Milli Qəhrəmanlarımızın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Muxtar Qasımov və Eldar Məmmədovun doğum günüdür.

Metbuat.az-ın məlumatına görə, Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirən Muxtar elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşüb. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olub. Müxtəlif təziqlərə baxmayaraq, işinə davam edib, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərib. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışıb.


Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərib. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayıb. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirib. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Eldar Harun oğlu Məmmədov isə 1968-ci il 10 yanvar tarixində Bakıda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib. Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən Eldar Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR