Medianın sülh quruculuğu prosesində iştirakına mane olan amillər mövcuddur

Münaqişə tərəfi olmuş icmaların sülhə hazırlanması üçün istifadə edilməsi tövsiyyə olunan alətlərdən biri kimi medianın fəaliyyəti üzərində dayanılır. Amma nəzriyyəçilər onu da qeyd edirlər ki, KİV subyektlərinin və ya jurnalistlərin sülhyaratma prosesinə cəlb edilməsi yönündə problemlər də mövcuddur.

Beynəlxalq statuslu Free Press Unlimited təşkilatının hazırladığı “Sülh quruculuğu və media” adlı hesabatda, həmçinin, “Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və münaqişə hesabatı”nda jurnalistlərin sülh quruculuğu prosesinə cəlb edilmələrinə neqativ təsir göstərən amillərin təsnifatı verilir. Qeyd edilir ki, jurnalistlər özləri də münaqişədə tərəf olmuş icmalardan birinin üzvüdürlər. Bu, onların emosional halını formalaşdırır. Nəticədə jurnalistlərin sülh quruculuğu prosesində obyektiv, qərəzsiz, peşəkar iştiraklarını əngəlləyir: “Problemi aradan qaldırmaq üçün sülh quruculuğu prosesinə cəlb edilmiş KİV və jurnalistlər mövzu üzrə təlimatlandırılmalıdırlar. Düzgün istiqamətdə çalışmaq bacarığına sahib olmalıdırlar. Mövzu üzrə material hazırlamaq üçün vərdişləri formalaşmalıdır”.

Təhlillər göstərir ki, ölkədəki mühit, icmaların emosional durumu sülh quruculuğu prosesinə cəlb edilmiş KİV və jurnalistlər üçün mühüm təsirə malik olan amildir. Hazırda Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərdən biri də bu amillə bağlıdır. Ermənistanın nə siyasi qruplarının bəyanatlarında, nə vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında, nə də mediasının fəaliyyətində sülhə yönəlik davranış görünmür. İki ölkə arasında müharibənin 2020-ci ildə bitməsinə rəğmən, Ermənistanın mediası öz cəmiyyətlərində sülhə meyl yaradılması üçün çalışmır. Əksinə, Ermənistan cəmiyyətində qisasçılıq hissinin artırılmasında rol alan, sülhyaratma prosesində maneəyə çevrilən siyasi mərkəzlərin tribunasına çevrilir.

Əgər rəqib ölkənin KİV subyektləri, jurnalistləri sülh quruculuğuna deyil, sülh danışıqlarının pozulmasına, qisasçılıq ruhunun artmasına xidmət edirlərsə, onda Azərbaycan jurnalistləri necə davranmalıdırlar?

Mövzu üzrə suallarımızı “Xalq qəzeti”nin baş redaktoru, əməkdar jurnalist, media mütəxəssisi Əflatun Amaşov cavablandırıb.

Sual: Üç ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında müharibə bitib. Tərəflər rəsmi qaydada sülh danışıqları aparırlar. Amma Ermənistan mediasında paylaşılan materialları təhlil edərkən, erməni cəmiyyətinin sülhə hazırlandığı müşahidə olunmur. Sizcə, belə təzadlı görüntü normaldırmı?

Cavab: Problemin kökü Ermənistanın hərbi-siyasi rəhbərliyinin, erməni diaspor və lobbi qruplarının fəaliyyətinə bağlıdır. Baş nazir Nikol Paşinyan Azərbaycanın sülh çağırışlarına cavab olaraq bəyan edir ki,onun ölkəsi Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışır. Baş nazir bu cür bəyanatları ən yüksək tribunalardan elan edir. Məsələn, 18 fevral 2023-cü ildə Münhen Təhlükəsizlik Konfarnsı çərçivəsində keçirilən debat zamanı, bütün dünya ictimaiyyətinin gözü qarşısında “Ermənistanın sülh istədiyini” iddia etdi. Yaxud, 2 avqust 2023-cü il tarixdə “Euronews” televiziyasında yayımlanan müsahibəsi zamanı da eyni iddianı təkrarladı. Amma real addımlarında bunun əksini edir. İki ölkə arasında sülhün bağlanılması üçün gərəkən gerçək addımları atmır. Yüksək tribunalarda verdiyi sülh bəyanatlarını özünün real addımları ilə təsdiqləmir. Bu, təkcə baş nazir Nikol Paşinyanın deyil, ümumilikdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin, erməni diaspor və lobbi qruplarının fəaliyyətinə müşahidə edilən amildir. O cümlədən, Ermənistanın media ictimaiyyətinin fəaliyyətində də özünü göstərir. Məsələn, iyulun 21-23-də Şuşa Qlobal Media Forumu keçirilən zaman Ermənistan mediası bunu gələcək əməkdaşlıq üçün yaxşı fürsət kimi dəyərləndirmək əvəzinə, heç bir zərurət olmadan Foruma qarşı kəskin əks reaksiya göstərdi. İyulun 22-də Ermənistanın 11 jurnalist təşkilatı Şuşa Qlobal Media Forumun iştirakçılarına müraciət edərək, onları təhdid etdilər. Qonaqların Forumu tərk etmələri üçün cəhdlər göstərdilər. Bununla da sübut etdilər ki, iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil. Sülhə çağırış jurnalistikanın fəlsəfəsindən irəli gələn əsas məqamlardandır. Jurnalist sülhün, humanizmin, demokratiyanın, tərəqqinin, qəsbkarlığa qarşı hərəkatın müdafiəsi qismində çıxış etməlidir. Ermənistan mediası isə hərbi-siyasi çevrələrin tribunasına çevrilib.

Sual: Necə bilirsiz, Azərbaycan mediası da onlara öz dilləri ilə cavab verməlidirmi?

Cavab: Azərbaycan mediası peşəkardır. Öz fəaliyyətində həm beynəlxalq normaları, həm də etik standartları qoruyur. Təməl prinsiplərdən çıxış edərək, sülhə çağırış edir. Nümunə olaraq Ermənistanın 11 jurnalist təşkilatının iyulun 22-də Şuşa Qlobal Media Forumuna qarşı verdikləri bəyanata Azərbaycan mediasının reaksiyasını göstərə bilərik. Azərbaycan mediası Ermənistan tərəfinin həmin bədnam hərəkətinə təmkinlə, peşə prinsiplərindən çıxış edərək reaksiya göstərdi. Azərbaycan Mətbuat Şurası sadəcə müraciət yayaraq, Ermənistan mediasını peşə həmrəyliyinə çağırdı. Sülh pozuculuğuna deyil, sülh quruculuğuna yönəlik addımlar atmağı tövsiyyə etdi.

Amma onu da vurğulamaq lazımdır ki, Azərbaycan mediası peşəkar olduğu kimi, həm də milli təəssübkeşdir. Əgər qarşı tərəf media prinsiplərini pozaraq Azərbaycana qarşı siyasi basqı kampaniyasında iştirakını davam etdirəcəksə, onda layiqli cavabını da almış olacaq.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI