Bu ilin yanvar-sentyabr ayları ərzində 259 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 % çoxdur.
Metbuat.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bu göstəricinin 63 315-i (24,4 %) ilkin,196 483-ü (75,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2 %-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32 327 olub.