“Arzu edərdim ki, Makron üzünü Dağlıq Qarabağ münaqişəsinə çevirsin”

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron Ermənistan prezident Serj Sarkisyanı qəbul edib.

Metbuat.az-ın məlumatına görə, erməni KİV-lərinin xəbərində deyilir ki, Makron Sarkisyanla görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq vacibdir. O, qeyd edib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır: “Mən Ermənistan prezidentinə bildirdim ki, Fransa münaqişə tərəfləri arasında qərəzsiz vasitəçiliyə sadiqdir. Biz rusiyalı və amerikalı müttəfiqlərimizlə birlikdə münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüslərə hazırıq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, Makronun Sarkisyana dediyində vurğu deyildiyi kimi deyil, yəni guya Fransa ABŞ və Rusiya ilə birgə həll axtarır, bunlar deyil: “Erməni KİV-ləri bu cür yayıb. Makron Sarkisyanla kifayət qədər sərt danışıb. Amma hesab edirəm ki, Makron nəzərə almayıb ki, o, Serj Sarkisyan kimi həyasız adamla danışır və danışdıqları Sarkisyana təsir etməyəcək. Amma Makronun dedikləri çox gözəl fikirlərdir. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Dağlıq Qarabağ məsələsi dondurulmuş münaqişə deyil, indiki status-kvo qeyri-sabitdir, danışıqlar hər iki xalqın mənafeyi naminə xeyirlə nəticələnməlidir, uzun müddətli həlli tapılmalıdır, hər iki tərəf qarşılıqlı güzəştə getməlidir və konkret fəaliyyət başlamalıdır. Yəni Makronun Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı konkretlik tələb etməsi kifayət qədər cəsarətli addımdır. Bir də hesab edirəm ki, həmsədr kimi uzun müddətdən sonra Fransa prezidentinin verdiyi bəyənat yüksək cəsarətdir”.

Politoloq deyir ki, çox arzu edərdim ki, Makron İran, Səudiyyə Ərəbistanı, Yəmən problemlərinə ayırdığı vaxt qədər Dağlıq Qarabağ probleminə də vaxt ayırsın: “Çünki Fransanın üzərində İranla, Səudiyyə Ərəbistanı, Yəmənlə bağlı öhdəlik yoxdur. Amma Fransanın üzərində Avropa İttifaqının nümayəndəsi kimi Dağlıq Qarabağ problemini həll eləmək öhdəliyi var. Ona görə arzu edərdim ki, Fransa prezidenti üzünü Yaxın Şərq ölkələrindən Avropa məkanına, Dağlıq Qarabağ münaqişəsinə çevirsin və həlli ilə məşğul olsun. Serj Sarkisyan hədsiz həyasız və anlamaz adamdır. O, kütlüyü, qanmazlığı geosiyasi faktora çevirən prezidentdir. Yəni o, kütlüyü, qanmazlığı, anlamazlığı geosiyasətə gətirib. O, bununla fəxr edir. Ona görə də Makronun dedikləri təbii ki, ona təsir eləmiyəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan tərəfi bundan artıq nə edə bilər ki?” – Fəzail İbrahimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR