Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (169-cu say) təqdim edir.

Ağadadaşın ittihamları, boşanmaqdan həzz alan Dilarə, Əlini yaşadan Telli - HƏFTƏBECƏRÖtən həftə kimsə yazmışdı ki, teleaparıcı Kamran Həsənlinin Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsindən niyə yazmırsınız? Əksər oxuculara məlumdur ki, mən də həmin layihədə varam və əgər belə bir şey olsaydı, canlı efirdə fikrimi bildirərdim. Ən azı ona görə ki əksər azərbaycanlılar kimi, mənim də Rusiyada yaşayan xeyli qohum-əqrəbam var. Həmin açıqlamanın mahiyyətində bu dayanırdı ki, vaxtında bizi Rusiyada Müslüm Maqomayev, Rəşid Behbudov təmsil edirdisə, indi niyə Nuri Sərinləndirici, Rəqsanə və bu qəbildən olan sənətçilər təmsil etməlidir? Axı niyə ruslar, yaxud oradakı digər millətlər düşünməlidirlər ki, bizim olanımız bunlardır? Əgər bu ifadədə təhqir varsa, deyin, sabah Kamran Həsənliyə canlı efirdə iradımı bildirim. Ona görə deyirəm ki, yazının özünü oxumadan, başlığa baxıb şərh yazmaq olmaz. Ən azı bu, kənardan yaxşı görünmür.

Ötən həftənin yaddaqalan simalarından biri də xalq artisti Ağadadaş Ağayev oldu. Əvvəlcə teleaparıcı Lamiyyə Ələkbərqızıyla, ardınca da xanəndələrlə sözü çəp gəldi. Düzdür, onun "Qarabağda muğam məktəbi yoxdur və olmayıb" ifadəsiylə təbii ki, razı deyiləm. Ancaq Alim Qasımov, Arif Babayev, Teymur Mustafayev kimi sənətkarlara səslənərək, oxuya bilməyənlərə qarşı mübarizə aparmaq çağırışı tamamilə haqlıdır. Ən sadəsi ona görə ki, adları sadalanan sənətkarlar fəxri adları, mənzilləri məhz muğam sənətinə, musiqiyə görə alıblar. Kimsə Arif Babayevin 180 santimetr boyuna, Teymur əminin saçına vurduğu qara rəngə, Alim Qasımovun geydiyi gödəkçəsinə görə onlara xalq artisti fəxri adını verməyib. Əgər sənətdən qazanırsansa, sənəti müdafiə etmək də borcundur.

"Eurovision" təmsilçimiz Dilarə çox səmimi açıqlama verib: "Yaxşı ki, boşandım, indi bundan həzz alıram". Dərhal yozmayın. Bəlkə keçmiş həyat yoldaşı pis adam imiş. Amma bəlkə... Yaxud da... Nə desən olar.

Səməd Səmədov deyib ki, çalışıram cavanlardan nəsə götürüm. Afərin, Səməd müəllim! İmkan olanda abırlı cavanlardan efirdə "arvadım cavan oğlanla qaçmışdı" kimi açıqlamanı verməyin nə dərəcədə biabırçı olduğunu da öyrənin.

Flora Kərimova indi də Röyayla nəyisə bölə bilmir. Gəlin bunu da 77 yaşın ayağına yazaq. Amma hər dəfə böyük sənətkarların nəvələri yaşında müğənnilərlə nəyinsə davasını etməsi doğrudan da çox üzücüdür. Çünki illərlə oxuduqları qalır bir qıraqda, yaddaşlarda belə şeylər qalır.

Əli Mirəliyev Elza Seyidcahanın əlini öpəndən sonra Telli Borçalıya da kompliment yağdırıb. Hətta buna YAĞdırmaqdan çox, ŞORdurmaq demək olar. Deyib ki, Telli Borçalıya baxanda yaşamaq istəyir. Adam da var ki, Tellini görəndə intihara cəhd edir. Kefindən yox, sadəcə, elə-belə. Ha istəyirəm Telli xanım məni yenə də məhkəməyə versin, alınmır da. İddiası bir dəfə rədd edilib deyə, yəqin ki, ikinci dəfəyə üzü gəlmir.

Milli.Az