“Report” “Reuters”ə istinadən xəbər verir ki, Yamayka və Hindistan köçkünləri ailəsinin 54 yaşlı qızı olan K.Harris ədalət, bərabərlik, düzgünlük uğrunda mübarizə aparmaq niyyətində olduğunu, rəsmi olaraq seçki kampaniyasına başladığını yanvarın 27-də Oklandda bəyan edəcəyini deyib.
“Gəlin bunu bir yerdə edək. Özümüz, övladlarımız, ölkəmiz üçün gəlin gələcəyimizə dəyişiklik edək”, - deyən K.Harris Hovard Universitetinin Politologiya fakültəsini, sonra Hastinqs Kollecinin Hüquq fakültəsini bitirib. Doktorluq dərəcəsini əldə etdikdən sonra dairə prokuroru köməkçisi işləyib, 2011-ci ildə Kaliforniya ştatının Baş prokuroru təyin olunub. 2016-ci ildə Kaliforniyadan Senata seçilən ilk qaradərili qadın olan Harris Prezident Donald Trampın immiqrasiya siyasətini tənqid etməklə diqqətləri çəkib.
2020-ci il üçün namizədliyini irəli sürən və yaxud bunu etmək istədiyini açıqlayanlar arasında Nyu-York ştatından senator Kirsten Gillibrand, Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard, San Antonio şəhərinin sabiq meri Xulian Kastro da var.
Hazırkı dövlət başçısı D.Tramp artıq 2020-ci ildə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək.