ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov istefa verib.
Metbuat.az xəbər verir ki, bu barədə Vüqar Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, ATƏT DTİHB-nin Azərbaycan keçirilən prezident seçkilərilə bağlı qeyri-obyektiv mövqe sərgiləməkdə ittiham edib.
Vüqar Əhmədovun sözlərinə görə, missiya rəhbərinin müavini Stefan Kraus hesabatın hazırlanmasında fəal iştirak edib: “O, Azərbaycana mənfi münasibət bəsləyir. Stefan Kraus 2 aprel 2017-ci ildə Ermənistanda keçirilən seçkilərlə bağlı həmkarlarını təbrik edib. Sosial şəbəkədəki səhifələrində Heydər Əliyev və Heydər Əliyev Fonduna da mənfi münasibətini gizlətməyib. Hesabatlarında qeyd ediblər ki, ölkə rəsmiləri ilə görüş keçiriblər, ancaq ölkədə nə azad mətbuat, nə də azad, rəqabətli seçki mühiti var. Müşahidə missiyasının mətbuatla əlaqələrə məsul şəxsi də Azərbaycana mənfi münasibətini gizlətməyib. ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər".
Vüqar Əhmədov qeyd edib ki, bu hesabat seçkidən əvvəl hazırlanıb, ancaq seçkidən sonra elan olunub: “Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində kütləvi, ciddi qanun pozuntuları yox idi. Xırda məqamlar qeydə alınıb, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Mən bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi".
Vüqar Əhmədov bildirib ki, ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracaq. O, ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında müəyyən müsbət məqamların yer alacağına ümidvar olduğunu qeyd edib.
“Ermənistan cəmiyyəti Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar” – Tahir Kərimli