Dağlıq Qarabağdakı erməni işğalçı rejimi mayın 3-də "parlament seçkisi" adlı şou keçirməyə hazırlaşır.
Bu aksiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin gedişinə mənfi təsir göstərəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin separatçıların ölkənin suveren ərazilərində "parlament seçkisi" keçirmək kimi antikonstitusion cəhdinə reaksiyası belə olub. "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu cür qondarma seçki keçirməsi siyasi təxribatdır. Ermənistan bu qanunsuz "seçki" ilə dünya ictimaiyyətini çaşdırmaq siyasəti yürüdür. Bundan başqa, Ermənistanın siyasi rejiminin mahiyyətini nəzərə alsaq, bu "seçki" kütləvi saxtakarlıqla keçiriləcək. Bu, Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə tamamilə zidd olmaqla yanaşı, danışıqlar prosesinin pozulmasına yönəlmiş addımdır", - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Diplomatın sözlərinə görə, xarici dövlətlərin bəyanatlarında da bu "seçki"nin qanunsuz olduğu bir daha vurğulanır.
"Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta parlament seçkilərini tanımır". Bu barədə Avropa Birliyinin də bəyanatında deyilir.
Sənəddə daha sonra vurğulanır ki, bu "seçki"lərin "nəticə"ləri Dağlıq Qarabağın gələcək statusu və ya münaqişənin nizamlanmasına yönəlmiş danışıqlar prosesinə heç bir halda təsir edə bilməz.
"Avropa Birliyi ATƏT-in Minsk Qrupunu və onun həmsədrlərinin genişmiqyaslı sülh danışıqlarına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyir. Avropa Birliyi münaqişənin ən yaxın müddətdə dinc yolla nizamlanmasına yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır", - bəyanatda deyilir.
Yerevandakı rejimlə bahəm, qarabağlı ermənilər özlərini olduqlarındaqn ciddi və "önəmli" göstərməyə çalışaraq, həmişəki kimi yalanlarına əvvəlcə özləri inanır, sonra da başqalarını inandırmağa çalışırlar.
Məsələn, Ermənistan mediası bildirir ki, Dağlıq Qarabağda 5 il əvvəl keçirilmiş "seçkilər"i 15 ölkədən 120 beynəlxalq müşahidəçi izləyibmiş.
Di gəl, ermənilər "qəfil amneziya"ya tutularaq xatırlamırlar ki, həmin 120 "beynəlxalq müşahidəçi"nin istisnasız olaraq hamısı havayı səyahət, pulsuz gəzinti və ziyafət aşiqləri, habelə pul hərisləri idi.
Eyni uğurla qarabağlı ermənilər skaydayvinq yarışı keçirərək həmin adamları "müşahidəçi" statusu ilə dəvət edərdilər və o kəslərdən də kimsə boyun qaçırmazdı.
Axı onlara nə fərq edər: "seçki" adlı şou olsun, yaxud qarabağlı ermənilərin "qədim tarixi kök"ləri ilə Yamayka musiqisi arasındakı əlaqəyə həsr olunmuş seminar, yaxud Xankəndidəki qarğaların əslində Qalapaqos dolaşaların ulu əcdadlarının təsdiqlənəcəyi konqres - təki pul versinlər.
Bundan başqa, "şou"ya yeni müşahidəçilər də qatıla bilərlər.
Amma bu tamahkar zavallılar unutmasınlar ki, ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan yollananların siyahısını genişləndirmək üçün oraya öz Ermənistanları ilə yanaşı, Dağlıq Qarabağdakı kimi Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərinin "nümayəndələri"ni əlavə etsələr belə, bütün "müşahidəçi"lər rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə ayaq basdıqları üçün onlar Azərbaycan XİN-in "qara siyahı"sına düşməklə yanaşı, bu adamlara qarşı cinayət işi qaldırılacaq.
Dağlıq Qarabağdakı "seçki" şousu Gürcüstanla yanaşı, Moldovanın hakimiyyət dairələrini də bu dəfə ciddi düşündürməlidir. Axı onların "dost" ölkə hesab etdikləri Ermənistan mediası Dnestryanı bölgəni, Abxaziya və Cənubi Osetiyanı "müstəqil ölkə" sayır, həmin məkandan "müşahidəçi"lər Xankəndiyə yollanırlar.
Orxan Hun
Milli.Az