"Qarabağ"ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Olimpiya" (Sloveniya) ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, o, əvvəlcə 0:0 bitən matç haqda fikirlərini bildirib:

- Məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin olacaq. Biz hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Amma mərhələ adlamaq istəyirsənsə, nəticəyə oynamağı da bacarmalısan. Çətin oldu, amma hədəfimizə çatdıq.

- Qapıda çox rahat idin. Adaptasiya mərhələsini tez keçmisən?
- Adaptasiyanı tam keçdiyimi demək olmaz. Bu, təcrübədən irəli gəlir. İlk oyundan öncə Braziliyada tətildə idim. 4 məşqdən sonra isə "Olimpiya" ilə oyuna çıxdım. 1 həftə də artıq məşqlər etdim. Psixoloji cəhətdən hazıram.

- Amma bu oyunlarda "çərçivə"nə, demək olar ki, zərbə endirilmədi...
- Sizinlə razıyam. Bu tip oyunlar çox çətin olur, baxmayaraq ki, qapıya zərbələr gəlmir. "Çərçivə"yə zərbə vurulmur və sənin də fikrin yayına bilər. Bütün 90 dəqiqə diqqətli olmaq lazımdı. Ardıcıl zərbələr qapıçıya asan olur, öyrəşirsən.

- "Qarabağ"a adaptasiya olmaq sənin üçün çətin olmayacaq?
- Kiçik ölkələrin çempionatlarını izləməyi nədənsə çox sevirəm. Emin Mahmudovla Kamran Ağayevlə "Boavişta"da söhbət edirdik. Azərbaycan futbolu haqda söhbət etmişik. "Qarabağ"ın matçlarını Çempionlar Liqasında izləyirdim. Ağdam klubunun oyun sistemini çox bəyənirəm. Qurban Qurbanovun yaxşı taktikası var. "Qarabağ"a adaptasiya olmaq çətin olmayacaq.

- Hannes Halldorssonun "Qarabağ"da əsas qapıçı olacağı gözlənilir. Əsas heyətə düşmək çətin olmayacaq?
- Qətiyyən! Bu, məni narahat etmir. Əvvəlcə onunla müqavilə imzalanıb. Mən "Muskron"a gələndə İsrail millisinin üzvü əsas qapıçı idi, amma onu heyətdən sıxışdırdım. "Boavişta"da isə Azərbaycan millisinin qolkiperi Kamran Ağayevi sıxışdırdım və əsas qapıçı oldum. Ona görə də çətinlik olmayacaq. Bu, mənim xoşuma gələcək.

- Kamranın "Boavişta"dan ayrılmasının səbəbi nə idi?
- Bu, mənə aid olan məsələ deyil. Bununla bağlı açıqlama verə bilmərəm.

Milli.Az