Türkiyənin “Fənərbağça” klubunda baş məşqçi axtarışları davam edərkən, namizədlər arasında adı hallanan Emre Belözoğlundan açıqlama gəlib. Hazırda “Kasımpaşa”nı çalışdıran mütəxəssis İstanbul təmsilçisinin sükanı arxasına keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Belözoğlu “Fənərbağça” ilə bağlı sualı cavablandırarkən hazırda bütün diqqətini çalışdırdığı komandanın Türkiyə Kubokundakı qarşılaşmasına yönəltdiyini deyib. O, gələcəyi ilə bağlı indidən fikir bildirməyin doğru olmadığını vurğulayıb.

“Türkiyə Kubokunda oyunumuz var. Hazırda tamamilə bu qarşılaşmaya köklənmişəm. Bu gündən nəsə demək doğru olmaz”, - deyə Belözoğlu “Play Spor”a açıqlamasında bildirib.

Qeyd edək ki, “Fənərbağça”da İsmail Kartalla yolların ayrılmasından sonra yeni baş məşqçi ilə bağlı müxtəlif adlar gündəmə gəlib. Daha əvvəl İstanbul klubunda futbolçu kimi çıxış edən və məşqçi vəzifəsində də çalışan Emre Belözoğlu namizədlər sırasında göstərilir.