""Lans"ın sahibi Hafiz müəllimdir, bu klub da Azərbaycana məxsusdur" - PRESSİNQ

""Lans"ın sahibi Hafiz müəllimdir, bu klub da Azərbaycana məxsusdur" - PRESSİNQ
14:34 10 Yanvar 2015
405 İdman
Ölkə mətbuatı
A- A+

Yaşar Seyidov: "Nurlanın 18-19 yaşında "Bakı"da qazandığı pulları görsəniz, məəttəl qalarsınız"

 

Lent.az-ın "Pressinq" layihəsinin növbəti qonağı "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov oldu. O, oxucuların sosial şəbəkə vasitəsilə ünvanladığı sualları cavablandırır.

 

İlqar Hüseynov:

 

- "Bakı"nın bu halı bizi məyus edir. Komanda nə vaxt çətin durumdan çıxacaq?

- Suala cavab vermək çox çətindir. "Bakı" bu mövsüm çempionatda akademiyanın gəncləri ilə oynayır, iddialı komanda kimi çıxış edə bilmir. Amma indiki məqamda əsas məsələ bu gəncləri Azərbaycan futboluna qazandırmaqdır. Gələn il üçün isə yeni oyunçular almağa ümid etmək olar. Gənclər şübhəsiz ki, səriştəsizdir. Onların yanında bir neçə təcrübəli futbolçu olmalıdır ki, vəhdət təşkil edələr. Bu il artıq gecdir. Gələn il üçün müəyyən irəliləyişlər gözləmək olar.

 

Tural Nuriyev:

 

- Klubun maddi vəziyyəti nə vaxt düzələcək?

- Maddi vəziyyətin düzəlməsi üçün danışıqlar gedir. Çox adamlardan dəstək gözləyirik. Futbolu sevən insanlar bizə dəstək versələr, yəqin ki, növbəti mövsüm iddialı komanda kimi çıxış edəcəyik. "Bakı" Azərbaycanda ən böyük infrastruktura malik olan komandadır. Birincisi, klub paytaxtın adını daşıyır. İkincisi, bizim meydançalarımız Avropa səviyyəlidir. 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsi, 17 yaşlılar arasında elit mərhələ oyunlarının bizim stadionumuza salınması, 2016-cı ildə gənclər arasında Avropa çempionatı və 2020-ci il Avropa çempionatı zamanı "Bakı"nın meydançalarının məşq meydançaları kimi təqdim edilməsi sözlərimin sübutudur. Bu gün bu stadionları qoruyub saxlamaq lazımdır. Azərbaycan Avro-2020-də oynamağa iddialıdır. Həmin çempionatda oynaya biləcək futbolçuların ən azı 15-20 faizi bu gün sizin gördüyünüz "Bakı"nın gənclərinin içindədir. "Bakı"nın əsas və əvəzedici komandalarından əlavə, 10 komandası AFFA-nın müxtəlif liqalarında iştirak edir. 6 təbii, 2 süni, 1 qapalı meydançamız var. 100-ə qədər azərbaycanlı gənc akademiyada qalıb təhsil alır. Bu qədər struktura, məşqçi və futbolçu heyətinə malik komandanın yaşaması üçün siz jurnalistlərin də dəstəyinə ehtiyacımız var. Düzdür, AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov tərəfindən "Bakı" klubuna çox böyük dəstək var. Maliyyə çətinliklərimiz var. Onların həll olunması üçün federasiya rəhbərliyi dəstək verir, amma bu dəstək azdır.

 

Əli Bayramov:

 

- Yıxılanı baltalayan çox olur. "Bakı"ya zərbə vuranlar, həqiqətən də çoxdur?

- İş orasındadır ki, buraxdığımız müəyyən səhvlər bizi bu günə gətirib çıxardı. "Bakı"nın bu çətin anında mənə məlum oldu ki, kim dostdur, kim düşmən. Bəzən KİV haqqımızda düzgün olmayan informasiyalar yayırlar. Federasiya rəhbərliyi ilə "Bakı" klubunun rəhbərliyi arasında münasibətin pisləşdiyini yazıb, məsələni kəskinləşdirmək istəyirlər. Bu, "Bakı"nı sevməyənlərin işidir. Əgər federasiya rəhbərliyi olmasaydı, "Bakı" bu gün çempionatda iştirak edən deyildi. Peşəkar Futbol Liqası da bizə dəstək verib. Biz onların qayğısını daim hiss etmişik.

 

Namiq Sadıqov:

 

- Keçmiş baş məşqçi Milinko Pantiçi "Bakı"ya gətirmək planınız varmı?

- Pantiç İspaniyada olsa da, onunla tez-tez danışırıq. "Atletiko" - "Real" oyununa mən də dəvətli idim, amma müəyyən səbəblərə görə gedə bilmədim. Daim onunla ünsiyyətdəyik. Bu gün "Bakı"nın əsas komandasında oynayan 12-13 nəfər gəncin hazırlanması Pantiçin dövründən başlayıb. Onlar məhz Pantiçin dövründə əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak ediblər. Pantiç qayıdıb "Bakı"ya gəlsə, bu bizim üçün çox böyük kömək olar. Onun "Bakı"ya gəlmə məsələsi var. Həyat belədir: bir vaxtlar "Atletiko"nun çətinliyi var idi, "Bakı" onlara dəstək oldu, indi "Bakı" çətin dönəmini yaşayır və istərdik ki, "Atletiko" bizim yanımızda olsun. "Land of fire Azərbaijan"dan sonra "Atletiko"nun uğurları daha çox oldu. İspaniya çempionu oldular, Superkuboku götürdülər. Çempionlar Liqasında isə finala qədər irəlilədilər. Yəni onlarla əməkdaşlığımız "Atletiko" üçün düşərli oldu. Bu gün də ispanlar bizə köməklərini əsirgəməməlidirlər. Pantiçin qayıdıb gəlməsi çox yaxşı olar.

 

Amid Mahmudov:

 

- "Atletiko" ilə "Land of fire Azərbaijan"la bağlı yeni müqavilə imzalanacaqmı?

- Ola bilsin, imzalayaq. Hazırkı müqavilə bu mövsümün axırına kimi qüvvədədi. "Atletiko" Azərbaycan brendi ilə çox böyük uğurlar, maliyyə vəsaitləri qazanıb. Onlarla söhbətimizdə də deyirik ki, Azərbaycanın adı sizə düşdü. İndi onlar da çalışmalıdırlar ki, bizə müəyyən dəstək versinlər. Bunu nə dərəcədə edəcəklərini zaman göstərəcək. Düşünürəm ki, "Bakı"ya dəstək versələr, bu il Çempionlar Liqasının finalında qalib gələrlər (Gülür).

 

Cavid Yusubov:

 

- "Lans"da vəziyyət necədir? Fransa mətbuatında tez-tez yazılır ki, klub Hafiz Məmmədovun əlindən alınıb...

- Belə yazılara biz reaksiya vermirik. Bu məsələlər hüquq çərçivəsində həll olunur. "Lans"ın səhm paketinin 2/3-i Hafiz Məmmədova aiddir. Buna görə də, "Lans"ın sahibi Hafiz müəllimdir, bu klub da Azərbaycana məxsusdur.

 

Famiq Hüseynov:

 

- İngiltərədə alınmış "Şeffild Venzdi" klubunun aqibəti necə oldu?

- O məsələ artıq qapanıb. "Şeffild Venzdi" klubu ilə heç bir bağlılığımız qalmayıb. Məsələlər yekunlaşdırılıb.

 

Rasif Hüseynov:

 

- "Bakı" Nurlan Novruzov və Rəhman Hacıyevi niyə başqa kluba buraxmır?

- Hər iki futbolçu 2008-ci ildən "Bakı"dadır. Bunların futbolçu olmaları üçün "Bakı" klubu müstəsna xidmətlər göstərib. Akademiyada qalmaq, qidalanmaq, təhsil almaq, yaxşı məşqçilərlə təmin olunmaq və əmək haqqı almaq, hamısı ilə təmin olunublar. Biz gizlətmirik, bu gün "Bakı" klubunun maliyyə cəhətdən çətinliyi var. Əgər ailədə maddi çətinlik varsa, həmin ailə dağılmalıdır? Nurlan da, Rəhman da başa düşməlidirlər ki, "Bakı" klubu onlar üçün layiq olduqlarından 10 dəfə artığını edib. Mən onların yerində olsaydım, "Bakı"nın vəziyyətini nəzərə alıb, may ayına qədər qalıb komandaya kömək edərdim. Amma bunlar hansı yolu tutdular? Onların hərəkəti sanki övladın öz ata-anasına ultimatumla danışması kimidir. Səni kənddən bura gətirəndə, səni heç kim tanımayanda niyə belə danışmırdın? Nurlan indi parladı, niyə? Çünki biz sırf onun üçün xaricdən məşqçi gətirmişik. Hər ay türkiyəli məşqçiyə 3000 manat pul veririk ki, Nurlan və digər hücumçularla məşğul olsun. Nurlanı Nurlan edən onun məşqçisidir. Amma o, məşqçisinin adını heç çəkmir. Öz ustadına kəm baxan həyatda heç bir uğur əldə edə bilməz. Axı Nurlan üçün bu əziyyətləri "Bakı" çəkib. Nurlanın 18-19 yaşında "Bakı"da qazandığı pulları görsəniz, məəttəl qalarsınız. Amma o, bütün bunların üstündən xətt çəkir. Mənim ürəyimi ağrıdan odur ki, "Bakı"nın çətin vaxtında bu adamlar kluba üz döndərirlər. Axı niyə? Əgər başqa klub Nurlana "Bakı"da qazadığından qat-qat artığını verirsə, versin. Amma növbəti Nurlanların, Rəhmanların, Aqillərin yetişməsi üçün sözsüz ki, bizə müəyyən vəsait lazımdır. Aqil Məmmədov da "Bakı"nın yetirməsidir. Niyə bu gün onunla bağlı heç bir söz-söhbət yoxdur? "Bakı"nın Aqilə böyük məbləğdə borcu var idi. Amma o dedi ki, mən qışa qədər komandama kömək edəcəm, qışda məni təmənnasız buraxın, gedim. Aqil "Bakı" naminə böyük məbləğdən imtina etdi və hazırda "Neftçi"dədir. Aqilə baxsınlar, ibrət götürsünlər. Nurlan və Rəhmana isə "Bakı"nın heç bir borcu yoxdur. Onlar aldıqlarını da danırlar. Bu futbolçuların "Bakı" rəhbərliyinə qarşı etdiyi hərəkətlər qəbuledilməzdir. Mən də sizə tam səmimi deyirəm ki, Nurlan Novruzov KİV-də rəsmi şəkildə "Bakı"dan üzr istəməsə, bizim komandanın heyətində məşqə də buraxılmayacaq. Onun etdiyi hərəkətlər yalan, şantaj və transfer vərəqəsini almaq üçün hesablanmış hərəkətdir. Nurlanın "Bakı" klubunun mühasibatlığından aldığı bütün sənədləri və pul aldığını əks etdirən videogörüntünü də təqdim etməyə hazıram. O deyir ki, mən pul almamışam. Bizdə bütün videogörüntülər var. Orda da görə bilərsiz ki, əməkhaqqı alarkən qol da çəkir. Razıdırsa, onu da dəvət edirəm və elə özünün də iştirakı ilə həmin videogörüntünü hər kəsə təqdim edə bilərəm. Maraqlıdır ki, legionerlər Ristoviç, Horvat və Jaba nümunədirlər. Jaba "Bakı"nın vəziyyətinin ağır olduğu görüb, Braziliyadan bura gəldi. Vaxtilə ona edilən yaxşılığı yaddan çıxarmadı. Amma bizim futbolçular başqa cür davranırlar. "Bakı" Rəhmandan mətbuatda yazıldığı kimi 150 min tələb etmir. Rəhman Hacıyevlə bağlı "Bakı" klubu bir fikirdədir. Gəlsin, əməkhaqqı almaq şərtilə, may ayına qədər "Bakı"ya kömək etsin. Yox əgər daha çox pul verən başqa kluba keçmək istəyirsə, "Bakı" ona hər cür şərait yaradır. Amma müəyyən məbləğ ödənilməlidir bizə. Rəhmanın aldığının 25 faizini kim ödəsə, onu ala bilər. "Bakı"nın Rəhman üçün etdiklərinin 1/4-i qaytarsın heç olmasa. İş orasındadır ki, buna da razı deyillər. "Bakı"nın düşdüyü bu vəziyyətə sabah bütün klublar düşə bilər. Hər bir futbolçu öz klubuna sadiq olmalıdır. Azərbaycanlı futbolçuların problemi ondadır ki, onları yetişdirən kluba qarşı çox laqeyd münasibət bəsləyirlər. Mən inanmıram ki, bu cür laqeyd insanlar həyatda nəsə uğur qazansınlar. Keçmişinə hörmət etməyən heç bir cəmiyyət inkişaf edə bilməz.

 

Azər Qənbərov:

 

- Nəyə görə Hafiz Məmmədov "Bakı"ya pul yatırmır, əlindəki oyunçuları qaçırdır?

- Bu sual Hafiz Məmmədova ünvanlanası sualdır, mən bir söz deyə bilmərəm. Amma baş verənlər ona da pis təsir edir. Daim ölkə çempionatında iddialı olmuş, Avroliqada "pley-off"a qədər gedib çıxan komandanın bu gün turnir cədvəlində 9-cu yer tutması hamımıza pis təsir edir. Hafiz müəllim də çalışır ki, düşdüyümüz vəziyyətdən çıxaq. İnanıram ki, bütün bu çətinliklər arxada qalacaq.

 

Orxan Şirinov:

 

- Oğlunuz da futbolçudur. Onun gələcəyini necə görürsünüz?

- Oğlum Ankara məktəbini qızıl medalla qurtarıb, yüksək balla İqtisad Universitetinə daxil olub. İngilis və fransız dillərində sərbəst danışır, hazırda ispan dilini öyrənir. O, aşağı liqalarda 3 il dalbadal bombardir olub. U-17 liqasında 22 oyunda 44 qol vurub. Hər halda, futbolla məşğul olur. Amma savadı, biliyi də var. Gələcəyinə özü qərar verəcək. Onun şəxsi işlərinə qarışmaq fikrim yoxdur.

 

Mübariz Musayev:

 

- Sizi nə vaxtsa başqa klubda görəcəyikmi?

- Heç vaxt. "Bakı" mənim birinci və sonuncu klubumdur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR