Braziliyada portağal şirəsi ehtiyatı son illərin ən yüksək səviyyəsinə çatıb. Anbarlarda toplanan məhsulun həcmi bir il ərzində 161,9 faiz artaraq 383 min 200 tona yüksəlib. Ehtiyatların böyüklüyünü təsvir etmək üçün maraqlı müqayisə də aparılıb: bu həcmdə portağal şirəsi Vatikanın ərazisi ilə müqayisə ediləcək qədər böyükdür.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, CitrusBR təşkilatının açıqladığı məlumatlara görə, 30 iyun 2026-cı il tarixinə Braziliyada portağal şirəsi ehtiyatları 2020-ci ildən bəri iyun ayları üzrə ən yüksək göstəriciyə çatıb.
Ehtiyatların kəskin artmasına portağal yığımının bərpası və emal sənayesində istehsalın yüksəlməsi səbəb olub. 2025/2026 mövsümündə San-Paulu və Minas-Jerays ştatlarında ümumilikdə 292,94 milyon yeşik portağal yığılıb. Bu, əvvəlki mövsümlə müqayisədə 26,9 faiz çoxdur.
Emal müəssisələrində qəbul edilən portağalın miqdarı isə 36 faiz artaraq təxminən 264,9 milyon yeşiyə çatıb. Nəticədə portağal şirəsi istehsalı da 34 faiz yüksələrək 942 min 100 ton olub.
Lakin istehsalın artmasına baxmayaraq, beynəlxalq bazarda tələbatın zəifləməsi məhsulun böyük hissəsinin anbarlarda qalmasına səbəb olub.
Maraqlıdır ki, portağal şirəsinin dünya bazarındakı qiyməti də xeyli ucuzlaşıb. 2024-cü ilin dekabrında qeydə alınan ən yüksək qiymətlə müqayisədə məhsulun dəyəri 70 faizdən çox azalıb. Bununla belə, emal, qablaşdırma, daşınma və satış xərcləri ucuzlaşmanın mağaza qiymətlərində eyni səviyyədə hiss olunmasına imkan verməyib. Nəticədə istehlakçı tələbatı gözlənilən qədər artmayıb və ehtiyatlar yüksək olaraq qalıb.
Digər tərəfdən, Braziliyada növbəti mövsümdə portağal istehsalının azalacağı proqnozlaşdırılır. Fundecitrus təşkilatının hesablamalarına görə, 2026/2027 mövsümündə məhsul yığımının 263,15 milyon yeşik olacağı gözlənilir. Bu isə əvvəlki mövsümlə müqayisədə təxminən 10 faiz azalma deməkdir.
Mütəxəssislər məhsuldarlığın azalmasına təsir edən amillər arasında meyvələrin vaxtından əvvəl tökülməsini də göstərirlər.