İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə texnologiya və innovasiya sahəsində təsdiqlənmiş yeni dəyişikliklərə və əlavələrə həsr olunan media brifinqi keçirilib.
Metbuat.az xəbər verir ki, 29 oktyabr tarixində baş tutan brifinqin əsas məqsədi qanunvericiliyə əlavə edilən yeniliklər, onların tətbiqi mexanizmləri, sahibkarlıq subyektləri üçün tətbiq edilən güzəştlər və ölkənin texnoloji sahibkarlıq ekosisteminin inkişafı üçün yaradılan imkanlar barədə media nümayəndələrini məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yeni güzəştlərin ölkədə texnoloji sahibkarlığın inkişafı istiqamətində əlverişli hüquqi və iqtisadi mühitin formalaşdırılmasına, texnopark rezidentləri üçün təşviq mexanizmlərinin genişləndirilməsinə imkan yaradacağını vurğulayıb.
Brifinqdə qeyd olunub ki, 2027-ci il yanvarın 1-dən müəyyən edilmiş meyarlara cavab verən yeni texnopark rezidentləri üçün gəlir, mənfəət, dividend, əmlak və torpaq vergiləri üzrə güzəştlərin müddəti 20 ilə çatdırılır. İşçilərin əmək gəlirlərinə 20 il müddətində 0 faiz gəlir vergisi dərəcəsinin tətbiqi, sosial sığorta üzrə mövcud seçim imkanının uzadılması, vençur kapitalı və kraudfandinq investisiyaları üçün 10 illik vergi güzəştləri nəzərdə tutulur.
Eyni zamanda edilən dəyişikliklərlə frilanserlərin və rəqəmsal səyyahların texnopark rezidenti kimi fəaliyyət göstərməsi üçün hüquqi imkan yaradılır. Rezidentlik üçün fəaliyyət istiqamətləri proqram təminatı və sistem inteqrasiyası ilə yanaşı, süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud texnologiyaları, oyun texnologiyaları və digər yüksək texnologiya sahələrini əhatə edir. Bildirilib ki, yeni hüquqi tənzimləmələrlə “rəqəmsal səyyah” anlayışı müəyyən edilir, bu kateqoriyaya aid şəxslər üçün işgüzar səfər vizasının verilməsi, eləcə də müəyyən edilmiş şərtlər əsasında müvəqqəti və daimi yaşamaq icazələrinin alınması imkanları nəzərdə tutulur.
Bununla yanaşı innovativ məhsulların dövlət satınalmalarında iştirakının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi və sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə də toxunulub.
Sonda Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov media nümayəndələrinin yeni hüquqi tənzimləmələrin ölkənin İKT sahəsinə və innovasiya ekosisteminə gözlənilən təsiri, güzəştlərin tətbiqi qaydaları və yeni tələblərə uyğunlaşma prosesi ilə bağlı suallarını cavablandırıblar.