Dövlət qulluğu imtahanı ilə bağlı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevral 2018-ci il tarixində inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata əsasən, imtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri açıqlanıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1029 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 351 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlədən 508 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 67 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 25 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edə bilərlər.

"Mançester Yunaytet" səfərdən sərfəli nəticə qayıdır - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)