Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən ilin məşqçisi keçirilən Qurban Qurbanov bu gün “Fairmont otel”də keçirilən tədbirdə mükafatına qovuşub. 45 yaşlı mütəxəssis mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:
- 2017-ci ili necə dəyərləndirirsiz?
- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz
yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna
düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır
mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il həm
çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük.
Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider
başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ
adlamaqdı. Bu da baş versə, tam uğurlu olacaq. Xoş il oldu. Bəzən
futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır
və “Gələn il qrupa düşməsək də, heç kim heç nə deməz” düşünür. Amma
biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi
bacardıq. “Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə
təşəkkür edirəm. Uğurlar bizi rahatlaşdırmamalıdı. İlin məşqçisi
mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də bu ili
uğurlu adlandırardım. Məni üzən iki böyük hesablı yenilgi oldu.
“Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun.
Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə
hesablar olur. Bunu normal qarşılamaq olar. Azarkeşlərimizi belə
məğlubiyyətlərə hazır etdik. İki komanda arasında matçda belə
hesablar olur. Ümumilikdə isə il uğurlu alındı.
- 8-ci dəfə ölkədə ən yaxşı məşqçi seçildiz. Çempionlar
Liqasında komandanız 2 xal topladı. Özünüz üçün müqayisə etsəz,
hansı daha uğurludu?
- Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı
tanıyırsız. Düşüncələrim belədi. Bunun tərəfdarıyam. İlin məşqçisi
seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək
istəyirdim ki, çox da mənim haqqımda yazıların, təriflərin olmasını
istəmirəm. İstəyirəm “Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal
və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündü,
nəinki ən yaxşı seçilməyim.
- Millinin baş məşqçisi kimi mətbuat konfransı nə vaxt
olacaq?
- Qəti qərar verməmişik. Dekabrın 20-dən sonra ola bilər.
- Uzun müddət milliyə dəvət almayan Rauf Əliyev, İlqar
Qurbanov və Rüfət Dadaşovun yenidən yığmaya dəvət alacağı
gözlənilir?
- Düzünü deyirəm, hələ qərar verməmişik. Futbolçuları tanıyırıq.
Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir
olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan
oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdı. İlk
toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa
dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadı. Mən nə
qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdı. Bakı
kiçik şəhərdi, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyatı
yaşadıqlarını və harda olduqlarından məlumatlı oluruq. Kim harda
olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar
olmalıdı. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat
tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə
zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli
olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən
futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı mənada
hazırlamalıdı və milliyə hazır etməlidi.
- Bu, Kamran Ağayevə də mesajdı?
- Xeyr. Niyə? Ümumi deyirəm. Hər futbolçu ilə yaxından
maraqlanacam. Bu məsələdə ciddi olacam. Kollektiv şəkildə birlik
olmalıdı. Bu, yığma komandadı. Bəzən üzdə hər şey qaydasında
görünür. Müsahibələrdə, açıqlamalarda vətənpərvər kimi görünür,
amma eşidirsən ki, tam fərqli sözlərdi. Tam diqqət yetirəcəyik.
Komandanı formalaşdırmaq üçün 1-2 ilə ehtiyac olacaq. 10-15
futbolçu olsun, amma məsuliyyətli, ürəkli və ciddi şəkildə işinə
yanaşsın.
- Bir zamanlar Türkiyədə də belə metod var idi. Hətta
2002-ci ildə də dünya çempionatında 3-cü yeri tutmuşdular. Bununla
bağlı bu yaxınlarda Bakıda olmuş, Türkiyə millisinin sabiq baş
məşqçisi Şenol Günəşlə danışmısız?
- Türkiyədən fərqliyik. Qardaş ölkədə 80 milyon insan yaşayır. Orda
futbolçu tapmaq daha asandı, bizdə isə çətindi. Biz daha fərqli
baxacağıq. Bu işləri etməsək, futbolçu formalaşdırmaq çətin olacaq.
Şenol Günəşlə belə söhbətim olmayıb. Məşqçi kimi öz prinsiplərim
olacaq.
- Yığmanın toplanışdakı rəqibləri bəllidi?
- Xeyr, heç nə məlum deyil.