun üslubunda yetişsə, daha uğurlu nəticələr alınacaq. Bütün icraiyyə komitəsi də onunla razılaşdı.

İnanıram ki, hər iki komanda da bu qərardan məmnun qalacaq. Düzdür, Qurban Qurbanovun işləri və məsuliyyəti qat-qat artacaq. Ancaq o, hər işə cavabdeh insandır və bu məsuliyyətin öhdəsindən gələcək. Hər iki komanda da bir-birinə təkan olacaq. Bu qərar futbolçular üçün də motivasiya qaynağı olacaq. Çünki milli komandanın əksər oyunçuları “Qarabağ”dan gəlir. Onların hər iki komandada eyni məşqçi ilə işləməsi futbolçular adına müsbət haldır. Fikrimcə, bütün futbol ictimaiyyəti Qurban Qurbanovun ətrafında sıx birləşməli və öz dəstəyini əsigəməməlidir”.

Zümrüd