“Afrin mərkəzi adama Cıdır düzünü xatırladır” - Zahid Oruc

“Qəribə təsadüfdür. Rusiyada 18 mart seçkilər günündə Afrindən gələn xəbərlər göstərir ki, çoxlarının açıq-gizli cəbhələrdən dəstək verdiyi PKK,YPG və PYD terror birləşmələrini məğlub edən türk ordusu qarşısına qoyduğu məqsədə nail olaraq, şanlı ay-ulduzlu bayrağını yüksək qala divarlarına sancmağı bacardı. Əməliyyatın 58-ci günü gedirdi və yaxın sərhədlərində separatizm ocağına qarşı qərar alan Ərdoğan yanvarın 19-da hər iki cəbhədə müharibəyə girdiyinin fərqindəydi”.

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc bildirib. Millət vəkilinin sözlərinə görə, bir tərəfdən, Birləşmiş Ştatların açıq-aşkar İŞİD əleyhinə döyüşdürüb sonra vuruşan ordu halına gətirdiyi kürd yaraqlıları ilə savaşan Türkiyəni yenidən böyük bir bataqlığa çəkməliydilər. Plan bundan ibarət idi. Təxminən sovetləri batırdıqları Hindi-Quş dağlarının ətəyində olduğu kimi. İkincisi, hər bir uğursuzluq təkcə Suriyanı bölüb yağmalayan dövlətlərin qarşısında Ankaranı zəiflətmirdi, eləcə də AKP liderinin bir il sonrakı seçkilərinə öldürücü zərbə vura bilərdi. Bir rus misalında deyildiyi, Ərdoğan hansı suya ayaqlarını basdığını yaxşı başa düşürdü.

İndi Türkiyə ordusu mənsub olduğu dövlətin regional gücünə böyük töhfələr verdi. Biz məhv edilən terroçuların sayını və dağıdılan istehkamları saymaq istəmirik.Əməliyyatın ən böyük nəticəsi məhz siyasi və təhlükəsizlik baxımından misilsizdir. Elə bu gün Türkiyə prezidenti Rusiyanın yeni prezidentini qələbə münasibətilə təbrik edəndən sonra Moskvadan eyni atəşli salyutu öz ünvanına gözləyəcəkdir.Çünki Rusiya və Türkiyə hərbi müttəfiqliyi təkcə Suriyanın gələcəyi üçün deyil, bütövlükdə regional geopolitikanın əsas məhək daşına çevrilməlidir.

Bizsə, şanlı türk ordusunun qalibiyyətini həm də Azərbaycanın uğuru kimi qəbul edə bilərik. Çünki qərar verilincə onu ilk müdafiə edən bizlər olduq. Mehmetciklərin hava hücumu, artilleriya qüvvələrini çox çətin relyefdə necə uğurla hərəkət etmələri, yerli xalqın dəstəyini qazanmaq üçün həyata keçirilən humanitar missiyalar həqiqətən də hərb sənətinin unudulmaz səlnamələridir və bizlər üçün örnəkdir. Azərbaycan ordusu üçün Afrin əməliyyatı əyani dərslikdir,təkcə mənəvi fəxarət ünvanı deyil,həm də türk igidləri ilə birgə qarşıdakı zamanda hər sətri öyrəniləcək döyüş tarixidir.

Nədənsə, Afrin mərkəzi adama Cıdır düzünü xatırladır. Şəhidlərin ruhunu anmaq üçün əsgərlərin ifadə etdiyi əzəmətli raporu yaylım atəşin altında dinləmək hər kəsi qürurlandırır, güc və qüvvət verir. Azərbaycan Afrin uğurunu işğal altında olan hər bir evi, kəndi, qəsəbəsi üçün təkrarlamağı bacarmalıdır. Müasir dövrün müharibələri klassik savaşlardan çox fərqlidir.

Ona görə də Türkiyə dövlətini təbrik edərkən hər kəsin beyni və ürəyi Cıdır düzünə doğru yol almalıdır. "Bir millət, bir ordu" olana qədər... Çanaqqaladan Cıdır düzünə çatanadək!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR