Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda vurğulanır ki, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir.
“Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə
çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu
da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat
yükünü əhəmiyyətli dərəcədə artırır.
Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin hazırladığı həll planına
əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Yusif Səfərov
küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni
salınmış yolun funksionallığını artırmaq məqsədilə, Fəzail Bayramov
küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə
yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının
reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan
əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə,
yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı
prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün
qismən azaldılmasına imkan verəcək”.
Məlumatda bildirilir ki, təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.