Türkiyə Superliqasının XXV turunun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, lider “Qalatasaray” öz meydanında “Konyaspor”la qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 2:1 hesabı ilə İstanbul komandasının əzmkar qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı Vilfred Mokenin 2-ci dəqiqədə vurduğu qolla “Konyaspor” açıb - 0:1. “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis 21-ci dəqiqədə rəqibin qapısına təyin olunmuş penaltidən istifadə edə bilməyib. Nəhayət, 69-cu dəqiqədə Bafetimbi Qomis baş zərbəsi ilə hesabı bərabərləşdirməyə nail olub - 1:1.
Oyunun sonlarında meydan sahibləri hesabda irəli çıxıblar. 86-cı dəqiqədə Sinan Gümüş rəqib komandanın qapısından ikinci topu keçirib – 2:1.
Bu qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub. İkinci və üçüncü pillələrdə qərarlaşan “Beşiktaş” və “Başakşehir”in 50 xalı var.
Turun maraqla gözlənilən digər oyununda “Fənərbaxça” komandası “Yeni Malatyaspor”a səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Tura martın 12-də keçiriləcək “Akhisar” – "Trabzonspor" matçı ilə yekun vurulacaq.