"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən noyabrın 7–10-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Metbuat.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili və artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.
"7, 8, 9 və 10 noyabr tarixlərində Bakı və Qəbələdən reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. 7–10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmin tarixlərdə qatar Bakı Dəmiryol Vağzalından saat 09:20, Ağstafa stansiyasından isə 17:15-də yola düşəcək", - məlumatda qeyd olunub.
Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar isə qarşıdakı qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Məlumata görə, bundan əlavə, noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə marşrutu ilə reyslər təyin edilib. Qatar Gəncədən saat 07:15, Mingəçevirdən isə 08:40-da yola düşəcək.
Noyabrın 7–10-da isə Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.