Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın iki cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran Pridə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.
“Report” xəbər verir ki, bunlar 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərovla İbrahim Əliyevdir. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb və 3-cü görüşdə uduzub. Ardıcıl olaraq, türkmənistanlı Məhəmməd Kossekovla özbəkistanlı Şahkərəm Əhədovu məğlub edən Səfərov 1/4 finalda ispaniyali Alberto Qaiteroya yenilib. O, bürünc medal qazanmaq üçün ilk növbədə, rusiyalı İslam Xametovu yenməlidir. Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə ispaniyalı David Qarsiyanı mübarizədən kənarlaşdırdıqdan sonra ukraynalı Boqdan Yadovla bacarmayıb. O, təsəlliverici görüşdə fransalı Matias Buşe ilə üz-üzə gələcək.
Medal görüşləri axşam saatlarında keçiriləcək.
Azərbaycanın yarışın ilk günündə qüvvəsini sınayan digər 7 cüdoçusuna gəlincə, Rövşən Əliyev (60 kq), Leyla Əliyeva (48 kq) və Buyankişiq Purevsuren (52 kq) ilk, Rəşad Yelkiyev (60 kq), Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlo Munxtsedev (57 kq) ikinci görüşdə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan Qran Pridə 12 kişi və 6 qadın idmançı ilə təmsil olunur. Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.